AZ EN RU

20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib

    “20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
    Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər. Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə də erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. 
    İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin əzmkar siyasi mübarizəsi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması üçün bütün imkanlardan istifadə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
    Şagirdlərə bildirilib ki, bu tarix torpaqlarımızın bütövlüyü uğrunda gedən Vətən müharibəsi bundan sonrakı nəsillərə əsl qəhrəmanlıq ərməğanı, həmrəylik, birlik nümunəsidir. 20 Yanvar faciəsi, torpaqlarımızın işğal tarixləri 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi ilə əvəz olundu. Bir daha sübut etdik ki, xalqımızın birliyini, mübarizə əzmini heç bir qüvvə qıra bilməz. Xalqımız milli tarixinin ən möhtəşəm səhifəsini yaşadı. Bu müharibə igidlərimizin nəyə qadir olduğunu bir daha üzə çıxardı. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. 
    Dərs zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzey haqqında da şagirdlərə ətraflı məlumat verilib.
    Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

***

    AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” adlı elmi konfrans olub. Əvvəlcə  20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

    Tədbiri AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli giriş sözü ilə açaraq bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımılarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, eləcə də  milli oyanış və özünüdərk əsri kimi də daxil olub. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
    Çıxışda 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından ətraflı bəhs edilib. Vurğulanıb ki, Ulu Öndər bu faciəni tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəldib, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirib.
    Sonra  bölmənin əməkdaşları Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, institutun şöbə müdiri, dosent Toğrul Xəlilovun, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Orucovanın çıxışları olub. Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə keçmiş sovet ordusunun insanlığa sığmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıblar. 

***

    Naxçıvan Dövlət Universitetində keçirilən “Xalqımızın qan yaddaşı – 20 Yanvar” adlı tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Ali təhsil müəssisəsinin rektoru, dosent Elbrus İsayev çıxış edərək vurğulayıb ki, 20 Yanvar günü xalqımızın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli bir səhifəsidir. Qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan rektor bildirib ki, xalqımız həmin tarixi  həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. 20 Yanvar hadisələrinin təhlili onu göstərdi ki, məkrli qüvvələrin Azərbaycan xalqının əzmini qırmağa yönəlmiş soyqırımı faktları xalqımızın əzmini, mübarizliyini daha da möhkəmləndirdi. 
    Diqqətə çatdırılıb ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə, ordu-xalq birliyi, xalqımızın mübarizliyini, əzmliliyini bir daha sübut etdi.
    Sonra “Xatirəniz, ruhunuz həmişə anılacaq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Təsviri incəsənət kafedrasının hazırladığı 20 Yanvar faciəsinə həsr edilmiş kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

***

    “Naxçıvan” Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə keçirilən elmi konfrans Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Universitetin rektoru, dosent Nurlana Əliyeva Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 
    Rektor bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, hazırda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 
    Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizə tarixinə nəzər salınıb, şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağı bildirilib.    
    Konfrans bədii hissə ilə yekunlaşıb.

***

    Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Həftə çərçivəsində tələbələrin rəsm əsərlərindən və mövzu ilə bağlı nəşrlərdən ibarət kitab sərgiləri, “Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda  dəyirmi masa, “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı layihə çərçivəsində  magistraturada təhsil alan birinci kurs tələbələrinin iştirakı ilə xüsusi dərs, bakalavr və xarici tələbələrin Naxçıvan şəhərindəki Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi Xatirə muzeyinə və Şəhidlər xiyabanına ekskursiyalar, institutun professor-müəllim heyətinin və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə konfrans təşkil olunub. Tədbirlərə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Çıxışlarda xalqımızın milli şərəf və ləyaqət tarixi olan 20 Yanvar hadisələrindən bəhs olunmaqla yanaşı, vurğulanıb ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi 8 noyabr tarixdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
    Qeyd olunub ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin rəmzidir, gənc­lərimiz tarixi həqiqətləri bilməli, eyni zamanda onun gələcək nəsillərə ötürülməsində maraqlı olmalıdır. Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən videoçarx nümayiş olunub, Vətən uğrunda canlarından keçmiş şəhidlər hörmət və ehtiramla anılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.01.2023 22:32