AZ EN RU

“20 il - güclü Azərbaycan mediası dövlətin prioritetidir” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasında “20 il - güclü Azərbaycan mediası dövlətin prioritetidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Televiziya və Radio Şurasının sədri Rauf Əliyev bildirib ki, 2003-cü il ilin oktyabrın 15-i Azərbaycanın siyasi tarixinə yeni yüksəliş mərhələsinin başlanğıc günü kimi düşüb. Belə ki, həmin gün Ulu Öndər Heydər Əliyevin mütərəqqi ənənələrinin layiqli davamçısı cənab İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsi ilə Prezident seçilib. Keçdiyi həyat yolu, idarəetmədə qazandığı təcrübə, xarizmatik keyfiyyətləri, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun şəksiz qələbəsini təmin edib.

Vurğulanıb ki, ötən 20 ildə bütün sahələrlə yanaşı, Azərbaycan mediası da böyük inkişaf yolu keçib. Bu illər ərzində milli mətbuatımızın mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülməsi, qəzetlərə, televiziyalara birdəfəlik maliyyə yardımlarının edilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir.

“Tarixi Zəfərlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbulu milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir”, - deyən Rauf Əliyev qeyd edib ki, bu gün Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Mətbuat Şurası, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası, Naxçıvan Mətbuat Şurası kimi qurumların fəaliyyəti ölkəmizdə həyata keçirilən uğurlu media siyasətinin məntiqi davamı və nəticəsidir.

Tədbirdə çıxış edən şuranın ekspertiza, proqramlaşdırma və lisenziya sektorunun müdiri Elçin Əliyev muxtar respublikada medianın inkişafından söhbət açıb. Bildirib ki, muxtar respublikada media qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Bu gün Naxçıvan mediası özünün inkişaf dövrünü yaşayır.

Nəşr edilib : 31.10.2023 17:54