AZ EN RU

“15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Aparatı və Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər arasında “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” adlı intellektual yarış keçirilib.

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə və Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Çıxış edənlər Qurtuluş Günü haqqında danışıb, bu cür intellektual oyunların əhəmiyyətinə toxunub, oyunun keçirilməsində məqsədin gənclərin intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, istedadlı gənclərin üzə çıxarılması və Qurtuluş tariximizlə bağlı biliklərinin yoxlanılmasından ibarət olduğunu diqqətə çatdırıblar.
Gənclər Mərkəzində baş tutan oyunda 10 komanda olmaqla, ümumilikdə, 60 gənc mübarizə aparıb. Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. 
Yekun nəticələrə əsasən oyunda ən çox xal toplayan “Paradoks” komandası I yerin sahibi olub. “Difai” komandası II yerə, “Könüllü gömrükçülər” komandası isə III yerə çıxıb.
Sonra qalib komandaların üzvlərinə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatları YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatının şöbə müdiri Rail Tağızadə, Gənclər Birliyinin sədri Arzu Qasımov və Gənclər Birliyinin sədr müavini Elvin Əliyev təqdim ediblər.

Nəşr edilib : 13.06.2024 16:04