AZ EN RU

125 saylı Zəngilan-Qubadlı DSK-sı üzrə azad olunan ərazidə 4 seçki məntəqəsi fəaliyyət göstərəcək

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.

Dairə Seçki Komissiyasının sədri Əli Mönsümov bildirib ki, dairə üzrə Zəngilan və Qubadlı rayonlarında yerləşən seçki məntəqələrində səsvermə prossesinə hazırlıq işləri gedir. Məntəqələrdən biri Zəngilanın Ağalı kənd tam orta məktəbində yerləşən 33 saylı seçki məntəqəsidir. Bu günə qədər həmin məntəqə üzrə 994 seçici qeydə alınıb ki, onlardan da səsvermə hüququ olan 603 nəfər Ağalıda məskunlaşan sakinlərdir. Kənd üzrə ilk dəfə səs vermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.

Əli Mönsümovun sözlərinə görə, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edə biləcəklər. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün fəaliyyət göstərəcək digər seçki məntəqəsi Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı məntəqədir. Bu günədək məntəqə üzrə 570 nəfər seçici qeydə alınıb. Üçüncü seçki məntəqəsi isə Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsidir və burada 561 seçicinin qeydiyyatı aparılıb.

125 Saylı Zəngilan-Qubadlı Seçk Dairəsinin Qubadlı rayonu üzrə fəaliyyət göstərəcək seçki məntəqəsi isə Xanlıq kəndi ərazisində yerləşən 63 saylı seçki məntəqəsidir və bu günədək məntəqə üzrə 1466 seçici qeydiyyata alınıb.

Nəşr edilib : 09.01.2024 17:36