AZ EN RU

1990-cı il 22 iyul – təməli Naxçıvanda qoyulan xilaskarlıq yolunun başlanğıc günü

     Azərbaycanın xilası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyəti şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Naxçıvandır. 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Ümummilli Liderimiz özü bu barədə deyirdi: “Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum... Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

    Ümummilli Liderimizin Vətənə – Naxçıvana qayıdışı əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı, bu tarixi hadisə Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu, müstəqilliyimizin təməl daşları Azərbaycanın dövlətçilik laboratoriyası olan Naxçıvanda qoyuldu. 
    Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq Ümummilli Lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Ulu Öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların böyük təkidi və istəyi nəticəsində dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev o dövrdə baş verən hadisələri belə xarakterizə edib: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır. Məhz Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmiş, Azərbaycanın müasir siyasi sistemi Naxçıvanda yaradılmışdır”.
    Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə dahi rəhbər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Ulu Öndər sessiyadakı ilk çıxışında öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
    1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Ulu Öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında, ümumən, Azərbaycanın gələcəyi üçün son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı və digər mühüm siyasi qərarlar qəbul edildi. Naxçıvan Sovet İttifaqının saxlanması məqsədilə keçirilən qeyri-qanuni referendumda iştirak etməkdən imtina etməklə də qətiyyətli siyasi mövqe bildirməsi də məhz Ulu Öndərin böyük siyasi liderlik  uzaqgörənliyinin bəhrəsi idi.
    Ümummilli Liderimiz Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər görüb, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirib. Dahi şəxsiyyət real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvandan çıxarılan sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyulub.
    Görkəmli dövlət xadimi Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət yolunda birləşməyə səsləyib. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyil. Ona görə də 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qərara əsasən 1991-ci il dekabr ayının 31-də həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub.
    Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılıb, Ulu Öndər 1992-ci ildə xarici ölkələrə səfərlər edib, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb. Həmin protokollara əsasən iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilib, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlayıb. Eyni zamanda həmin vaxt enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ilk addımlar atılıb, Naxçıvan şəhərinin yaxınlığında İstilik Elektrik Stansiyası tikilib, 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlayıb.
    Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb olub. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olub, Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılıb.
    Göründüyü kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi bir vaxtda Naxçıvanda Ümummilli Liderimiz tərəfindən müstəsna əhəmiyyətə malik taleyüklü addımlar atılıb. Ulu Öndər ölkə rəhbərliyinin həyata keçirdiyi anti-Azərbaycan siyasəti ilə razılaşmır, öz narahatlığını və etirazını çəkinmədən, cəsarətlə bildirirdi. Bu səbəbdən də dahi şəxsiyyət daim təqiblərə, hədələrə, siyasi mübarizə metodlarına sığmayan təsir vasitələrinə məruz qalırdı. 
    Xalqın inam, güvən yerinə çevrilən Ümummilli Liderimizə 1992-ci ilin 16 oktyabrında Azərbaycan ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə Ulu Öndər Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Ulu Öndərin bu fikirləri sonrakı dövrlərdə tam reallığa çevrildi. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya hazırda öz sıralarında milli ruhlu insanları birləşdirən müstəqillik, dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, Vətənçilik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrildi.
    Qeyd etmək lazımdır ki, Ulu Öndərin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə, Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inam hissini alovlandırdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar görkəmli dövlət xadimi Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın inamı və sevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. 
    Ümummilli Lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”. Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış mütərəqqi addımlar kimi tarixə düşmüşdür. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil.
    Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac vermiş, muxtar respublikamızın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Zaman etibarilə, o qədər də böyük olmayan bu müddətdə Naxçıvan Muxtar Respublikası intibah dövrünə qədəm qoymuşdur. İqtisadiyyat dinamik inkişaf yoluna çıxmış, ortaaylıq əməkhaqqı bir neçə dəfə artırılmış, sosial proqramlar qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda Naxçıvanda böyük layihələr reallaşdırılır, Ümummilli Liderimizin adı və əməlləri Azərbaycana, qədim və müasir Naxçıvana işıq, nur saçır.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr, tarixli Sərəncamına əsasən Ümummilli liderin anadan olmasının 100 illiyini böyük ehtiramla, coşqu və təntənə ilə, eyni zamanda hərbi, siyasi, iqtisadi, diplomatik zəfərlərlə qeyd etdiyimiz  “Heydər Əliyev İli”ndə, dahi şəxsiyyətin doğum günündə Prezident cənab İlham Əliyev Zəfərimizin Zirvəsi olan Şuşadan xalqa müraciəti zamanı demişdir: “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır”. Görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi təqdirəlayiqdir. Məhz Ulu Öndərin 1990-cı il iyulun 22-də Naxçıvan Muxtar Respublikasına gəlməsi və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Bu tarixdən ötən 23 il ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Xalqımız bütün varlığı ilə inanır ki, ölkədə davam etdirilən bu siyasi xətt – Heydər Əliyev yolu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır.

Gülcamal TAHİROVA

Nəşr edilib : 21.07.2023 21:15