AZ EN RU

15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini – aparatın rəhbəri Anar İbrahimov bu əlamətdar tarixi günü Azərbaycan dövlətçiliyinin real müstəqilliyə qovuşması tarixinin başlanğıcı kimi səciyyələndirərək  həmin gün əsası qoyulan müstəqil dövlətçilik strategiyasının bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
    “Heydər Əliyev və Milli Qurtuluş fəlsəfəsi” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün həyatı və siyasi fəaliyyəti xalqımızın və dövlətçiliyimizin milli qurtuluş mübarizəsinin tarixi hesab olunmalıdır. 
    “Heydər Əliyev və Azərbaycanda gənclər syasəti” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin üzvü Gülxanım Orucova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu vurğulayıb.

***

    AMEA Naxçıvan Bölməsi və muxtar respublikadakı ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş dövlətçilik tariximizdə” mövzusunda tədbir keçirilib.

    Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzulu məruzəsində ötən əsrin 90-cı illərinin əvvəllərindən ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən, 1993-cü ilin 15 iyun tarixinin əhəmiyyətindən, dövrün və xalqın tələbi ilə hakimiyyətə gələn dahi rəhbərin həyata keçirdiyi siyasi strategiyadan, Azərbaycanın gələcək inkişafına hesablanmış məqsədyönlü addımlardan bəhs edib. Vurğulanıb ki, daim xalqı üçün çalışan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dahi şəxsiyyətin ideyalarına sədaqətlə xidmət edən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideyalarının ardıcıl davamından danışan akademik deyib ki, aparılan uğurlu siyasət sayəsində Azərbaycan, eləcə də onun tərkib hissəsi Naxçıvan Muxtar Respublikası inkişafının ən qüdrətli dövrünü yaşayır. 
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Siyasətdə varisliyin uğurlu formulu” mövzulu məruzəsində dahi rəhbər Heydər Əliyevin sahib olduğu liderlik bacarıqlarına diqqət çəkib. Müstəqillik dövründə qazanılan inkişafdan söz açan rektor informasiya cəbhəsində, diplomatiya və beynəlxalq hüquq sahəsində qazanılan uğurlardan, labüd Qarabağ zəfərindən danışıb, Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin türk dövlətlərini birləşdirmək missiyasını uğurla icra edəcəyini və Naxçıvanın buradakı mühüm əhəmiyyətini qeyd edib.
    “Qurtuluşun çətin və məşəqqətli yolları” mövzusunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov yenicə müstəqilliyini bərpa etmiş ölkəni inkişafa istiqamətləndirmək xalqın gələcəyi üçün islahatlar aparmanın böyük siyasi bacarıq və əsl sərkərdə cəsarəti tələb etdiyini xatırladıb, belə mühüm missiyanın dahi rəhbər Heydər Əliyevə məxsus olduğunu bildirib.
     “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva “Qurtuluşdan başlanan inkişaf strategiyası” məruzəsində 15 iyun tarixini müstəqil Azərbaycan dövlətinin inkişafın yeni mərhələsinə qədəm qoyduğu gün kimi xarakterizə edib. 

***

    Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası universiteti  ərazi partiya təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev: davamlı inkişaf strategiyasının müəllifi” mövzusunda tədbir keçirilib. 

    Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, tarixə qızıl hərflərlə yazılan əlamətdar gündə ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, muxtar respublikanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı.  
   Tədbirdə Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov “Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir” mövzusunda çıxış edib. I kurs magistrant Nelli Quliyeva ulu öndər Heydər Əliyevin Azərbaycanda apardığı uğurlu gənclər siyasətindən danışıb.
    Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunan universitet tələbələrinə üzvlük vəsiqələri təqdim edildikdən sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatı tərəfindən həyata keçirilən “Mənim Partiyam - Yeni Azərbaycan Partiyası” intellektual yarışının qaliblərinin mükafatlandırılması baş tutub. Komandalara diplom və hədiyyə təqdim edilib, həvəsləndirici yerə layiq görülənlər də diplomla mükafatlandırılıb. 

***

    “Naxçıvan” Universitetində “15 iyun müasir tariximizin dönüş mərhələsidir” adlı lektoriya keçirilib.
    Universitetin rektoru, dosent Nurlana Əliyeva tədbirdə çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. Vurğulanıb ki, müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran rektor ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

    Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov “XX əsrin 80-90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr” mövzusunda məruzə edib. 
    Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

***

    Özünüməşğulluq proqramının icrası istiqamətində  Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 18 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Eyni zamanda təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona arpa-buğda qıran aqreqat verilib. Sosial qayğıya ehtiyacı olan 6 ailə Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanmış memorandum çərçivəsində müvafiq aktivlərlə təmin olunub. Bu ailələrin üzvlərindən 1 nəfərinə kiçik dəmirçi sexi üzrə avadanlıqlar, 5 nəfərinə isə dərzi avadanlıqları və ləvazimatları verilib. 

    Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən isə 10 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ailələrin üzvlərindən 4 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə isə 10 yeşik arı ailəsi verilib. 
    15 İyun – Milli Qurtuluş Günü ərəfəsində aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev, sahibkar Namiq Novruzov çıxış ediblər.
    Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub, vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 14.06.2022 21:07