AZ EN RU

103 yaşlı qoca çinarın – “Şərq qapısı”nın kölgəsində

Amalımız dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etməkdir

Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm. Artıq 10 ilə yaxındır ki, əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin rəsmi təsisçilik hüququnun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə verilməsi xəbəri kollektivin hər bir üzvünün sevincinə səbəb oldu. Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Qanuna dəyişikliyi təsdiq etməsi mənə 2002-ci ildə bu ünvana üz tutduğum günləri xatırlatdı.
2002-ci ildə kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarıişıqlı otaqlarda jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar. Cəmi iki il kənar əməkdaşı olduğum “Şərq qapısı” aradan 13 il keçəndən sonra yenə məni özünə cəlb etdi. Kollektiv şəkildə əmək sərf etdiyimiz bu qəzet mənim üçün həm də ikinci ev oldu...
103 ildir ki, qəzetin yaradıcı kollektivi jurnalistikanın yüksək amalına həmişə sədaqətlə xidmət edib, 70 illik sovetlər dönəmində milliliyimizi, tariximizi yaşatmağa çalışıb, müstəqillik dövrünün ədəbi salnaməsinə yeni parlaq səhifələr yazıb, ağıl və təmkin, səbir və dəyanət yolları ilə addımlayan bu keşməkeşli yollarda heç bir qasırğa, boran, çovğundan qorxmayıb yolundan, amalından, məqsədindən dönməyən bu mətbu orqan öz səhifələrində tarix yazıb. Elə bir tarix ki o tarix xalqımızın dəyanətini, mərdliyini, illərin əsarətindən azadlığa gedən yolunu, dostunun, düşməninin kim olduğunu, zəfər dastanını sətirlərdə, məqalələrdə toplayıb. Naxçıvanın iki əsrə yaxın tarixini öz arxivində qoruya bilib. Vaxtilə dünyanın super güclərindən biri olan sovetlər birliyinin rəhbərliyinin təəccübünə səbəb olan dövlət sənədi də bu qəzetdə dərc edilib. Həmin vaxt Naxçıvan 70 il idi ki, 15 respublikanı özündə birləşdirən, onlara hökm edən bir quruluşa etirazını bildirib öz müstəqilliyini elan etdi. Kiçik bir diyar, bəlkə də, o vaxta kimi bir çox dövlətin tanımadığı Naxçıvan SSRİ kimi nəhəng bir dövlətin tərkibindən çıxıb özünü müstəqil elan etdi. Və həmin gecə 70 ildir ki, nəşr olunan qəzetin tarixində ilk dəfə olaraq sovet rəhbərinin məruzəsi bir kənara atıldı. Müstəqil respublikanın qəzetində 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qəbul etdiyi qərar dərc olundu. Akademik İsa Həbibbəyli “Şərq qapısı” qəzetinin 95 illiyi ilə bağlı qələmə aldığı “Şərq qapısı” məktəbi: uzaqdan və yaxından” məqaləsində bu barədə yazırdı: “Şərq qapısı”qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar-fevral aylarında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlığı ilə çap olunmuşdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisədir. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra “Şərq qapısı” qəzeti xalqımızın milli dövlətçilik və maarifçilik yollarındakı tarixi hünərini, zəfərlərini və böyük əzmini salnaməyə çevirməkdə davam edir”. 
Uzun illər mətbuatda çalışmış və fasiləsiz olaraq 26 il “Şərq qapısı” qəzetində kiçik vəzifədən başlayaraq pillə-pillə daha yuxarı vəzifələrə yüksələn, 10 il qəzetin baş redaktoru vəzifəsini daşıyan Sənubər Kərimova həmin illəri vaxtilə “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə belə dilə gətirirdi: “O vaxtlar redaksiya və mətbəə şəraitsiz binalarda yerləşirdi. Mətbəə avadanlıqları köhnə və yararsız idi. Qəzet bəzən səhərə yaxın hazır olurdu. Sonradan redaksiya və mətbəə üçün yeni binalar inşa edildi. “Şərq qapısı” “Sovet Naxçıvanı – Sovetskaya Naxiçevan” adı ilə böyük formatda, gündəlik rus və Azərbaycan dillərində nəşr edilməyə başladı. Qəzetin rus dili variantı üçün jurnalist kadrları çatışmırdı. Amma redaksiya kollektivi bütün bu çətinliklərə sinə gərərək “Şərq qapısı”nı Azərbaycan Respublikasının müstəqilliyi dövrünə çatdırdı”. 
