AZ EN RU

147 illik şərəfli mətbuatın el ağsaqqalı, bütün zamanların Molla Nəsrəddin babası

    Salam olsun sənə, ey mətbuatımızın el ağsaqqalı, bütün zamanların müasiri, azadlıq kəlmələrinin ulu carçısı, kefli İsgəndərin, Mozalan bəyin dilindəki həqiqət yanğısı, usta Zeynalın, Qurbanəli bəyin, Məhəmmədhəsən əminin həmyaşıdı, Mirzə Cəlilin qəlbindəki hürriyyət eşqi, yaratmaq, yaşatmaq vüsalı, salam olsun sənə, ey Molla Nəsrəddin baba. Salam olsun ləblərindən süzülən həqiqətlərə, dilindəki “biçarə xalqım!” kəlmələrinə, 25 illik şərəfli ömründə millətindən başqa heç nə düşünməyən, senzuralara, buxovlara, ağır tənqidlərə, təqiblərə məruz qalan, lakin yolundan dönməyən o pak əqidənə salam olsun. Nə az, nə çox, düz 117 il öncə qədəm qoymuşdun Vətənimizin zülmət sabahına. Hər kəlməndən hiss olunurdu qəlbində daşıdığın Vətən yanğısı. Xalqımıza etdiyin o ilk, lakin tarixi müraciətinə də belə başlamışdın: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”. Ey mənim müsəlman qardaşlarım, zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “ha-ha” edib güldünüz ki, az qaldı bağırsaqlarımız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana” dediniz, elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım, əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz aynanı qabağınıza və diqqətlə baxınız camalınıza. Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar. Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?”
    Sən mətbuatımıza ilk qədəm qoyduğun andan etibarən azadlıq və hürriyyət ideyalarının bayraqdarı, istiqlal və mübarizənin rəhbəri olmuşdun. Millətin avamlığı, cahilliyi qəlbini parça-parça etsə də, uzaq Şərq xalqlarının tarixindən səni Vətənimizə dəvət edən, sənə həyat verən Mirzə Cəlilin mənəviyyatına qüssə-qübar niqabı çəksə də, yenə də dik dayandın. İnsanların biganəliyi, yarıtmaz hakimiyyətin səni məhv etmək cəhdinə “Lal ol və danışma”, – dedin. Satirik şeirləri elə sənlə eyni gündə dünyaya gələn ustad Mirzə Cəlilin xalqa çatdırmağın üçün sənə tapşırdığı “Lisan bəlası” adlı ilk satirik şeiri birinci sayında dərc etdirməklə gəldin görüşümüzə. Gələn ayaqların var olsun! Bu şeirlə Cəlil Məmmədquluzadə gələcək mollanəsrəddinçi satirik şairlərə, yəni sənin mübariz ardıcıllarına nümunə göstərdi, istiqamət verdi. Bu şeir uzun illər mənəviyyatı tapdalanan Azərbaycan türkünü özünüdərkə, oyanışa, hüquqları uğrunda mübarizəyə səslədi: 

    Ey dil, dinmə və sükut et, səni tarı,
    Lal ol və danışma.
    Sal başını aşağə və heç baxma yuxarı
    Mal ol və danışma. 

    Min illər azadlığı qoparılan, zəncirlənmiş Prometeytək canı ac-yalavac heyvanlar tərəfindən didilib-dağıdılan millət elə bərk yatmışdı ki, nə etdinsə oyanmadı. Axır ki, müdrikliyin, ağlın, uzaqgörənliyinlə bir əlac tapdın: millətin üzərinə maarif işığı salmağa başladın. Sənin hikmət dolu nəsihətlərini eşidən ardıcılların, mətbuatımızın Mozalanı (Mirzə Cəlil), Hərdəmxəyalı (M.S.Ordubadi), Cüvəllağı bəyi (Əliqulu Qəmküsar), Yetim cücəsi (Əli Məhzun), Hop-hopu (Mirzə Ələkbər Sabir) və digər maarif fədailəri məktəblə, kitabla, qəzetlə, jurnalla insanlara təsir etməyə üz qoydular. Hər həftə işıqüzü görən və sənin adınla xalqa ümid işığı verən “Molla Nəsrəddin” jurnalı millətin oyanışına kömək əlini uzatdı, özünün şirin-şəkər təbirincə desək, qulağına bir para şeylər söylədi, rəngli mühitin rəngarəng insanlarının özrəng xarakterlərini göstərdi. Axırı necə oldu: 

    Biz fəqirə axırı rəhm eyləyib biganələr,
    Açdılar mədrəsələr, klub, qiraətxanələr,
    Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr
    “Molla Nəsrəddin” dedi hər həftə bir əfsanələr,
    Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.

