AZ EN RU

154-cü ayaq izi...

Bu torpaq öz üzərində elə bir diyarı saxlayır ki, onu unutmaq heç bir zaman mümkün deyil. Boylanaraq ədəbiyyata baxırsan, baxırsan ki, bu diyarın yetişdirdiyi bir şəxsiyyət həmin ədəbiyyata öz töhfəsini çoxdan verib və cəmiyyətini bir addım önə aparıb. Sonra sıra ilə mətbuat, şeiriyyət qapısını aralayaraq dahi şəxsiyyətlərin cəhalətlə və aktual problemlərlə apardığı mübarizə yollarına baxırsan və görürsən ki, həmin dahi şəxsiyyətlərin ayaq izi bütün illər boyu silinməyəcək şəkildə, eyni görkəmdə də qalıb. Tarix bu günü göstərirsə, bu və bunun kimi yazılar yazılmağa davam edirsə, deməli, həmin ayaq izləri bir il daha irəliləyərək yeni məsafələr qət edir və bizləri öz qələmlərindən çıxan yazıları hər dəfə eyni həyəcanla oxumağa can atdırırsa, deməli, bu ayaq izinə yeni biri daha əlavə olunur. Bu ayaq izlərini müasir dövrə qədər peşəkarcasına qoruyan dahi şəxsiyyətlərimizdən biri də Azərbaycan yazıçısı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevdir. 17 may tarixi ilə 1870-ci ildə Şuşa qəzası yaxınlığında, Ağbulaq kəndində doğulan dahi şəxsiyyətimiz mətbuat və ədəbiyyata silinməyəcək 154-cü addımını atır...

Bir yerdə oturmaqla Haqverdiyevin yaradıcılığı ilə yenidən tanış olmaq o qədər də ürəkaçan deyildi. Bunun üçün təhsil aldığım Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına yollandım. Kitab rəflərinin arasında dolaşıb Azərbaycan ədəbiyyatı olan rəflərə yaxınlaşdım və Haqverdiyevin kitablarını axtarmağa başladım. Budur, birini artıq tapmışam. Kitabı vərəqləyib mündəricat hissəsinə qayıtdım. Bir gözüm mobil telefonda axtarış etdiyim Haqverdiyevin həyat və yaradıcılığında, bir gözüm isə kitabda idi. Daha sonra bu qarmaqarışıq axtarışıma kömək etmək məqsədilə kitabxananın direktoru Xumar Məmmədova da bu axtarışa qoşuldu. Xumar müəllimi birinci kursda bizə tədris etdiyi dünya ədəbiyyatı fənni zamanlarından tanıyıram. Yaxınlaşaraq kitabı məndən aldı. Əlində vərəqləyərək Əbdürrəhim bəy Haqverdiyevin keçdiyi ömür yolundan danışa-danışa rəflərin arasında dolaşmağa başladı. O, danışır mən isə onu izləyib, həvəslə qulaq asırdım. Yazıçının əsərləri haqqında və mətbuatda gördüyü işlər barədə cüzi də olsa məlumatım var idi.

Hər şair və yazıçının keçdiyi ömür yolunda heç olmasa bir dəfə belə olsun onu təsirləndirəcək hadisələr yaşadığını deyən kitabxananın direktoru elə Haqverdiyevin də həyatında belə hadisələrin olduğunu dedi. Yazıçı iki-üç yaşında olarkən atası Əsəd bəy dünyadan köçüb. Bir müddət öz anasından ayrı düşərək, əmisinin himayəsində yaşamağa başlayır. Amma əfsuslar olsun ki, əmisi arvadının ona verdiyi zülm və işgəncələrə tab gətirə bilməyən balaca Əbdürrəhim anasının ikinci dəfə ailə qurduğu ögey atası H.Sadıqovun evinə gələrək, burada yaşamağa başlayıb. Ögey atası ilə yaxşı yola gedən yazıçı onun diqqət və qayğısı ilə mükəmməl şəkildə təhsil alır. Onun ilk təhsili 1880-ci ildə Yusif bəyin müvəqqəti məktəbində olur. Yazıçı daha sonra təhsilini Şuşa realni gimnaziyasında, sonra isə Tiflisdə davam etdirib.

Yazıçının ilk qələm təcrübəsi məhz Mirzə Fətəli Axundzadənin təsiri ilə meydana çıxan “Hacı Daşdəmir” adlı kiçik pyesi olur. Əbdürrəhim bəy özü bu pyesin zəif alındığını söyləsə də, bu heç də onun ədəbiyyatımız üçün böyük bir miras olmadığı mənasına gəlmir. Sonralar təhsilini davam etdirmək məqsədilə Haqverdiyev Peterburq şəhərinə yollanaraq burada Yol Mühəndisləri İnstitutunda təhsil almağa başlayır. Yazıçı burada olarkən, 1891-1899-cu illər aralığında “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq” faciələrini qələmə alıb. Şuşaya qayıtdıqdan sonra yazıçı teatr sahəsinə maraq göstərməyə başlayıb. Şuşada olarkən Haqverdiyev “Bəxtsiz cavan” faciəsini səhnələşdirir.  Şuşa həyatından sonra Bakı şəhərinə gələn dramaturq ilk hekayələrindən olan “Ata və oğul”, “Ayın şahidliyi” hekayələrini çap etdirir. Yazıçının həyatını yenidən Peterburq şəhəri ilə bağlayan hadisələrdən biri də 1905-ci il inqilabı olur. İnqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə qubersiyasından nümayəndə seçilən Haqverdiyev yenidən Peterburqa qayıdır. Əbdürrəhim bəy Haqverdiyev eyni zamanda “Ağa Məhəmməd şah Qacar” pyesi ilə ədəbiyyatda ilk dəfə Ağa Məhəmməd şah Qacar obrazını yaradan yazar olur.

Yazıçının Tiflis şəhərindəki həyatı da onun ömrünün dönüş nöqtəsi olur. Tiflisdə olarkən Mirzə Cəlil Məmmədquluzadə ilə qarşılaşır və yazıçının həyatı “Molla Nəsrəddin” jurnalı ilə birləşir. Elə məhz Haqverdiyevin məşhur əsərlərindən olan “Xortdanın cəhənnəm məktubları”, “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri burada çap olunur. “Molla Nəsrəddin” tənqidi-satirik jurnalı ilə yanaşı “Zənbur”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” kimi jurnal və qəzetlərlə də əməkdaşlıq etməyə başlayır. Maraqlı məqamlardan biri də dramaturqun 1908-ci ildə “Leyli və Məcnun” operasının premyerasında drijor kimi çıxış etməsidir. Bundan əlavə pedaqoji fəaliyyətlə də məşğul olan Haqverdiyev 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyat ixtisası üzrə mühazirələr oxuyub. Tərcüməçilik fəaliyyətilə də məşğul olan yazıçının Anton Çexov, Uilyam Şekspir, Maksim Qorki kimi yazarlardan tərcümələri də mövcuddur.

Haqverdiyevin doğum günündə onun həyat və yaradıcılığından danışaraq vaxtın necə keçdiyindən nə mən, nə də ki, Xumar müəllim xəbərdar deyildi. Yazıçı 1933-cü ildə 63 yaşında dünyasını dəyişsə də, onun qoyduğu miras hal-hazırda 154 illikdir. Bu mətbuat və ədəbiyyat asan şəkildə itib-batan deyil. Çünki bu diyarın Haqverdiyevinin 154-cü ayaq izini qoruyan  bir xalqı var.

Rafiq Təhməz

Nəşr edilib : 17.05.2024 10:10