AZ EN RU

“1001 Home” mağazası: keyfiyyətli məhsul, peşəkar xidmət, daim yenilənən biznes vərdişləri

    Təxminən, iki ay bundan əvvəl Naxçıvan şəhərində “1001 Home” mağazasının açılışı oldu. “Cahan” Alış-Veriş Mərkəzinin bazasında fəaliyyətə başlayan bu mağazada əvvəllər də olmuşdum, ancaq fərqli konsepsiya və özəllikləri ilə yenidən qapılarını müştərilərinin üzünə açan bu ticarət obyektində, sözün əsl mənasında, Naxçıvanda müasir mağazaçılıq elementlərinin tətbiq edildiyinin şahidi oldum. Elə təəssüratlarımı oxucularla bölüşmək istəyi də buradan başlandı və bu işdə “1001 Home” mağazasının müdiri Yusif Şirzadovla söhbətimiz, düşünürəm ki, maraqlı və səmimi alındı. Hər halda bu qərarı oxucuların öhdəsinə buraxıb söhbətə keçid almaq istərdim: 

    – Yusif müəllim, ilk sualımız belə olacaq: “1001 Home” mağazası nə satır? 
    – Mağazamıza xoş gəlibsiniz. “1001 Home” mağazası, əsasən, ev və ev təsərrüfatında istifadə olunan məhsulları satır. Mağazada müxtəlif santexnika məhsullarından tutmuş asma tavanlar, çilçıraqlar, işıqlandırma sistemləri, divar üzlükləri, istilik sistemləri, mebel məmulatları və məişət əşyalarınadək bir çox məhsullar mövcuddur. Hazırda burada 10 000 çeşiddən çox məhsul satılmaqdadır. 

    – Yəqin, mağazanın adındakı “1001” rəqəmi burada çeşid müxtəlifliyinə işarədir...
    – Bəli, elədir.
    – Mən mağazanın interyeri haqqında soruşmaq istəyirəm. Hiss olunur ki, burada əvvəlkindən fərqli olaraq bir sıra yeniliklər tətbiq edilib.
    – Doğrudur, mağazanın interyerində ilk diqqəti cəlb edən buradakı məhsulların istehlakçılara rahat şəkildə təqdim olunmasına əsaslanır. Satış bölməsi 2000 kvadratmetr ərazini təşkil edir, birmərtəbəlidir, yalnız mağaza idarəçiliyində çalışanlar üçün ikinci mərtəbə nəzərdə tutulub və burada, əsasən, ofislər yerləşir. Mağazanın girişində əvvəllər olduğu kimi giriş və çıxış qapıları ilə üzbəüz 2 satış kassası yerləşir. Mağazaya daxil olduqdan sonra sağ tərəfdə müxtəlif santexnika, divar kağızları, kafel-metlax, hamam aksessuarları yerləşir. Sol hissədə isə ev təsərrüfatında istifadə olunan təsərrüfat avadanlıqları və onların ehtiyat hissələri, elektrik təsərrüfatına aid məhsullar, boya, mebel kimi məhsullar satılır. 

