AZ EN RU

2 Fevral-Gənclər Günü ilə bağlı tədbir keçirilib

2 fevral 2024-cü il tarixdə Kəngərli rayon İcra Hakimiyyətinin və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı rayon Mədəniyyət Sarayında 2 Fevral-Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Çalxanqala kənd Uşaq Musiqi Məktəbi kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra 2 Fevral-Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə aparıcılar tərəfindən qeyd olundu ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam, milli dəyərlərimizə sadiq gənclər kimi yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdən ibarətdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən savadlı, yüksək ixtisaslı gənc kadrların yetişməsi işinə xüsusi diqqət göstərmiş, yüzlərlə azərbaycanlı gənci xaricdə təhsil almağa göndərmişdir. 
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Tədbir konsert proqramı ilə davam etdirilib

Nəşr edilib : 02.02.2024 17:44