AZ EN RU

20 illik andın icrası

Azərbaycan Prezidenti bunu dünyada bacaran yeganə liderdir

    Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Bu mövzuya toxunmaq istəmirəm. Amma toxunmaq istədiyim odur ki, qlobal güclər ötən 30 il ərzində bu münaqişənin həll olunması üçün nəinki cəhd etdilər, əksinə, problemi “Qordi düyünü”nə çevirmək üçün əllərindən gələn hər şeyi etməyə çalışdılar. Amma bir şeyi nəzərə almadılar, daha doğrusu, hesablaya bilmədilər – Azərbaycan Prezidentinin qətiyyətini, verdiyi sözün məsuliyyətini!

    Prezident 20 il bundan əvvəl andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Ərazi bütövlüyümüz             3 il bundan öncə, 44 günlük Vətən müharibəsində öz həllini tapdı. Amma azad edilmiş torpaqlarımızdan erməni separatizmi təmizlənmədiyi üçün suverenliyimizin bərpası başa çatmamışdı. Sentyabr ayında isə 24 saatlıq mükəmməl əməliyyatla suverenliyimiz bərpa olundu. Məhz böyük vədin 20-ci ildönümü günündə – oktyabrın 15-də Prezident Xankəndidə (Xocalıda, Ağdərədə, Xocavənddə, Sərsəngdə) Azərbaycan Bayrağını ucaldaraq öz andına əməl etdi! Bununla da müstəqilliyinin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi üzərində hüquqlarını bərpa etdi! 15 oktyabr Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə keçdi və bu bizim Qələbəmizdir! Əbədi Qələbəmiz!
    Prezident həmin gün Xankəndidə çıxış da etdi. Vətən müharibəsində, eləcə də antiterror əməliyyatı zamanı şəhid olmuş qəhrəmanlarımızı yad etdi. Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının bəzi səbəbləri, vaxtilə Azərbaycanı hədələyən, indi isə Prezidentin öz sözləri ilə desək, “təcridxanada çay içənlər”i layiqincə ifşa edərək bu təlxəklərin və onların havadarlarının layiqli cavabını verdi. Diqqətçəkən mühüm məsələlərdən biri də 2020-ci ilin noyabr ayında Şuşanın azad edilməsindən sonra ordumuzun Xankəndiyə niyə girmədiyinin səbəblərini açıqlayaraq bir daha bütün dünyaya hərb və diplomatiyanın əxlaq normalarını izah etdi. Bundan əlavə, ötən ay separatçılara qarşı aparılmış lokal antiterror əməliyyatlarından da bəhs edərək bir daha humanitar dəyərlərin Azərbaycan dövləti üçün ən ali dəyərlərdən biri olduğunu sübut etdi. Paralel olaraq da münaqişənin əbədi olaraq davamı üçün səylə canfəşanlıq edən Fransa kimi ölkələrin dövlət siyasətinin işğalçılıq və kolonializm üzərində qurulduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 
    Yerli və dünya mediasında maraqla izlənilən kadrlardan biri də Prezidentin Xankəndidə separatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirməsi idi. Vaxtilə Azərbaycana qarşı həyata keçirilən xain planların, Gəncəyə, Bərdəyə, Mingəçevirə və digər mülki yaşayış məntəqələrinə hücumların hazırlandığı bu “sarayda” dövlət başçısının masa üzərinə qoyulmuş “böyük Ermənistan xəritəsi”nə reaksiyası da özünəməxsus oldu: “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”. Xəritədə çox aydın şəkildə Azərbaycanın Xəzər dənizinədək uzanan qərb və cənub əraziləri, Gürcüstanın, bütövlükdə, cənub əraziləri, Türkiyənin şərq əraziləri, İraqın Kürd Muxtariyyətinə məxsus şimal əraziləri, Suriyanın şimal-şərq əraziləri və İranın şimal-qərb ərazilərinin əks edildiyini görmək mümkün idi. Bu bizim üçün yeni bir məlumat deyildi və dövlət başçısı da bu reaksiyası ilə bir daha onu bildirdi ki, Ermənistanın işğal planı təkcə Azərbaycan torpaqları ilə yekunlaşmırdı. İran, İraq, Türkiyə, Suriya, Gürcüstan əraziləri də İrəvanın işğal etmək istədiyi və qarşıda böyük məqsəd kimi planladığı hədəflərdən idi. Amma Azərbaycan bütün bu mənfur planların üstündən qalın xətt çəkərək onu tarixin zibilliyinə göndərdi.
    Bəli, Azərbaycan tarixi günlər yaşayır, tarixi proseslərə müəlliflik edir. Son günlərdə baş verən hadisələrin qürurunu yaşamaq, həqiqətən, ayrı bir hissdir. Bunun adı milli fəxarət hissidir. Bu hissləri yaşamaq dünyada çox az millətlərə nəsib olur. Çünki bunun üçün bu qədər çətin və mürəkkəb proseslərdən keçməli, öz liderinin ətrafında sıx birləşib bir hədəf uğrunda mübarizə aparmalı və qalib gəlməlisən. Mübaliğəyə varmadan tam səmimi deyirəm ki, Azərbaycan Prezidenti mövcud şərtlər əhatəsində dünyada buna nail olan yeganə Liderdir! 
    Son günlərdə baş verənlərlə bağlı bir çox misallar gətirə bilərəm. Ancaq onlardan yalnız birini sizə təqdim edirəm.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov: “İlham Əliyev onillər boyu Stepanaketr adlandırılan Qarabağın əsas şəhəri olan Xankəndidə Azərbaycan bayrağını qaldırdı. Azərbaycan prezidenti seçilməsinin 20-ci ildönümü günü. İlham Əliyevin necə fəxr etdiyini təsəvvür edirsinizmi? Təsəvvür edirsinizmi, Azərbaycan xalqı necə fəxr edir? Təsəvvür edirsinizmi, bütün dünya liderləri İlham Əliyevə necə paxıllıq edirlər? Və onlar təxmin etməyə çalışırlar ki, İlham Əliyevin uğurunun sirri nədədir?”

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 17.10.2023 10:32