    – Məhsulların düzülüşü həm interyer baxımından, həm də hədəf kütləyə xitab baxımından çox böyük amildir, hətta deyərdim bu amil mağazaçılıqda ilk sırada gəlir. “1001 Home” bu rahatlığı alıcılarına necə təqdim edir?
    – Bir mağaza idarəçisi üçün ən vacib məsələyə toxundunuz. Məhsulların yer seçimi və düzgün şəkildə istehlakçıya təqdimatı bizim üçün  başlıca məsələlərdəndir. Əvvəllər mağazamızda elə məhsullar var idi ki, onları doğru şəkildə alıcılara təqdim edə bilmirdik. Məsələn, divar kağızları. Əvvəlki rəflərdəki düzülüş məhsulun digər çeşidlərinin sərgilənməsinin önünü kəsirdi və müştəri onu tam görə bilmirdi. Ancaq indi yeni ziqzaqşəkilli rəflər burada satılan bütün divar kağızlarının görünməsini asanlaşdırır və müştəridə də əlavə sual yaratmır. Və yaxud kafel-metlax nümunələri. İndi onların sərgiləndiyi rəflər həm məhsula əllə toxunmağa, həm də digər çeşid və rənglərinin alıcıya aydın təqdim olunmasına imkan verir. Asma tavanları da buraya əlavə edə bilərik. Digər bir misal göstərə bilərəm: mənzillər üçün satılan qapılar. Əvvəllər qapılar, sadəcə, mağazanın bir hissəsində sərgilənirdisə, bu gün həmin qapılar çeşid və rəng seçimi olaraq ayrıca bir bölmədə alıcılara təqdim edilir. Belə ki, müştəri indi ayaqüstü divar çərçivələrə salınmış qapı nümunələrini eynilə evdə olduğu kimi, açıb-bağlamaqla həm də digər üzünü rahatlıqla görə bilir. Mağazamızda bir neçə markada və çeşiddə boyalarımız var. Gördüyünüz kimi, bu boyalar, onun istifadə edilməsində gərəkli olan vasitələrlə birgə sərgilənir, eyni zamanda müştərinin kataloqdakı seçdiyi istədiyi rəng tonu burada qoyulmuş xüsusi avadanlıq vasitəsilə qarışdırılaraq ona təqdim olunur. 
    – Yusif müəllim mağazada diqqətimi mətbəx mebelləri çəkdi. İlk baxışdan bu mebellərdə funksionallıq və sadəliyin harmoniyasını görürük, hətta müəyyən mənada klassik retro tərzindən istifadə də yaddan çıxmayıb. Burada bir haşiyə çıxaraq deyim ki, İtaliyanın Milan şəhərində hər il keçirilən ənənəvi mebel sərgiləri, adətən, növbəti illər üçün bazara yeni dizayn meyillərinin istiqamətini təyin edir. 2022-ci ilin mətbəx mebeli trendlərində rəng seçimi “qışqıran”, “bağıran” rənglər deyil, daha çox “passiv” tonlara üstünlüyü nəzərdə tutur. Və bu gün həmin rəngləri burada görürük…
    – Çox sağ olun, yanaşmanıza görə, təbii ki, bunları eşitmək bizim üçün çox xoşdur. “1001 Home” mağazası olaraq müştərilərimizə ən keyfiyyətli və müasir dəbə uyğun məhsulları təqdim etməyi qarşımıza məqsəd qoymuşuq. Sizin qeyd etdiyiniz mətbəx mebelləri yerli istehsaldır və alıcılarımıza sifariş əsasında istənilən ölçüdə bu cür mebellərdən təqdim edə bilirik. Yeri gəlmişkən bu gün mağazamızda satılan məhsulların 20 faizi “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına məxsusdur. Yaxın gələcəkdə yerli məhsullarımızın çeşidləri də artacaq. Həmçinin mağazada ölkəmizdə, eləcə də muxtar respublikamızda istehsal olunan məhsullar da təqdim edilir.
    – Mağazada satışa yönəlik hansı addımlar atılır və yaxud satış strategiyası hansı əsaslar üzərində qurulub?
    – Təbii ki, hər bir ticarət obyektinin, mağazanın özünə seçdiyi bir satış istiqaməti var. “Cahan” ailəsi olaraq bizim prosesə ümumi baxışımız müştərilərə dəyər üzərində qurulub. Yəni müasir biznesin də əsas təməllərindən biri odur ki, o dəyəri verməsən, almayacaqsan. Müştəriyə necə dəyər vermək olar? Yalnız keyfiyyətli xidmət və məhsulla. Bir misal çəkmək istərdim. Bizim mağazada içəri daxil olarkən sağ tərəfdə bir məlumatlandırma nöqtəsi var. Orada daim bir işçimiz oturur. Onun vəzifəsi mağazaya daxil olan, ancaq alacağı məhsulların hansı tərəfdə yerləşdiyini bilməyənləri lazımi istiqamətə yönləndirmək, telefon vasitəsilə zəng vurub məhsul haqqında soruşanlara cavab vermək, sifarişlər qəbul etmək və sairdir. Bildiyiniz kimi, belə ticarət obyektlərində bölmələr arasında da satış komandasından işçilər olur. Ancaq biz çalışırıq ki, mağazada alıcıların hər bir istəyi ilə maksimum maraqlana bilək. 
    – Zənnimcə, bu ondan irəli gəlir ki, müştəri ərzaq mağazalarından fərqli olaraq bu kimi məhsulların satıldığı mağazalarda daha çox vaxt keçirməli olur. Çünki gündəlik ərzaq məhsullarından fərqli olaraq burada satılan mallar haqqında əlavə məlumat almağa ehtiyac yaranır ki, bu da vaxtın uzanması deməkdir. 
    – Tamamilə doğrudur. Satışa yönəlik sualınıza cavab olaraq bunu da deyim ki, adətən, bu kimi mağazalarda dövri olaraq satış kampaniyaları təşkil edilir. Bu bizdə də keçirilir, eyni zamanda mağazamıza daxil olarkən alıcıların ilk qarşılaşdığı satış sahəsi qiymətlərində endirim olanlardır. Burada müxtəlif mallar var və əvvəl satıldığı qiymətlərdən aşağı satılmaqdadır. Bundan əlavə, “1001 Home” mağazasında alıcılar “BirKart” və digər kredit imkanlarından da yararlana bilərlər. 
    – Yusif müəllim, yaxşı satış məhsulun keyfiyyəti ilə yanaşı, həm də yaxşı formalaşmış satış komandasından asılıdır. Ümumiyyətlə, “1001 Home” komandasının satış və xidmət bacarıqlarının təkmilləşdirilməsi işi necə təşkil olunur? 
    – Təbii ki, komanda üzvlərinin satış hazırlığı bizim üçün öndə gələn məsələlərdəndir. Təsadüfi deyil ki, bizim mağazanın kollektivi də mütəmadi olaraq “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı rəhbərliyinin təşkilatçılığı ilə keçirilən satış təlimlərinin iştirakçısı olurlar. Təlimlərdə ölkəmizin bu sahədə tanınmış mütəxəssisləri iştirak edirlər.   

 – Düşünürük ki, təcrübələri bölüşmək müasir biznes vərdişlərini inkişaf etdirməyin ən yaxşı yoludur.  
    – Düzgün qeyd etdiniz, müasir biznesi “başa düşməyin” ən yaxşı yolu baş verən yenilikləri öyrənmək və tətbiq etməkdir. İnanıram ki, “1001 Home”nin potensialı yaxın gələcəkdə bu nümunələrin ölkə bazarında tətbiqinə də imkan verəcək. 
    – Sağ olun, sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 10.03.2022 20:46