AZ EN RU

“1993-cü il 3 oktyabr – Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlanğıc günü ” mövzusunda tədbir keçirilib

Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini, müqəddəratını  müəyyən edən, milli birliyə, inkişafa, yüksəlişə yol açan əlamətdar günlər görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür.

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında “3 oktyabr 1993-cü il – Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlanğıc günü” mövzusunda keçirilən tədbirdə bu fikirləri şuranın sədri Rauf Əliyev səsləndirib.

“Heydər Əliyev İli” ilə bağlı muxtar respublikanın Televiziya və Radio Şurasında hazırlanan tədbirlər planına uyğun olaraq keçirilən tədbirdə əvvəlcə Ulu Öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rauf Əliyev çıxışında bildirib ki, 30 il bundan əvvəl -- 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində dahi şəxsiyyət xalqın mütləq əksəriyyətinin səsini qazanaraq müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. 3 oktyabr tarixi həm də medianın inkişafında yeni mərhələnin başlanğıc günü kimi tarixdə yerini aldı. Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək müqəddəs amallar naminə fəaliyyətini davam etdirdi. Böyük dövlət xadimi Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli Liderimizin “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” –sözlərini xatırladan şura sədri vurğulayıb ki, Ulu Öndərin təkcə bu sözləri Onun jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. Təsadüfi deyil ki, ölkəmizdə azad sözün, mətbuatın inkişafı da görkəmli dövlət xadiminin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Lider ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Dahi şəxsiyyət bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Ulu Öndərin media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi idi ki, 2002-ci və 2003-cü illərdə dahi şəxsiyyət “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Qeyd olunub ki, bu gün bütün sahələrdə olduğu kimi media sahəsində də  Ümummilli Liderin siyasi xətti uğurla davam etdirilir. Milli mətbuatın yaranmasının yubileylərində dövlətimizin başçısının jurnalistləri fəxri adlara layiq görməsi, media orqanlarına birdəfəlik yardımların ayrılması, KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, KİV-ə Dövlət Dəstəyi Fondunun, sonra Medianın İnkişaf Agentliyinin yaradılması, jurnalistlərin mənzillərlə təmin olunması və digər mühüm məsələlər medianın inkişafına göstərilən mühüm dövlət qayğısıdır.

Tədbirdə çıxış edən Televiziya və Radio Şurasının əməkdaşları Şamxal İbrahimov və Röya Şirzadova qeyd ediblər ki, ötən illər ərzində keçirilən bütün seçkilər Azərbaycan xalqının Ümummilli Liderin siyasi kursuna sadiq olduğunu və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk etdiyin təsdiq edir. Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi Azərbaycan mediasının inkişafına yol açır.

Nəşr edilib : 03.10.2023 18:20