AZ EN RU

1828 investisiya layihəsinin maliyyələşdirilməsinə 187 milyon 110 min manatdan çox güzəştli kredit verilib

    İqtisadiyyatın inkişafı və şaxələndirilməsi prosesində innovativ üsulların tətbiqi ilə reallaşdırılan sənayeyönümlü layihələrin də böyük payı vardır. Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə yaradılmış 7 sənaye parkı və 5 sənaye məhəlləsidir. Ölkə Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Şərur Sənaye Məhəlləsi Naxçıvanda sənayenin inkişafına öz töhfəsini verməkdədir. Məhəllədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. 
    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, artıq burada ayaqqabı, tikili mallar, Avropa qapıları, mebel, kağız kisə, karton tara istehsalı sahələri olmaqla, 7 sahibkarlıq sahəsi fəaliyyət göstərir. Bitki yağı, unlu qənnadı məmulatları, qəlyan tütünü istehsalı, metal dam örtüyü istehsalı istiqamətində işlər davam etdirilir. 
    Naxçıvanda sahibkarlığın inkişafına maliyyə dəstəyinin verilməsi, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin ödənilməsinin təmin edilməsi, iş adamlarının səmərəli biznes layihələrinin reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsində əhəmiyyətli olub. Məlumata əsasən 2003-2023-cü illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 1828 investisiya layihəsinin maliyyələşdirilməsinə 187 milyon 110 min manatdan çox güzəştli kredit verilib. Kreditlərin 17,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 20,8 faizi xidmət sahələrinin inkişafına, 61,9 faizi isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönəldilib. Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılmışdır ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb. Qarşıdakı illər üçün də iqtisadiyyatın şaxələndirilməsi məqsədilə daha geniş kapitalın ayrılması planlaşdırılır. 
    Nazirliyin məlumatında o da qeyd olunur ki, hazırda muxtar respublika üzrə sahibkarlıq subyektlərinin əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. KOB-ların iqtisadiyyatda rolunun, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində muxtar respublikada “KOB dostu” ofisləri fəaliyyətə başlayıb. Biznes biliklərinin artırılmasına dəstək olan KOB inkişaf mərkəzi tərəfindən, sahibkarlara vahid məkanda dövlət və özəl xidmətlər göstərilir. Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” vasitəsilə verilməsi davam etdirilir. Təkcə cari ilin ötən dövrü ərzində 54 lisenziya verilib və dövlət büdcəsinə 60 min manatdan çox vəsait daxil olub. Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 18 sahibkarlıq subyektinin 24 layihəsi təşviq olunub, indiyədək dəyəri 77 milyon manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə muxtar respublikaya idxal edilib və müasir istehsal sahələri qurulub.

 Nail ƏSGƏROV

Nəşr edilib : 13.11.2023 18:12