AZ EN RU

20 ili əsrə bərabər edən lider

Naxçıvan bu liderliyin sayəsində yeni investisiya mərkəzinə çevriləcək

Hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi, hər şeydən əvvəl, bu missiyanı yerinə yetirən liderdən asılıdır. Əgər 30 il əvvəl məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı Heydər Əliyev liderliyi xilas edərək inkişaf yoluna çıxartmışdısa, son 20 ilin uğurları bu missiyanı layiqincə davam etdirən cənab İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə dövlət başçısı kimi fəaliyyətə başlayan cənab İlham Əliyev bu illər ərzində təkcə rəhbər yox, həm də lider olduğunu sübut etdi. Siyasi fəaliyyətində Ulu Öndərin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” prinsipini əsas tutan Azərbaycan Prezidenti “Azərbaycanın iqtisadiyyatı güclü olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır” tezisi ilə yola çıxaraq bu gün əldə etdiyimiz uğurların müəllifinə çevrildi. Ölkənin inkişafının bazar iqtisadiyyatı, özəl sektorun formalaşması, sosial islahatlar, ordu quruculuğu, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə birbaşa bağlı olduğunu zərgər dəqiqliyi ilə bilən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyini də təmin edərək 20 il ərzində ölkəmizi tamamilə fərqli bir zirvəyə gətirib çıxartdı. O zirvə ki Azərbaycan bu gün təkcə regionda deyil, dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın burada rolu, rəyi nəzərə alınmasın.
Azərbaycan Prezidentinin 2003-cü ildən ölkəyə rəhbərliyi bütün sahələrdə sürətli inkişafın mənzərəsini ortaya qoyur. Vurğulanmalıdır ki, ölkənin ümumi inkişafı, yuxarıda da deyildiyi kimi, onun iqtisadi gücündən birbaşa asılıdır. Əgər bu güc yoxdursa, o zaman heç bir inkişafdan da danışmaq mümkün deyil. Məhz Heydər Əliyev siyasi xəttinin inkişaf etdirilməsinin təməlində də, ilk növbədə, ölkənin iqtisadi müstəqilliyi dayanır. Ulu Öndər Heydər Əliyevin şah əsəri hesab edilən “Əsrin müqaviləsi” ilə başlayan bu iqtisadi dirçəliş qısa müddətdə Azərbaycanda digər sahələrin də inkişafına təkan vermiş, nəticədə, sosial-iqtisadi inkişaf təmin olunmuş, müstəqilliyimizin dayaqları möhkəmlənmişdir. Təbii sərvətlərdən qazanılan valyuta ölkədə mühüm Dövlət proqramlarının icra olunmasına, sənaye və kənd təsərrüfatının inkişafına, enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldilərək güclü iqtisadi bazanın əsası qoyulmuşdur. Bunun nəticəsidir ki, 20 illik bir dövrdə Azərbaycanda  sağlam iqtisadi inkişaf modeli formalaşmış, makroiqtisadi sabitliyə nail olunmuş, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Bu deyilənləri rəsmi statistika da sübut edir. Əgər 2003-cü ildə ölkədə  ümumi daxili məhsul 7 milyard dollar idisə, bu gün bu rəqəm 72 milyard dollara çatıb. Və yaxud həmin il valyuta ehtiyatlarımız 1,6 milyard dollar təşkil edirdisə, bu gün artıq bu ehtiyatımız 70 milyard dollara yaxınlaşıb. Ən əsası Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən    5 faizə enib. 
Təbii ki, ölkəmizin bu uğurları Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafına şərait yaradıb. Bir zamanlar ağır blokada şərtləri altında yaşayan muxtar respublika bu gün artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu mərhələnin yeni yol xəritəsidir. Proqramda 11 prioritet üzrə, o cümlədən özəl sektorun inkişafı ilə bağlı mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Həmçinin əlverişli biznes mühitinin yaradılması, hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiqi, ən əsası isə azad iqtisadi zonaların yaradılması Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələrdir. 
Artıq ötən qısa dövrdə bu istiqamətdə müəyyən addımlar atılıb. Şəffaflığın artırılması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması nəticəsində dövlət büdcəsinə vergi daxilolmalarının həcmi artıb. Buna görədir ki, 2023-cü ildə özəl sektorun büdcə gəlirlərində payı 55,7 faiz, vergi daxilolmalarında payı isə 62,4 faiz təşkil edib. Bundan əlavə, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinə 6,2 milyon manat güzəştli kredit verilib ki, bunun da 84,8 faizi sənaye, 11,7 faizi kənd təsərrüfatı, 3,5 faizi isə xidmət sektoruna yönəldilib. Görülən işlərin nəticəsidir ki, 2023-cü ildə muxtar respublika iqtisadiyyatında kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib, qeydiyyatda olan belə subyektlərin sayı 26 faiz artıb. Ümumilikdə isə ötən il Naxçıvan Muxtar Respublikasında   1 milyard 552 milyon manat dəyərində ümumi daxili məhsul, o cümlədən 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq isə kənd təsərrüfatı məhsulu istehsal olunub. 
Naxçıvan həm də ölkəmizdə böyük “yaşıl enerji” potensialına malik regiondur. Ötən dövrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə görülmüş işlər nəticəsində Naxçıvanda günəş elektrik stansiyalarının ümumi gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kilovatsaata çatdırılıb. Dövlət Proqramına uyğun olaraq bu istiqamətdə işlər davam etdirilir. Məqsəd digər “yaşıl mənbə”lərdən də alınan təmiz enerjinin ixracına nail olmaq, Naxçıvanı “yaşıl enerji” ixracında dəhlizə çevirməkdir.  
Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan azad iqtisadi zonanın,  muxtar respublika ərazisində xüsusi gömrük rejiminin yaradılması və bunun da nəticəsində ixraca logistik dəstək verilməsi əsas məqsədlərdən sayılır ki, bu da Naxçıvanı sahibkarlar üçün cəlbedici investisiya mərkəzinə çevirəcək. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 12.05.2024 12:55