AZ EN RU

“15 İyun Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “15 İyun Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açaraq bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Heydər Əliyev olub. Ümummilli liderimiz öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxelogiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Ulu öndər Heydər Əliyev qurtuluş tariximizin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.

Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Məsmə Cəfərova “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Milli Qurtuluşdan başlanan yol” mövzularında çıxış ediblər. Bildirilib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu göstərirdi. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hökm sürən dərin ictimai-siyasi böhrana son qoyuldu. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyuldu.

Tədbirin sonunda “15 İyun Milli Qurtuluş Günü” adlı sərgiyə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2022 15:51