AZ EN RU

15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

Muxtar respublikada istehlakçıların hüquqlarının dövlət müdafiəsi

qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir

Hər il martın 15-i “Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd edilir. Ümumdünya İstehlakçılar İttifaqı dünyada istehlakçıların hüquqlarını qorumaqla məşğuldur. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da “İstehlakçıların hüquqlarının qorunması haqqında Qanun” qəbul olunmuşdur. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.

Bu qanuna əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və alıcı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 

İstehlakçıların hüquq və mənafelərinin qorunması sahəsində görülən mühüm tədbirlərin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məhz bu sahə üzrə hüquqi bazanın ardıcıl formalaşdırılması nəticəsində hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. İstehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilməsi, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etməsi üzrə hüquqları qanunvericiliklə tənzimlənir.

Naxçıvan Muxtar Respublikasında da istehlakçıların hüquqlarının qorunması iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı Dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası daim diqqət mərkəzində saxlanılır.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyanın davamı olaraq muxtar respublikada görülən işlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. Muxtar respublikada sahibkarlığın inkişafına yönəldilən tədbirlər məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Bütün bunlar, nəticə etibarilə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən, məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, eyni zamanda mənşəyi məlum olmayan, ekoloji cəhətdən o qədər də təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, həmçinin istehlakçıların hüquqlarının qorunması deməkdir.

Dövlət xidməti tərəfindən ötən il yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlılığı, təsərrüfat subyektlərinin istehsal-xidmət şəraiti, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğuna nəzarət diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 918 halda, o cümlədən qida məhsullarının 917 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunmuşdur. 

Rəqabətin qorunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidmətinə 3 müraciət daxil olmuş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir.

Ticаrət, хidmət və istеhsаl sahələrində fəaliyyət göstərən sаhibkаrlаrа rəqаbətqаbiliyyətli məhsul istеhsаlı və yеrli məhsullаrın sаtışınа üstünlük vеrilməsi istiqаmətində davamlı olaraq mеtоdiki tövsiyələr verilir.

İstehlakçılar ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da onun keyfiyyət hüququdur. İnsanlar aldıqları məhsulların ekoloji və gigiyenik cəhətdən sağlamlıqları üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıdırlar. Hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli və bu işə öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında

Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin

mətbuat xidməti

Nəşr edilib : 15.03.2024 00:01