AZ EN RU

15 aprel – Dünya İncəsənət Günü qeyd edilib

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə 15 aprel – Dünya İncəsənət Günü münasibətilə tədbir keçirilib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil edilən tədbirdə kitabxananın  direktoru Tamella Əsgərova əlamətdar günün tarixi ilə bağlı danışıb. Bildirilib ki, 2019-cü ildə  UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunanDünya İncəsənət Günününyaradılmasında əsas məqsəd incəsənəti inkişaf etdirmək və onu təbliğ etməkdir. 2019-cu ilədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq Mədəniyyət Günü” kimi qeyd olunurdu.

Bildirilib ki, bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunələrimiz yer alır. Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.

Sonra A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanovun “Heydər Əliyev və mədəniyyətimiz” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Turqay Orucovun “Naxçıvan – qədim mədəniyyət və incəsənət diyarıdır” adlı mövzularla çıxışı dinlənilib.

Sonda tədbir iştirakçıları “15 Aprel – Dünya İncəsənət Günüdür” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər MKS-nin əməkdaşları və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2023 15:30