AZ EN RU

14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu əlamətdar tarixi günə həsr olunmuş tədbirlər keçirilib

    İyulun 14-də Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının iştirakı ilə  Heydər Əliyev Muzeyində Ümummilli Lider, dahi siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 54-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsi – milli intibah dövrü” mövzusu ətrafındakı çıxış edib. Bildirib ki, 1969-cu ilin iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra respublikada dərin modernləşdirmə prosesi başlamışdır. Cəmi 13 il 4 aylıq hakimiyyəti ərzində Ümummilli Lider həyata keçirdiyi çoxsahəli islahatlar Azərbaycanı sənaye-aqrar respublikasına çevirmiş, bu dövrdə neft-qaz, maşınqayırma, cihazqayırma, yüngül, yeyinti və digər sənaye sahələri xeyli inkişaf etmiş, tikinti-quruculuq işləri geniş vüsət almış, kənd təsərrüfatının intensiv inkişafı təmin edilmişdir. Bu dövrdə Azərbaycanda 313 yeni iri sənaye müəssisəsi, o cümlədən Naxçıvanda 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, sənaye məhsulu istehsalının real həcmi 2,7 dəfə artmış, milli sənaye keçmiş ittifaqın bütün respublikaları arasında ən yüksək sürətlə inkişaf etmiş, sənaye istehsalının ümumi həcmi 1970-ci ilədək olan 25 illik dövrün istehsalını 2,0 dəfə üstələmişdi. 
    Diqqətə çatdırılıb ki, 1982-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun 1969-cu illə müqayisədə 2,5 dəfə artımına nail olunmuşdur. Nəticədə, Azərbaycan iqtisadiyyatı böhrandan çıxaraq bütün sahələr üzrə sürətlə inkişaf etmiş, iqtisadi və milli gəlir 1969-82-ci illərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, 6 yeni ali məktəb yaradılmışdı. 1970-80-ci illərdə dahi şəxsiyyət Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmışdı. 
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Qayıdışdan Zəfərə uzanan yol” mövzusunda çıxışında qeyd etmişdir ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra ölkəmiz üçün çox ağır və çətin bir şəraitdə 1990-cı il iyulun 20-də Bakıya, iyulun 22-də isə Naxçıvana qayıtdı. 1990-cı ilin sentyabrında Azərbaycan və Naxçıvan ali sovetlərinə deputat seçilən Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının həm düşmən təcavüzündən qorunmasında, həm də düşdüyü ağır sosial-iqtisadi, mənəvi-siyasi böhrandan çıxarılmasında müstəsna rol oynadı. Azərbaycanın xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması, dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımız yenidən öz taleyini məhz dahi siyasətçi Heydər Əliyevə etibar etməklə müdrik qərar qəbul etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində nəinki ölkəni məhv olmaq təhlükəsindən qurtardı, eyni zamanda yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu.  
    Ramin Orucəliyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik konsepsiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeniləşən siyasi mərhələnin çağırışlarına uyğun şəkildə davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində ölkəmiz öz torpaqlarının 20 faizinin ermənilər tərəfindən 30 illik işğal dövrünə son qoyaraq düşməni döyüş meydanında darmadağın etmiş, öz tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələ Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğa istiqamətlənmiş şanlı Zəfər mərhələsidir.
    Sonda tədbir iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisyası ilə tanış olublar. 

***

    Muxtar respublikanın rayonlarında da bu əlamətdar gün münasibətilə tədbirlər keçirilib. Tədbirlərdən əvvəl iştirakçılar Ulu Öndərin həmin rayon mərkəzlərində ucaldılan abidə və büstləri ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olunub. Tədbirlərdəki çıxışlar zamanı bildirilib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

    Diqqətə çatdırılıb ki, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

    Qeyd olunub ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Heydər Əliyev zəkası bütün sədləri yararaq, qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
    Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ulu Öndərimiz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.
    Əlamətdar gün münasibətilə rayonlarda konsert proqramları təşkil olunub, Ordubad rayonunda 25 iyun  2 iyul 2023-cü il tarixlərdə Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışında I yerə layiq görülmüş Sabirkənd kənd tam orta məktəbinin komandasının rəhbər və üzvləri təltif edilib, “Əbədiyyətin ilk əsri”, Kəngərli rayonunda isə “Heydər adlı zirvə” sənədli filmləri nümayiş olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.07.2023 19:38