AZ EN RU

1200 aztəminatlı ailəyə ərzaq yardımı paylanılacaq

Martın 13-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında qarşıda duran hədəf və məqsədlərlə bağlı iclas keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclasında gündəliyə çıxarılan məsələlərlə bağlı məlumat verib.

AHİK sədrinin müavini bildirib ki, Şura tərəfindən vətəndaş qəbulunun təşkili, onları narahat edən problemlərin yerindəcə həll edilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, daxil olan müraciətlərin obyektiv şəkildə hərtərəfli araşdırılması məsələlərinə nəzarət gücləndirilməlidir.

Şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini diqqətə çatdıran Şura sədri qeyd edib ki, martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən muxtar respublikada yaşayan şəhid və qazi ailələri də daxil olmaqla 1200 aztəminatlı ailəyə ərzaq yardımı paylanılacaq.

Həmçinin o da vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 16-da yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları tərəfindən “Darıdağ” ərazisində ağacəkmə aksiyası keçiriləcək və 1000 ədəd ağac əkiləcək.

İclasın sonunda muxtar respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları ilə bir sıra vacib məsələlərə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Nəşr edilib : 13.03.2024 19:17