AZ EN RU

15 iyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan tədbir keçirilib

    Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda 15 iyul – Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümü ilə bağlı keçirilən tədbirdə əvvəlcə əlamətdar günə həsr olunan videoslayd nümayiş olunub, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib, slayd vasitəsilə Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan insanların fotoları nümayiş olunub.
    Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu zaman Türkiyə 251 şəhid verib.
    Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini anmaq üçün, qazilərə ehtiram əlaməti olaraq keçirilən bu tədbirin əsas məqsədi də dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək və bu çevrilişin əsas səbəbkarının əməl və məqsədlərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
    Vurğulanıb ki, dövlət çevrilişi cəhdindən artıq 6 il ötür, bu dövrdə bir sıra beynəlxalq təşkilatlar və ölkələr Türkiyənin haqq səsinə səs verərək baş verən hadisəyə düzgün münasibət göstəriblər. Azərbaycan hadisənin baş verdiyi andan öz dəstəyini qardaş ölkə­dən əsirgəməyib. 
    Çıxışda ölkələrarası dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsində birgə həyata keçirilən layihələrin, iki ölkə arasında imzalanan, parlamentlər tərəfindən qəbul edilən Şuşa Bəyannaməsinin önəmindən də danışılıb.
    Sonra 15 iyul – Demokratiya və Milli Birlik Gününün, xalq-dövlət birliyinin önəmindən bəhs  olunan videoslayd nümayiş etdirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.07.2022 20:56