AZ EN RU

20 Oktyabr- Zəngilan şəhəri günü

Babək Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Zəngilan şəhəri günü qeyd edilib. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək qeyd etmişdir ki, 1920-cı ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyanın təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid  və itkin vermişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa növbəti müraciət zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir.

Zəngilan şəhəri işğaldan azad edildikdən sonra Möhtərəm Prezidentimiz İlham Əliyev həmin ərazilərə səfər etmiş, səfəri zamanı şəhərin yenidən abadlaşması, orada yaşayan sakinlər üçün hər bir şəraitin yaradılması məqsədilə tikinti-quruculuq işlərinin aparılması üçün tapşırıqlar  vermişdir.   

Daha sonra mövzu ətrafında Təhsil Şöbəsinin əməkdaşı Vahid Fərzəliyev, Zeynəddin kənd tam orta məktəbinin direktoru Raifə Əsgərova və Zeynəddin kənd tam orta  məktəbinin müəllimi Nərgiz Qənbərli çıxış etmişdir.

Sonda şagirdlərin ifasında bədii qiraət və musiqi təqdim edilmiş və film nümayişi olunmuşdur.

Nəşr edilib : 23.10.2023 17:18