AZ EN RU

194 şagird dərin tibbi müayinələrə cəlb olunub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası və fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqların yerinə yetirilməsi məqsədilə şagirdlərin dərin tibbi müayinə və tuberkulin test sınaqları, flüoroqrafik müayinələri  davam etdirilir. Bu müayinələrin hər il iki dəfə –  yaz və payız mövsümlərində aparılmasında məqsəd muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin sağlamlığının qorunması və onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, habelə uşaqlar arasında rast gəlinən xəstəlikləri vaxtında aşkarlamaq, daha dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqları ixtisas həkimlərinə yönləndirməkdən ibarətdir.
    Bu məqsədlə Şərur Rayon Uşaq Xəstəxanasının pediatr, oftalmoloq, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, stomatoloq  və  digər ixtisaslı həkim briqadası tərəfindən rayonun Aşağı və Yuxarı Aralıq kəndlərindən 194 şagird profilaktik tibbi müayinələrə cəlb olunub. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirlərinin təşkil olunması nəzərdə tutulub.
    Həmin təhsil müəssisələrində dispanser, ambulator qəbul, sanitar-maarifi və digər məktəb jurnallarına da baxılıb. Tədbirdə, həmçinin uşaq və yeniyetmələrin şəxsi və ümumi gigiyenik qaydaları haqqında maarifləndirici söhbətlər aparılıb.
    Yaz mövsümünün profilaktik tibbi müayinələri aprel ayının sonunadək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.04.2022 18:16