Müstəqil Azərbaycan dövləti əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. 
“Şərq qapısı” qəzeti daim Naxçıvan ziyalılarının bilik mənbəyi, həyat güzgüsü olub və bir əsrdən çoxdur ki, bu xalqa xidmət edir. Ümummilli Liderimiz “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”,– deməklə muxtar respublikanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan qəzet haqqında müasir oxucuya da bu qəzeti diqqətlə oxumaq fikrini aşılayır, mətbuata maraq oyadır. Sevindirici haldır ki, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elində gedən dəyişiklikləri, igid oğullarımızın Vətən savaşındakı igidliklərini salnamələşdirən “Şərq qapısı” qəzetində bu gün yaxşı qələm sahibləri, ziyalılar yetişib.
Qəzet qədim Şərqin qapısı sayılan və çoxəsrlik tarixə və milli mədəniyyətə malik olan Naxçıvan torpağının keçmişini və bu gününü öz səhifələrində işıqlandırmaqla gələcəyimizə zəngin bir tarixi mənbə yaradıb və bu gün də yaradır. 1990-1993-cü illərdə üçrəngli bayrağımız bu qəzetin səhifələrindən anamız Azərbaycana qanad açdı. İlk dəfə Qanlı Yanvar faciəsinə siyasi qiymətin sədası yüksəldi buradan, Xocalı faciəsi “Xocalı soyqırımı” adlandı. Dünya azərbaycanlılarının bir araya gəlməsi, bir Vətən üçün bir yumruq kimi birləşməsi qərarı buradan pərvazlandı. Müstəqilliyi qazandığımız illərdən bu günə bu qəzet muxtar respublikada təhsilə, səhiyyəyə, mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin inkişaf oxşarlığından, ilan mələyən çöllərə, kəndlərə çəkilmiş su xətlərindən gözəlliyi gözoxşayan yaşıllıq zolaqlarından, əsrarəngiz gözəlliyi ilə yaddaqalan yaylaqlarından, barlı-bərəkətli bağlarından, dünya şöhrətli Duzdağın, Gəmiqayanın möcüzələrindən, min bir dərdin dərmanı olan “Sirab”, “Badamlı”, “Vayxır” sularından, od-ocağımızı isıqlandıran çoxsaylı elektrik stansiyalarımızdan söz açır.
Xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini işıqlandırır. “Şərq qapısı” qəzeti hər nömrəsində oxucularını Ümummilli Liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamı ilə salamlayır və yeni bir mətbuat tarixinin yazarı olur. Şanlı Vətən savaşının qəhrəman şəhidlərinin igidliyindən bəhs edir oxucularına. 
Dünyada çox sayda sənət və minlərlə peşə var. Rəssam şəkil çəkir, bəstəkar musiqi bəstələyir, müəllim təhsilli gənclik yetişdirir, şair şeir yazır, yazıçı əsər. Jurnalistin işi isə dünəni, bu günü yazmaqdır. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda qürurlanır. Çalışdığı işi ürəkdən sevə bilmək, ona aşiq olmaq isə hər kəsə nəsib olmur. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir.
Bu günün biz mətbuat işçiləri xoşbəxtik. Ona görə ki, bizlər Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi Naxçıvanın zəngin tarixi keçmişinin və parlaq gələcəyinin yazarı olmaq şərəfinə nail olmuşuq. Və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunan bu qərarı Azərbaycana qayıtdıqdan sonra Naxçıvanda ilk müsahibəsini “Şərq qapısı” qəzetinə verən Ulu Öndərin, qəhrəmanlığı ilə bizə qələbəni qazandıran, dahi rəhbərin arzularını çin edib igidlikləri ilə dillərə dastan olub əfsanəyə dönən ömürləri haqqında yazılan məqalələrlə “Şərq qapısı” qəzetinin səhifələrini şərəfləndirən şəhidlərin ruhuna dərin ehtiramın ifadəsi hesab edirik. Bundan sonra da 103 yaşlı qoca çinarın kölgəsində dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etməyə can atacağıq. 

 Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 04.05.2024 10:11