AZ EN RU

20 ilin zirvəsi - Qələbə xəbəri

Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

     “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” demişdi Ulu Öndər çıxışların birində. Oğluna – gələcəyin liderinə dünyanın heç bir var-dövləti ilə müqayisə edilə bilməyəcək bir xəzinə və ağır bir yük miras qoymuşdu dünyadan köçəndə. Bu miras əvəzolunmaz bir xəzinə idi. Onu qoruyub yaşatmaq isə böyük bir məsuliyyət, güc, əzm, iradə tələb edirdi. Ölkə başçısı həm dünyaya öz siyasi gücü ilə meydan oxuyan bir liderin siyasət meydanındakı ad-sanını, həm də yox olmaq təhlükəsindən xilas edib ayağa qaldırdığı bir dövləti – Azərbaycanı qorumalı, yaşatmalı və Qarabağ kimi ağır bir problemi həll etməli idi. “Yolu doğru olanın yükü ağır olar”, – deyiblər. Bu yükün yolu doğru olduğu kimi, uzun, çətin, keşməkeşli də oldu. Xalq öz dahi oğlunun davamçısına 2003-cü ildə ilk dəfə etimad göstərəndə Onun cəmi 42 yaşı var idi. Aradan keçən illər ərzində xalq bir daha şahid oldu seçiminin düzgünlüyünə. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən xalqın etimadını qazandı.

Arzuları çin edən Lider

Azərbaycan vətəndaşı olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikasında dahi rəhbər Heydər Əliyevə, 2003-cü ildə isə İlham Əliyevə səsvermə hüququmdan istifadə edib səs vermişdim. Sonra isə 2008-ci ildə Ağcabədi şəhərində, 2013-cü ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində. 2018-ci ildə isə Prezident seçkilərində həm də jurnalist kimi iştirak edib, xalqın sevincini yaddaşa köçürmək şərəfinə nail oldum. 2008-ci ildə və 2013-cü ildə keçirilən seçkilərdə hərbçi yoldaşı olduğum üçün müvəqqəti yaşayış yerlərində səsvermə hüququmdan istifadə etmişdim. Bu seçkilərdə mənimlə bərabər Xocalı, Şuşa, Ağdam, Laçın sakinləri də vardı. Onlar böyük ümidlə öz seçimlərini edir, inanırdılar ki, etimad göstərdikləri lider onları öz yurdlarına qaytaracaq. 2018-ci ildəki prezident seçkilərində Goranboy rayonunda yaşayan, Kəlbəcərdən məcburi köçkün olan yaxın qonşum İsmayıl babanın “Yenə seçimim Heydər Əliyevin layiqli davamçısı oldu, inanıram ki, ömrümün son günlərini Kəlbəcərdə keçirəcəyəm. Heç olmasa, Ömər aşırımından bir dəfə keçib, o gözəl bulaqların suyundan ölmədən öncə bir qurtum içəcəyəm” sözləri, Kəlbəcər azad olunanda isə sevinclə mənə zəng vurub “o Müzəffər Sərkərdə oldu, mən isə öz arzuma çatdım” deməsi bir qocanın yox, böyük bir xalqın səsi idi. 
    Onların arzuları yurdlarına bircə dəfə ayaq basıb, bir udum suyundan içib, havasını udmaq idi. İllər öz evində yaşayanlar üçün çox tez keçirdi, amma Ağdamdan məcburi köçüb rayonun işğal olunmamış Çəmənli kəndində çadırda yaşayan, hər gün Ağdamda dünyaya gəldiyi evinin tüstüsünün ərşə qalxdığını görən ağdamlı, Xocalıdan çıxanda hər ailə üzvünü bir təpədə, meşələrin qarlı-boranlı künclərində itirən xocalılı, əsir düşmüş yaxınının Şuşa həbsxanasındakı iniltisini hər gün iliklərində hiss edən laçınlı üçün günün biri bir əsrə bərabər idi. Onlar hər gün soyuq çadırlarda ümidlə yatıb, qaynar vaqonlarda ümidlə oyanırdılar. İllər beləcə keçdi. Bir çox yerlərdə yeni yaşayış kompleksləri salındı, məcburi köçkünlər oralara köçürüldü. Çadır şəhərciklərini, qışda soyuq, yayda isti olan vaqonlardakı dözülməz şəraiti Füzulidə Haramı düzündə salınan müasirtipli qəsəbələr əvəz etdi. Amma onların şəraiti yaxşılaşdırılsa da, fikirlər, xəyallar doğma yurdlarında qaldı. Cıdır düzündə ermənilər yallı gedəndə, Topxana meşəsi baltaya tuş gələndə, Cəbrayıl, Füzuli xarabaya dönəndə, Həkəri lal axanda, Ağdamın ağ günləri qaraya bürünəndə yuxuları qarışdı onların. Çox çətinlik çəkdilər, amma heç vaxt ümidlərini itirmədilər. Çadır şəhərciyində sac qurub lavaş bişirdilər, öz köhnə çadırlarının yanına təzə çadır qurub toy etdilər. İgid oğullar böyüdüb Vətənə qurban etməyə hazırladılar onları. Bu xalq öz Prezidentinə inandı və sonunda dünyaya səs salacaq bir Zəfərə imza atdı. Bir vaxtlar alnımıza yazılan məğlub xalq sözü silindi. 30 ildə qanlı-qadalı günlərdə zorla çıxarıldığımız torpaqlara zəfərlə qayıtdıq. İllərlə “bir gün qayıdıb evimizin qapısını açarıq”, – deyə sandıqda saxlanan açarlar bağlı qıfılları açdı. Hər günü min əsrə bərabər 20 ilin zirvəsinə Qələbə xəbəri taxt qurdu. 

Müzəffər Sərkərdə

Bütün dünya Azərbaycanın Ali Baş Komandanına həsəd apardı. Hətta düşmən dövlətin vətəndaşı belə İlham Əliyev kimi bir Prezident arzusunda olduğunu etiraf etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa, Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirən oğula çevrildi. Füzuli Beynəlxalq Hava Limanına enən təyyarədə səslənən “Qarabağa xoş gəlmisiniz” sözlərini eşidəndə, qələbədən keçən üç ildə Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda aparılan quruculuq işlərini, keçirilən möhtəşəm tədbirləri, öz doğma ocaqlarına birdəfəlik yerləşən ailələrin yanan çırağını, Şuşada qurulan büsatımızı, Zəngilanda dünyaya gələn körpələrimizi, Füzulidə məktəbə tələsən uşaqlarımızın sevincini, Xankəndidə addımlayan Azərbaycan əsgərinin ayaq səsindən qorxuya düşən düşməni görəndə, Zəngilanın Ağalı kəndində öz doğma evinə köçən bir sakinin cənab Prezidentə dediyi “Seçki Komissiyasına deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz əbədi seçilib” sözlərini eşidəndə bir daha əmin olduq seçimimizin düzgünlüyünə. 

    Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq gələn ilin fevralın 7-də suverenliyimiz tam bərpa olunmuş bütün ərazilərimizdə keçiriləcək seçkilərdə bütöv Azərbaycan olaraq iştirak edəcək bu xalq. Zəngilandan, Füzulidən, Laçından olan seçicilər artıq məcburi köçkün qəsəbələrində yox, öz yurdlarında bu hüquqlarından istifadə edəcəklər. Müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti olmaq şərəfini qazanan cənab İlham Əliyev, əminik ki, bütöv və suveren Azərbaycanın ilk Prezidenti ünvanını da qazanacaq.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.12.2023 18:31