AZ EN RU

2 avqust – Azərbaycan Kinosu Günü qeyd edilib

    Dünən Naxçıvan Dövlət Film Fondunda 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini,  nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si ölkəmizdə kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. 125 illik çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini qorumuş və yaşatmışdır.
    Azərbaycan kino tarixində dönüş mərhələsi isə 1970-ci illərdən başlanır. İncəsənətimizin hamisi olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Məhz dahi rəhbərin səyi nəticəsində 70-ci illərdən başlayaraq Bakıda ümumittifaq kinofestivallarının, televiziya filmləri festivallarının keçirilməsi ənənəsi qoyulmuşdur. Ümummilli Liderin himayədarlığı və təşəbbüsü ilə Azərbaycan tarixinə, mədəni abidələrinə, dahi şəxsiyyətlərin həyatlarına güzgü tutan “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri meydana gəlmiş, “İstintaq”, “Bir cənub şəhərində” kimi onlarla ekran əsəri Onun dönməz iradəsi nəticəsində sovet senzurasından keçməklə izləyici qarşısına çıxa bilmişdir. 
    Bildirilib ki, ölkə başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə təkan vermiş, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuş, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyi ilə bağlı Sərəncam imzalanmış və dövlət səviyyəsində qeyd olunmuşdur. 
    125 yaşlı Azərbaycan kinosu həm də mədəniyyətimizə dəyərli aktyor, rejissor, rəssam, bəstəkar heyəti qazandırmışdır. Bu gün ehtiramla xatırladığımız o insanların içərisində Naxçıvan torpağının yetişdirdiyi incəsənət xadimləri də yer alır. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüş göl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvanda aparılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondu, kino muzeyi də məhz milli kino sənətimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi məramına xidmət edir.
    Sonra Tofiq Tağızadənin “Görüş” bədii filmi nümayiş etdirilmiş, Azərbaycan kinosu ilə bağlı stendlərə və kino muzeyinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.08.2023 19:29