AZ EN RU

12 noyabr – Konstitusiya Günü münasibətilə tədbirlər keçirilib

    Naxçıvan şəhərindəki Gənc­lər Mərkəzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin konstitusion hüquq və azadlıqlara dair hüquqi biliklərinin monitorinqi məqsədilə hüquq olimpiadası keçirilib.
    Olimpiadada tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən suallar təqdim edilib. Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbələrindən Nicat Səfərli I, Fərqanə Mahmudlu II, Məhəmməd Məmmədov isə III yerə layiq görülüb; qalib gələn və yüksək bal toplayaraq fərqlənən tələbələrə diplom və hədiyyələr təqdim edilib.

***

    AMEA Naxçıvan Bölməsində keçirilən tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Akademik müxtəlif illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişiklikləri diqqətə çatdırıb. Vurğulanıb ki, Konstitusiyamıza edilən əlavə və dəyişikliklər onun daha da təkmilləşdirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.
    Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin qarantı və cəmiyyətin demokratik dəyəridir” mövzusunda məruzə edib. Məruzəçi əvvəlcə “konstitusiya” anlayışı, onun mahiyyəti, qanunnamə və konstitusiya tipli dövlət sənədlərinin tarixi haqqında ətraflı məlumat verib. 
    Sonda mövzu ətrafında müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. 
   “Milli Konstitusiyamız siyasi-ideoloji və hüquqi tərbiyə müstəvisində” mövzusunda çıxış edən Hüquq fənləri kafedrasının müəllimi, dosent Elman Cəfərli qeyd edib ki,  cəmiyyətimizdə əsrlərboyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri ulu öndər Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti və uzaqgörənliyi sayəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəlib, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib.    
    Tədbirdə Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Toğrul Bəylərovun “Azərbaycan Respublikasının Konstitusiyası və gənclər siyasəti” mövzusunda çıxışı dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.11.2022 19:57