AZ EN RU

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2006-cı il 26 mart tarixli Qətnaməsinə əsasən, hər il mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə bağlıdır. Günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

  Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnformasiya cəmiyyətinin qurulmasının əsas vəzifələrinə İnformasiya Cəmiyyətinin hüquqi əsaslarının yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqları, şəffaf dövlət və yerli özünüidarəetmənin, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması, müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmini və digər vacib məsələlər daxildir.

 Ümumiyyətlə, informasiya cəmiyyəti fərdi biliklərin İnternet-mühitin köməyi ilə ictimailəşməsi - kollektiv təfəkkürün formalaşması üçün misilsiz imkanlar yaradır. İnformasiya cəmiyyəti, eyni zamanda, yeni növ iqtisadiyyatı - ən ali əmtəə forması olan biliklərə və informasiyalara əsaslanan iqtisadiyyatı formalaşdırır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2003-cü ildə təsdiq etdiyi  Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın  qəbulundan sonra ölkəmizdə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, informasiya və kommunikasiya texnologiyalarının həyatın bütün sahələrində tətbiqinə başlanmış, bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. İnformasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə məqsədyönlü tədbirlər görülür. Son illər bu sahənin inkişafı məqsədilə qəbul edilən dövlət proqramları, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına inteqrasiyası, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın dünya kosmik məkanına inteqrasiyası təmin edilmişdir.

         İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bir sıra qurumlara  elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir.

Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə  yaradılmış “Elektron hökumət” portalına  müvafiq qurumların xidmətləri portala inteqrasiya edilmişdir.  Bundan başqa, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin fəaliyyəti davam  etdirilmiş,  bir sıra qurumların  sistemə qoşulması təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində də  müvafiq işlər həyata keçirilmişdir.

Nazirliyin Aparatının məsul şəxslərinin iştirakı ilə rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılmış, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilmiş, istismar olunan zaman sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülmüşdür. Həmçinin, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində  internet istifadəçiləri  üçün “116” nömrəli sorğu-məlumat xidməti fəaliyyət göstərir ki, sakinlər real iş vaxtı rejimində internetlə bağlı yaranan problemlərlə əlaqədar həmin nömrə vasitəsi ilə əlaqə saxlaya bilərlər. Mərkəzin aid əməkdaşları tərəfindən daxil olan bütün sorğulara və müraciətlərə operativ yanaşmaqla bütün problemlər aradan qaldırılır. Müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodiki köməkliklər göstərilir, yaranmış çətinliklərin aradan qaldırılması  istiqamətində zəruri texniki tədbirlər həyata keçirilmişdir. Daxil olan müraciətlərə əsasən abonentlərlə görüşlər keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmış, ünvanlarında mövcud olan internet xətlərinə və avadanlıqlara baxış keçirilmiş, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri işlər görülmüşdür. Qeyd edək ki, monitorinqlər zamanı muasir standartlara cavab verən siqnal ölçmə cihazı “Argus 156 tester” avadanlığından istifadə edilir. Bu avadanlıq telekommunikasiya şəbəkələrində internet xidmətlərinin keyfiyyətinin ölçülməsini həyata keçirir və internet verilişində olan qırılmaları müəyyənləşdirir, abonentin ünvanına daxil olan internetin gücünü və surətini ölçür. Radiotezliklərin monitorinqi sahəsində ən müasir texnoloji cihaz “Rohde & Schwarz Spectrum” analizator avadanlığından istifadə olunur. “Rohde & Schwarz Spectrum” analizator avadanlığı vasitəsilə  spektr analizi, o cümlədən muxtar respublika ərazisində televiziya və radio proqramların yayım vəziyyətinin yoxlanılması, TV və FM vericilərinin əhatə dairəsinin təyin edilməsi,  radiotezlik zolaqlarının verilmiş icazə əsasında istifadəsinə dövri olaraq nəzarət edilməsi, siqnalın əhatə dairəsinin təyin edilməsi, eləcə də sərhədyanı ərazilərdən qəbul edilən və  GSM (Global System for Mobile Communications- Mobil rabitə üçün qlobal sistem), UMTS (Universal Mobile Telecommunications System-Universal Mobil Telekommunikasiya sistemi) və LTE (Long-Term Evolution-Uzun müddətli inkişaf) mobil rabitə siqnallarının radiomonitorinqi aparılır.

Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsində vacib amillərdəndir. Bu gün muxtar respublikada fiber-optik telekommunikasiya xətlərinin çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.  Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi uğurla davam etdirilmişdir. Optik şəbəkənin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını da xeyli artırmışdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlər  internetə qoşulmuşdur. Hazırda muxtar respublikanın  bütün yaşayış məntəqələrində   genişzolaqlı və  simsiz internet xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadə olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırmaqla  “Naxtel” mobil operatorunun  yeni inzibati binada fəaliyyət göstərməsi bu sahəyə yeni stimul vermişdir. Bütün bunlar informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin uğurlu nəticələridir.   Həmçinin, 2022-ci ilin ötən dövrü ərzində telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunmuş, Şərur, Şahbuz və Babək rayonlarının bir neçə yaşayış məntəqəsində fəaliyyət göstərən avtomat telefon stansiyalarına internet plataları əlavə edilmişdir ki, nəticə etibarı ilə 1300-dən artıq internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranıb ki, gündəlik daxil olan müraciətlərə əsasən abonentlər yüksəksürətli ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunurlar.

İnternet xidmətlərinin keyfiyyətinin artırılması, habelə yeni internet saytlarının hazırlanması istiqamətində müvafiq təhlillər aparılmış, müraciətlərinə uyğun olaraq əhaliyə və  dövlət qurumlarına texniki dəstək və metodiki köməkliklər göstərilmiş, yaranmış  çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin proqramçıları tərəfindən hazırlanmış 9 qurumun rəsmi internet səhifələrinin 2022-ci ilin ötən dövrü ərzində təqdimatları keçirilmişdir. Yeni saytlar həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiyalar ilə müqayisədə daha da təkmilləşdirilmişdir elektron xidmətlərin həcmi genişləndirilməklə yeni bölmələr əlavə edilib, yeni informasiyalarla zənginləşdirilmişdir. 

Bunlarla yanaşı, 2021-ci il və 2022-ci ilin müvafiq dövründə  10 rabitə evi və Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binaları istifadəyə verilmişdir.

      Muxtar respublikanın yaşayış məntəqələri tamamilə telefonlaşdırılmış, bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən Yeni Nəsil Telekommunikasiya sistemləri tətbiq edilmişdir.

Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılmış, belə ki, Nazirliyin və tabeli qurumlarının mühəndisləri sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, verilənlər bazası üzrə və proqramlaşdırma dilləri sahəsində müəyyən biliklərə yiyələnmələri üçün müvafiq kurslara, seminar və təlimlərə cəlb olunurlar. Bu istiqamətdə təşkil olunan kurslarda iştirak edən mütəxəsisslərə proqramlaşdırma dillərində təlimlər keçirilir, front-end və back end devoloperlər olmaqla HTML, CSS, Javascript, Bootstrap, PHP, JAVA, Python kimi proqramlaşdırma dilləri və həmin proqramlaşdırma dillərinin müxtəlif kitabxanaları (frameworks) barəsində müəyyən biliklərə yiyələnirlər. Həmçinin, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslarda iştirak edən dinləyicilərə kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları barədə hazırlanmış slaydlar vasitələ ətraflı məlumatlar verilməklə, “Microsoft Windows” əməliyyat sistemi, “Microsoft Office”, İnternet və qrafik dizayn proqramları, eləcə də ingilis dili kursları üzrə dərslərin tədrisi davam etdirilmişdir.

Muxtar respublikada informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə etmişdir. Müasir informasiya texnologiyalarının tətbiqi, poçt sisteminin yenidən qurulması, yenitipli elektron xidmətlərin göstərilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli televiziya yayımı, elektron medianın inkişafı informasiya cəmiyyətinin qarşıya qoyduğu əsas tələblərdəndir. Muxtar respublikada 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılmışdır. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində  televiziya kanallarının  və  radio dalğaların  rəqəmsal formatda yayımı təmin edilmişdir. Muxtar respublika ərazisində İP televiziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.

  Ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi üçün cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini dərk edərək bu prosesdə yaxından iştirak etməsi vacib şərtdir. 

Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  mətbuat xidməti

Nəşr edilib : 16.05.2022 23:50