AZ EN RU

14 iyul 1969-cu il: 55 illik şərəfli tarix

Ulu Öndər Heydər Əliyev: "Mənim həyat amalım bütün varlığımqədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm,iradə verib və bütün uğurlarımı təmin edib".

14 iyul 1969-cu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. 2024-cü il iyulun 14-də Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi tamam olur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”, – deyən Ümummilli Lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi Azərbaycan xalqının taleyinə qurtuluş tarixini yazmasıdır. Ulu Öndərin azərbaycanlı olmağı ilə fəxr edərək sonsuz iftixar və qürur hissi ilə səsləndirdiyi “Azərbaycan mənim qibləgahımdır!” fikrini dahi ömrünün manifesti hesab etmək olar.
Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında da deyildiyi kimi: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur... Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
55 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin siyasi əsasını təşkil edirdi. Ümummilli Lider o illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”. 

Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Belə bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın düşdüyü vəziyyətdən xilası, inkişaf və çiçəklənmə tarixinin başlanğıcı dövrü oldu. Həmin dövrü Heydər Əliyev belə xarakterizə edirdi: “Respublikada olan vəziyyət Moskvaya məlum idi və 1969-cu ilin əvvəllərindən etibarən rəhbərliyi əvəz edəcək şəxsin axtarışında idilər. Bizim Andropovla çox yaxşı münasibətlərimiz vardı. Hǝmin dövrdə Andropov SSRİ DTK-nın sədri idi. O mənə daim hörmətlə yanaşır, etibar edirdi. Tez-tez Bakıya telefon açır, mənimlə danışırdı, bu və ya başqa şəxslə maraqlanır, onun MK-nın birinci katibi vəzifəsinə nə qədər layiqli olduğunu araşdırırdı. Bir dəfə məni Moskvaya, Andropovun yanına dəvət etdilər. Azərbaycandakı siyasi, iqtisadi vəziyyətdən danışdıq. Və Andropov xəbər verdi ki, sabah səni Sov.İKP MK-ya dəvət edəcəklər və mənim namizədliyimi Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə irəli sürəcəklər. Mən təəccübləndim ki, niyə bu barədə mənə heç nə deməyiblər, mən təhlükəsizlik orqanlarında qalıb işləmək istəyirəm. O isə mənə razılıq verməyi tövsiyə etdi. Fikrini belə əsaslandırdı ki, partiya işində təmiz adamlar lazımdır. Bir neçə gün keçdi. Məni Brejnevin qəbuluna dəvət etdilər və Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilmək üçün zəmanət verdilər”.
Buna görə də 1969-cu ilin 14 iyul günü, sadəcə olaraq, respublika rəhbərinin seçim günü yox, həm də milli liderin gəlişi ilə Azərbaycan tarixinin şərəf günüdür. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qısa vaxt ərzində ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında böyük dönüş baş verdi. SSRİ-də ən geridə qalan respublikalardan biri olan Azərbaycan özünün inkişaf yoluna qədəm qoydu, qısa müddətdə böyük sənaye mərkəzinə çevrildi. Elə bu böyük insana görə də xalqımıza, Azərbaycana olan münasibət də kökündən dəyişdi. İqtisadiyyatda, cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar əldə olundu, Azərbaycan müttəfiq respublikalar içərisində ön sıralarda qərar tutdu. Xalqı ilə yanaşı, təbii ki, onun lideri Heydər Əliyevin şöhrəti də hər yerə yayıldı. Görkəmli dövlət xadimi ­Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqətçəkən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan ­Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilmişdir. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdi. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert qeyd edir ki, həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. 
Faktdır ki, 1969-cu ilədək bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmırdı. O zaman SSRİ-də 15 respublika var idi. Təbii ki, hər bir respublikanın rəhbəri də yeni sahənin öz ölkəsində açılmasını, zavodun və ya fabrikin öz ərazisində tikilməsini istəyirdi. Amma həmişə Heydər Əliyev inadkarlığı, uzaqgörənliyi həmin məsələlərin respublikamızın xeyrinə həll olunmasını reallaşdırırdı. Unutmayaq ki, bu işlər heç də asanlıqla başa gəlmirdi.  Bakı Kondisionerləri Zavodunun hansı respublikada tikilməsi ilə bağlı mübahisələrdə Heydər Əliyev şəxsiyyəti böyük rol oynadı. Belə misalların sayı isə yüzlərlədir. Bütün bunlar barəsində Ulu Öndər Heydər Əliyev belə deyirdi: “O dövrdə kondisioner zavodunu Ukraynada tikmək planlaşdırılırdı. İttifaq səviyyəsində məsǝlə həll olunmuş, layihə də hazırlanmışdı. Amma biz mübarizə apardıq, bu zavodun Azərbaycanda tikilməsinə, həm də yapon mütəxəssisləri ilə birgə tikilməsinə nail olduq. Bu cür böyük işlər asan başa gəlmirdi”. 
Hazırda Azərbaycanın bütün əhəmiyyətli istehsal sahələri, səhiyyə, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə gördüyü işləri saymaqla qurtaran deyil. Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin yaranması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılışı, neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının inkişafı – bütün bunlar dahi insan Heydər Əliyevin bizlər üçün, millət üçün yaratdığı əsərlərdir. Görkəmli dövlət xadiminin sözləri ilə desǝk: “Fəxr edirəm ki, Azərbaycanın hər yerində mənim əsərlərim var. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”.
Ulu Öndər Heydər Əliyevin Moskvaya, məsul vəzifəyə gedişi də tarixi hadisə idi. İlk dəfə idi ki, milliyyəti azərbaycanlı olan şəxs SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri seçilirdi. O böyük və məsul vəzifədə də doğma Vətənini unutmayan, onun inkişafına çalışan, hər bir uğuruna sevinən Heydər Əliyevin qəlbi hər zaman Azərbaycanla döyünürdü. Sonralar özü bu haqda deyirdi: “Mən harada olsam da, necə yaşasam da, daim Azərbaycanı düşünürəm. İstər Moskvada yüksək səviyyədə yaşayım, istərsə də Naxçıvanda kasıb bir daxmada”.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xi­laskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası idi. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır.
