AZ EN RU

1969-cu il 14 iyul – milli qurtuluşa, inkişafa, Böyük Qələbəyə doğru yolun başlanğıcı...

    “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur... Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”..

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından

    Yüzillik yubileyini möhtəşəm şəkildə qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu müstəqil, qüdrətli Azərbaycan dövlətinin qazandığı bütün uğurların, nailiyyətlərin, müasir dövlətçilik yolunda parlaq səhifələrin yazıldığı təməl tarix kimi daim böyük qürur və fəxarət hissi ilə xatırlayır, əziz tuturuq. Həmin gün həm də xalqımızın yad ünsürlərin təsirindən xilas olaraq öz milli kimliyinə, mənəvi dəyərlərinə qayıdışının başlanğıcı hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında da deyildiyi kimi, “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur... Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
    Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanıb. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyadıb, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaradıb. Həmin zaman kəsiyi tamamilə fərqli şərtlərin diktə olunduğu dövr olsa da, dahi şəxsiyyət öz şəxsi bilik və bacarığı sayəsində irəlilədiyi vəzifə pillələrində artıq xalqının gələcək mövcudluğu üçün yeni şərtlərin yaradılmasının özü üçün milli vəzifə olduğunu qətiləşdirib. Təsadüfi deyil ki, bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Dahi şəxsiyyət o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
    1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal edib, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Buna görə də Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldıraraq Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail oldu. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndidə, Gəncədə, Mingəçevirdə, Lənkəranda bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verildi. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparıldı, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlandı.
    Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı uzaqgörən, mütərəqqi addımlar idi. Ulu Öndər gözəl bilirdi ki, bir ölkənin inkişafı savadlı, bilikli kadrlar olmadan mümkün deyil. 1969-cu ilə qədər Azərbaycanda rəhbər vəzifələrin böyük əksəriyyətində qeyri-azərbaycanlılar təmsil olunurdu. Hətta respublika üçün mühüm əhəmiyyət daşıyan strateji strukturlarda belə, səlahiyyət sahiblərinin çoxu başqa millətlərin nümayəndələri idi. Ulu Öndərin Azərbaycanda savadlılığın artırılması yolunda gördüyü böyük işlərin nəticəsi idi ki, əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
    Dahi şəxsiyyətin həmin dövrdə həyata keçirdiyi ən mühüm, zamanı qabaqlayan tədbirlərdən biri də respublikada milli hərbçi kadrların yetişdirilməsi istiqamətində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Təsadüfi deyil ki, Ümummilli Liderin həmin dövrlərdə başladığı hərbi quruculuq prosesi 20 il sonra müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin hərbçi kadrlarla təminatında böyük rol oynayıb. Bu mənada, 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövrü respublikada milli dəyərlərin bərpası dövrü kimi tarixə yazılıb. Mənəvi dəyərlərin ana təməlini təşkil edən milli dilin varlığı və işləkliyi, ilk növbədə, milli şüurun, milli özünüdərkin formalaşmasında başlıca vasitədir. Aydın məsələdir ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdrikliklə Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib. Dahi rəhbər yüksəksəviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində çıxışlar edərək böyük hörmət və məhəbbət qazanıb. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir addımın atılması böyük risk, cəsarət və qətiyyət tələb edirdi. Bütün çətinliklərə, təzyiqlərə  baxmayaraq, Ümummilli Liderin uzaqgörən siyasəti və bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan ana dilimizin inkişafında böyük dönüş yaratdı.
    XX əsrin 70-ci illərinə qədər Naxçıvan Muxtar Respublikasında da çox ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü. Hətta Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olub. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulub, onların icra müddəti müəyyənləşdirilib. Nəzərdə tutulan bütün vəzifələr vaxtında yerinə yetirilib, aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə artıb, Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Ulu Öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynayıb. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına qarşılaşdıqları çətinliklərə sinə gərə bilib. Dahi şəxsiyyətin yolunun uğurlu davamı nəticəsində bu gün Naxçıvan artıq enerji idxalçısından ixracatçısına çevrilib, “Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji” zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur”, – deyən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikanın yaxın gələcəkdə “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər hazırda uğurla reallaşdırılır. 
    Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda Ümummilli Liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas edib, onu əsl müstəqilliyinə qovuşdurub. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılıb. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 70 ildən sonra üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməyib, digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilib, xarici iqtisadi əlaqələr yaradılıb. 1993-cü ildə ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə Ulu Öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdıb və bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimiz Azərbaycanın xilası kimi yazılıb. Eyni zamanda bu qayıdış təbii sərvətlərimizdən səmərəli istifadə edilməsinə, ölkəmizin təlatümlər burulğanından xilas olmasına, müstəqilliyimizin qorunub saxlanmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, möhkəm ictimai-siyasi sabitliyin yaradılmasına, Azərbaycanın iqtisadi inkişafına böyük təkan verən “Əsrin müqaviləsi”nin imzalanmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir istehsal müəssisələrinin qurulmasına, infrastrukturun yenilənməsinə şərait yaradıb. Dahi şəxsiyyətin fəaliyyəti təkcə iqtisadi sahələrlə məhdudlaşmayıb, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində də böyük addımlar atılıb, tarixdə ilk dəfə olaraq dünya azərbaycanlılarının həmrəylik konsepsiyası hazırlanaraq uğurla həyata keçirilib. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olub. Bu güc Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan verib. Dövlətimizin başçısı 2023-cü il mayın 10-da Ümummilli Liderimizin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa tarixi müraciətində Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün siyasi-iqtisadi əhəmiyyətinə toxunaraq deyib: “Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”.
    “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazanır. Bütün sahələr üzrə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan erməni işğalı altında olan torpaqlarımızı 2020-ci ildə 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Zəfər Günü kimi tariximizə əbədi həkk olunan noyabrın 8-də Qarabağın gözü Şuşa şəhərinin işğaldan azad olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin müqəddəs arzularını gerçəkləşdirdi. 
    Heydər Əliyev yolu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişaf yoluna çıxarıb. Ötən il dekabrın 22-də ölkə başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsisindən sonra dövlət idarəçiliyində, vətəndaşla dövlət orqanları arasında qarşılıqlı fəaliyyətdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunub, büdcə vəsaitlərindən səmərəli istifadə, bütün sahələrdə, proseslərdə şəffaflığın təmini istiqamətində tədbirlər həyata keçirilib. Ulu Öndər yoluna sədaqət nəticəsində bir zamanlar düşmən təcavüzü ilə, iqtisadi çətinliklərlə üz-üzə qalan Naxçıvan bu gün iqtisadi artım templərinə görə ölkəmizin lider regionuna çevrilib. Ölkə başçısının diqqət və qayğısı ilə muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda yeniləşən şəhər və kəndlərimiz, müasir infrastruktur, ən əsası sabitlik və təhlükəsizlik Naxçıvanı Azərbaycanın ən gözəl, cazibədar diyarına çevirib. Bu gün artıq 90-cı illərdən fərqli olaraq muxtar respublikanın sərhədləri müasir silahlarla təchiz olunan güclü ordumuz tərəfindən qorunur, torpaqlarımız etibarlı müdafiə olunur, azad sahibkarlıq, sərbəst biznes mühiti formalaşır, yeni istehsal və xidmət sahələri açılır, qardaş ölkə Türkiyənin yaxın bölgələri ilə ticarət əlaqələri genişlənir, hərtərəfli inkişaf hər addımda hiss olunur. Nəticədə, yeni iş yerləri yaranır, məskunlaşma artır, muxtar respublikaya gələn turistlərin sayı çoxalır. Ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılandan sonra Azərbaycanın digər regionları, qonşu ölkələrlə artacaq ticarət əlaqələri nəticəsində Naxçıvan mühüm nəqliyyat qovşağına çevriləcək, diyarın sosial-iqtisadi potensialı daha da güclənəcək. Bu baxımdan  2023-cü il  iyunun 5-də ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Pro­qramı”nın icrası da muxtar respublikanın iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından, tranzit imkanlarından səmərəli istifadə olunmaqla mövcud çatışmazlıqların aradan qaldırılmasına, iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, maddi rifahın yüksəlməsinə təkan verəcək.
    Məşhur bir aforizmdə deyilir ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır! Bəli, ictimai-siyasi hadisələrin cərəyan etdiyi ayrı-ayrı dövrlərə, ölkələrin həyatına nəzər yetirəndə aydın olur ki, tarix dahi insanların ideya və əməllərinin üzərində yaranır, qərar tutur. Müxtəlif yerli, beynəlxalq tədbirlərlə 100 illik yubileyini möhtəşəm şəkildə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin müdrikliklə, əbədiyaşar ideyalarla zəngin ömür yolundan da məhz Azərbaycana əvəzolunmaz, qürurverici, fəxarətdoğurucu bir qərinəlik tarixi pay düşüb. 1969-cu ilin 14 iyulunda təməli qoyulan tarixi Ulu Öndər yolu xalqımızı milli qurtuluşa, inkişafa, tərəqqiyə, Böyük Zəfərə, siyasi, iqtisadi qələbələrə aparıb, ölkəmiz regionda dərin nüfuz, kəsərli söz sahibinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “...Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək... Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”.

 Nail ƏSGƏROV

Nəşr edilib : 13.07.2023 23:50