AZ EN RU

16 yaşlı məktəblinin uğuru

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 12 mart tarixdə keçirilən buraxılış imtahanında muxtar respublika üzrə ən yüksək nəticə göstərən  Şərur rayon Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərlinin sevincinə biz də qoşulmaq üçün onunla həmsöhbət olduq. 
    Müsahibim məktəbdə oxuduğu illərdə qazandığı uğurlardan söhbət açıb dedi ki,  2021-ci ildə muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında tarix fənni üzrə ikinci yeri tutub, 2022-ci ildə Respublika fənn olimpiadalarının final turunda iştirak edərək yenidən tarix fənni üzrə gümüş medal qazanıb. 2022-ci ildə keçirilən muxtar respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə birinci yerə layiq görülüb. 2022-ci ildə Beynəlxalq Amerikan Riyaziyyat Olimpiadasında (AMO) iştirak edərək gümüş medala sahib olub və bununla həmin olimpiadanın Sinqapur turuna vəsiqə alıb. Ümumilikdə, 11 illik təhsil müddətində keçirilən bilik yarışlarında müxtəlif diplom və sertifikatlarla təltif edilib. 
    Hər bir övladın hələ uşaqlıq illərindən nümunəvi əxlaqla formalaşması və bilik qazanması üçün ailənin, ananın rolu əvəz­edilməzdir. Mikayıl Cəfərli də bu baxımdan xoşbəxt gənclərdəndir. O deyir ki, qazandığı hər bir uğurda ən böyük paya həm müəllimi, həm də anası sahibdir.  Çünki anası onun bu yoldakı ilk və tək dəstəkçisidir. O həmçinin belə uğurlara sahib olmasında orta məktəbdə Azərbaycan dili fənnini tədris edən Xalidə Əliyevaya da minnətdarlığını bildirir. 
    Həmsöhbətimiz vurğuladı ki, o, riyaziyyat və ingilis dili fənlərinin hər birindən 100 bal, Azərbaycan dili fənni üzrə isə 97 bal toplamaqla yüksək nəticə – 297 bal qazanıb. 
    Gənc müsahibimizin arzusu dünyanın prestijli universitetində ali təhsilə yiyələnməkdir. O dedi ki, bu məqsədinə çatmaq üçün də çox çalışıb və yaxşı nəticə əldə edib: – 2022-ci ildə SAT və IELTS imtahanlarında iştirak edərək 1600 ballıq sistem üzrə 1540 bal və            9 ballıq sistem üzrə 7,5 bal toplayıb. Onun fikrincə, bu istədiyi yerdə təhsil almaq üçün yetərlidir. Bu göstəricilərlə Amerika Birləşmiş Ştatlarının universitetlərinə müraciət edib və bir neçə nüfuzlu ali təhsil müəssisəsindən müsbət cavablar alıb. Məqsədi Vətənimizi layiqincə təmsil edərək, biznesin idarə olunması ixtisası üzrə ali təhsil alıb, bu sahənin inkişafına öz töhfələrini verməkdir. 
    Mikayılın uğurları barədə müəllimlərinin də fikirlərini öyrəndik. 
    Şagirdlərinin nümunəvi şəxsiyyət kimi formalaşması yolunda öz xidmətlərini göstərən müəllimlərdən biri – 18 ildir, Kürçülü kənd tam orta məktəbində ingilis dili fənnini tədris edən Aynurə Cəfərova müsahibimiz Mikayıl Cəfərlinin anasıdır. Aynurə müəllimin dediklərindən: – Mən dərs dediyim bütün uşaqların uğur qazanması üçün üzərimə düşən vəzifəni ən yaxşı şəkildə icra etməyə çalışıram. Müəllim kimi öz əməyimin bəhrəsini gördüyüm üçün, valideyn kimi isə nümunəvi övlad böyütdüyüm üçün sevinirəm... Digər şagirdlərə də məsləhətim budur ki, müəllimlərin verdiyi tapşırıqları vaxtında, düzgün yerinə yetirsinlər,  elm yolunda yorulmadan, cidd-cəhdlə çalışsınlar, yalnız bununla onlar yüksək nəticə əldə edə və arzularına çata bilərlər. Mikayıla qəbul imtahanlarında da belə yüksək nəticə qazanmağı arzulayırıq. 

Bülbül QULİYEVA

Nəşr edilib : 03.05.2023 21:09