AZ EN RU

“20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs keçilib

    20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
    İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
    Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.

    Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması üçün bütün imkanlardan istifadə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
    Sonra Vətən müharibəsində qazandığımız böyük qələbə haqqında şagirdlərə məlumat verilərək bildirilib ki, xalqımız 20 Yanvar faciəsini, torpaqlarımızın işğal tarixlərini 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi ilə əvəz edib. Bu Tarixi Zəfər təsdiq etdi ki, xalqımızın birliyini, mübarizə əzmini heç bir qüvvə qıra bilməz. Xalqımız milli tarixin ən möhtəşəm səhifəsini yaşadı. Bu müharibə igidlərimizin nəyə qadir olduğunu bir daha sübut etdi. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan səbirli və qəhrəman xalqdır. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. 
    Muzeydəki eksponatlar barədə şagirdlərə bildirilib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
    Qeyd edək ki, interaktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilib. Həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 19.01.2022 20:42