AZ EN RU

163 gənc müəllim işlə təmin olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada təhsilə göstərilən  dövlət qayğısından danışıb.
    Qeyd olunub ki, bu gün muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almaqla, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilir. Bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
    Bildirilib ki, 2022-ci il yanvarın 1-dən müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Bundan əlavə, yeni tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin sertifikatlaşdırmanın test mərhələsində 50-dən yuxarı bal toplamış 592 müəlliminin ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə 35 faiz, 4110 müəlliminin isə əməkhaqlarına 10 faiz əlavələr olunacaq. Bununla yanaşı, şagirdlərin sayına görə direktor və direktor müavinlərinin əməkhaqlarına müvafiq əlavələr ediləcəkdir. Ödənilməsi nəzərdə tutulan əlavələr müəllimlərin maddi rifahının yüksəldilməsinə, bu isə, öz növbəsində, tədrisin səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək. 
    Vurğulanıb ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq bu kateqoriyadan olan gənclərin işə qəbulu üzrə müsabiqələr keçirilir. Bu isə səriştəli, bacarıqlı kadrların müəllim kimi fəaliyyət göstərməsinə öz töhfəsini verir. 2018-ci ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərən gənclərdən 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 1016 gənc kadr işlə təmin olunub.
   Təhsil naziri növbəti müəllimlərin işə qəbulu müsabiqəsinin də uğurla başa çatdığını qeyd edərək bildirib ki, 2022-ci ilin iyun ayında vakansiyaya çıxarılan 235 vakant yerə 1619 müraciət olub, onlardan 1130-u keçid balını toplayıb. Onlardan isə 163-ü ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 39-u stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən 36-sı şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi həmin ixtisaslarda təhsil alan tələbələrin ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların işlə təminatına da öz müsbət təsirini göstərib. Bunun nəticəsidir ki, işlə təmin olunan 163 müəllimdən 105-i Naxçıvan Dövlət Universitetinin, 22-si Naxçıvan Müəllimlər İnstitutunun, 12-si isə “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisaslarının məzunudur.
    Sonra təhsil naziri gənc müəllimləri yeni işə təyin olunmaları və Bilik Günü münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmağı tövsiyə edib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov “Gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər” barədə məlumat verib. 
    Sonra işə qəbul edilən gənc müəllimlər adından çıxış edən Günel Novruzova gənc kadrların işlə təmin olunmasına görə dövlətimizə minnətdarlığını bildirib. 
    Tədbirdən sonra yeni işə qəbul edilən gənc müəllimlərin 3 günlük “İnnovativ müəllim” təliminə start verilib. 

   Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2022 18:34