Naxçıvan Muxtar Respublikası da ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində sürətlə inkişaf etməyə başlamışdır. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan     KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır. 
Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu Öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.
1990-cı il iyulun 20-də Ümummilli Liderimiz Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu Öndər 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. 
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək görkəmli dövlət xadimi Heydər Əliyevi Ali Məclisin Sədri seçdi. Naxçıvanlıların bu müdrik seçimi muxtar respublikanı real işğaldan və qaçqın həyatı yaşamaq təhlükəsindən xilas etdi, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan dövrü çox yaddaqalan dövrdür. Mən o dövrü çox yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən – 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi”.
Rəhbərliyi dövründə Heydər Əliyev öz adını Azərbaycanla, Azərbaycan xalqı üçün gördüyü işlərlə də əbədi bağlamışdır. Buna görə də Ulu Öndərin adı Azərbaycanın tarixinə xilaskar kimi qızıl hərflərlə yazılmışdır. 1993-cü ildə yenidən respublika rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkə qarşısında duran çox çətin və mürəkkəb problemləri qısa zaman kəsiyində həll etdi. Bu elə bir vaxt idi ki, Azərbaycanın müstəqilliyi və varlığı sual altında idi. Yenə də O böyük şəxsiyyət – Heydər   Əliyev xalqının köməyinə gəldi, Azərbaycanı, xalqımızı labüd olan böyük fəlakətlərdən, bəlalardan hifz etdi və xalqının əsl xilaskarı oldu. Bütün ömrünü xalqına həsr etmiş dahi insan həyatının mənasını belǝ qiymətləndirirdi: “Mən həyatımı insanlara sǝadət gətirməyə həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın yaxşılaşmasına həsr etmişəm. Həyatımı Azərbaycanda qurub-yaratmağa həsr etmişəm”.  Ömrünün son gününədək sözünün sahibi oldu.
Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – Ümummilli Liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, müstəqilliyimiz qorunub saxlandı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. 
Heydər Əliyev yolu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişaf yoluna çıxarıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsisindən sonra dövlət idarəçiliyində, vətəndaşla dövlət orqanları arasında qarşılıqlı fəaliyyətdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunub, büdcə vəsaitlərindən səmərəli istifadə, bütün sahələrdə, proseslərdə şəffaflığın təmini istiqamətində tədbirlər həyata keçirilib. Ölkə başçısının diqqət və qayğısı ilə muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda yeniləşən şəhər və kəndlərimiz, müasir infrastruktur, ən əsası sabitlik və təhlükəsizlik Naxçıvanı Azərbaycanın ən gözəl, cazibədar diyarına çevirib. Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası da muxtar respublikanın iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından, tranzit imkanlarından səmərəli istifadə olunmaqla mövcud çatışmazlıqların aradan qaldırılmasına, iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, maddi rifahın yüksəlməsinə təkan verəcək.
Bu gün muxtariyyətinin yüzillik ali təntənəsini yaşayan Naxçıvanın muxtar respublika statusu bu bölgənin 100 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illik yubileyləri keçirilmişdir. Keçirilən yubileylərin ikisi – 50 və 75 illik yubileylər Ulu Öndərin qərarı və iştirakı ilə keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamında da deyildiyi kimi: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”. 
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. Yeni əsrin yeni lideri olan Prezident cənab İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə Azərbaycanı daim irəli aparır. Xalqımız ölkə Prezidentinin ətrafında “dəmir yumruq” kimi birləşib. Azərbaycan irəliyə doğru inamla addımlayır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Zəfər bunun ən yeni sübutudur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğal altında olan bütün torpaqlarımızda dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa etdi,  Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu. Azərbaycan Prezidenti İlham  Əliyev bu Zəfərin memarı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Qalib Lider kimi adını əbədi olaraq tarixə yazdı.
Vətən müharibəsində qazanılan Zəfər Heydər Əliyev siyasətinin nəticəsidir desək, yanılmarıq. Çünki müharibənin başa çatdığı gün müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyən dövlət başçısı cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf konsepsiyasının ən böyük uğurudur. Ulu Öndərin vaxtilə dediyi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun” fikirlərini reallığa çevirən cənab İlham Əliyev Ümummilli   Liderimizin əbədiyaşar ruhunu da şad etdi.
Dahi Öndər Heydər Əliyev Yeni Azərbaycanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Onun Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
P.S.  Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 55 illiyinə həsr etdiyimiz xüsusi nömrəmizdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsindən əldə etdiyimiz 1969-1982-ci illərdə Ulu Öndərin Naxçıvana səfərləri zamanı çəkilmiş fotoşəkillər inanırıq ki, oxucularımızın da marağına səbəb olacaq.

Məhəbbət MİRZƏYEVA

 

Nəşr edilib : 14.07.2024 00:00