    Xalqla görüşdüyün ilk gündən etibarən yol göstərmək, istiqamət vermək, təsvir etmək üçün böyük Mirzə Cəlillə düşünüb tapdığın, kəşf etdiyin xüsusi bölmələr –  “Teleqramlar”, “Atalar sözü”, “Poçt qutusu”, “Bilməli xəbərlər” və digər yeni rubrikalar səndən sonra uzun illərboyu sənin adını daşıyacaq Mollanəsrəddinçi publisistikanın əsas, aparıcı səhifələrinə çevrildi. Bu gün də qürurla deyirik ki, ədəbiyyatımızın əsas aparıcı qüvvəsi sayılan satiranın bütün gücü və imkanları mollanəsrəddinçilik təlimində öz əksini tapır. Günümüzdə adını qürurla yaşadan akademik İsa Həbibbəylinin sənin haqqında söylədiyi yüksək fikirlərə nəzər yetirək: “Molla Nəsrəddin” jurnalının dili, üslubu, janrları, tipajları, karikaturaçılıq Mollanəsrəddinçi poetikanın əsasını təşkil edir. Mollanəsrəddinçiliyi satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları kimi də başa düşmək olar. Mollanəsrəddinçilik – ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması deməkdir”.
    Dilindən süzülüb gələn həqiqətlər nə yazıq ki, cəmiyyətin bir çox təbəqəsi tərəfindən xoş qarşılanmadı. Baxmayaraq ki, xoş sədan Cənubi Azərbaycan sərhədlərindən başlayaraq bütün Şərq xalqlarına qədər yayılmışdı. Lakin uzun illər əqidəsi yolundan azdırılan, düşüncəsi təzyiqlərə məruz qalan, milli-mənəvi dəyərləri, tarixi kimliyi əlindən alınan millətimizin sənin sözlərini başa düşməməsi də təbii idi. Buna görə onları qınamaq olmaz. Axı onların bu vaxta qədər nə azadlıq şüarı söyləyən ziyalısı, nə də müstəqillik tələb edən ağsaqqalı olmuşdu... Sənin barəndə onlara söylənən, təbliğ edilən fikirlər isə uzun illər səninlə çiyin-çiyinə çalışan dövrünün tanınmış yazıçısı Əbdürrəhim bəy Haqverdiyev tərəfindən xatirələrində öz əksini tapmışdı: “Molla Nəsrəddin” adlı jurnalın ilk nömrəsi şəhər əhalisi arasında bir bоmba tək partladı. Zamanəsinin mollaları insanlara ərz edirdi ki, bu jurnal gərək bir müsəlmanın evinə girməsin, оnu nəinki оxumaq, ələ belə almaq haramdır; оnu maşa ilə götürüb ayaqyоluna atmaq lazımdır”.
    ...Bütün bu çətinliklərə rəğmən bir an belə olsun, öz yolundan ayrılmadın, mübarizə apardın, gəlimli-gedimli, bir ucu ölümlü dünyayla, daha doğrusu, bu dünyanın xalqının başına gətirdiyi acı tale ilə. Sənin vasitənlə insanların qəlbində qaysaq bağlamış, tarixin bir küncündə itib-batmış nələr gətirilmədi ki, günümüzə, nələrdən danışılmadı ki... 117 yaşın olmasına baxmayaraq, ruhunun təravəti hələ də yaşayır, dediklərin hələ də öz tarixiliyini qoruyur. Yenə də avamlar, cahillər, nadanlar, yenə də müharibələr, davalar, intriqalar...Amma sən həmişə öz saf əqidənlə xalqına yol göstər, Molla Nəsrəddin baba. Heç zaman unudulmayacaq Vətən sevdalı müqəddəs əqidəli qələm sahiblərinin saf ruhuna, ləblərindən süzülən həqiqətlərə dərin hörmət və ehtiramla...

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 26.04.2023 20:07