AZ EN RU

100 yaşlı qəzet haqqında yeni kitab

Yeni nəşrlər

    “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamında bu mətbuat orqanı Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran bir salnamə kimi dəyərləndirilmişdir. Sərəncamdan irəli gələn “Tədbirlər Planı”na uyğun olaraq həmin istiqamətdə daha dərindən və sistemli araşdırmalar aparılmışdır. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun bu yaxınlarda işıq üzü görən “Şərq qapısı” qəzetinin nəşri tarixinin ilk mərhələsi və yeni ədəbi mühitin formalaşmasında rolu” adlı kitabı da bu istiqamətdə aparılan araşdırmaların uğurlu nəticəsidir.

    Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, Teymur Kərimli, rəyçisi isə AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlidir. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənc nəslin tərbiyə olunmasında bu nüfuzlu qəzetin mühüm təsirini yüksək qiymətləndirən fikirləri ilə başlanır: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. Sonra qəzetin yüzillik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının mətni oxuculara təqdim olunur. 
    Kitab iki bölmədən, “Şərq qapısı” qəzetinin 1923-1926-cı il nömrələrində dərc olunan bəzi materialların biblioqrafiyası və qəzetin tarixində mühüm rol oynamış şəxsiyyətlərin fotoşəkillərindən ibarətdir. Giriş hissədə müəllif “Şərq qapısı” qəzetini qədim diyarın keçdiyi keşməkeşli inkişaf yolunun tam mənzərəsini canlandıran bir güzgü hesab edir. 1990-cı ilədək hakim ideologiyaya xidmət vəzifəsini yerinə yetirməyə məcbur olan bu qəzetin milli-mənəvi dəyərlərimizin və maarifçilik tədbirlərinin təbliği istiqamətindəki fəaliyyəti, yenitipli ədəbi-mədəni mühitin formalaşması və inkişafindakı xidmətləri dəyərləndirilir. Xüsusən 1990-cı ilin qanlı yanvar günlərində müstəqil bir qəzet kimi nəşr olunan qəzetin səkkiz nömrəsi Azərbaycanın senzurasız mətbuatının ən qiymətli nümunələri hesab olunur. 
    “Qəzetin nəşri tarixinin ilk mərhələsi” adlanan birinci bölmədə ideoloji məqsədlə qəzet çap olunması ilə bağlı irəli sürülən təşəbbüslər –  “Kommunist”, “Naxrespublika” kimi qısaömürlü qəzetlərin çapı ilə bağlı problemlər, “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin yubanması səbəbləri,  mətbəə avadanlıqlarının çatışmaması, ixtisaslı kadrların, mürəttiblərin olmaması, bu məqsədlə İrəvandan iki mütəxəssisin Naxçıvana dəvət olunması, müxbirlərin məlumat yazmaqda ehtiyatlı davranmaları və digər məsələlər diqqətə çatdırılır. Dövrün reallıqları, çətinliklər və siyasi rejimin güvənilməzliyi barədə tədqiqatçıların, qəzetin müxbirləri və dövrün şahidlərinin araşdırmalarına, arxiv materiallarına, müxtəlif məqalə və xatirələrə əsaslanaraq qəzetin nəşri tarixi ilə bağlı bir çox mübahisəli məqamlara işıq salınır, bu işdə fəallıq göstərən şəxsiyyətlərin, dövrün tanınmış ziyalılarının xidmətləri hörmətlə yad edilir. Müəllifin arxiv  və həmin dövrün mətbu materiallarına əsaslanan qəzetin “Şərq qapısı” adı ilə 1923-cü ilin əvvəlində, ikinci dəfə isə 1923-cü ilin 28 iyulundan nəşr olunması ilə bağlı tarixləri dəqiqləşdirməsi və 1925-ci ilin avqust ayında Naxçıvanda iki gün davam edən Birinci Müxbirlər Qurultayı, onun qarşısına qoyulmuş məqsədlər, gündəliyindəki əsas məsələlər barədəki araşdırmaların nəticələri Naxçıvan mətbuatı tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik faktlardır. Qəzetin ilk redaktorlarından olan Əvəz Sadığın “Qəzetəmizin yazı və mətbuat tarixinə bir nəzər”, “Qəzetəmiz və məktəb”, “Şərq qapısı”nın getdiyi və gedəcəyi yol” və digər məqalələri, Əli Həsənzadə, Məhəmmədağa Axundov və digərlərinin “Şərq qapısı” qəzetinə həsr olunan yazıları onun nəşrə başlaması və inkişaf yolunun ilk mərhələsi haqqında məlumat verən dəyərli mənbələr kimi yüksək qiymətləndirilir. Qəzetin müxtəlif illər üzrə redaktorları, ilk qadın redaktoru müəyyənləşdirilmiş, 1933-1934-cü illərə qədər redaktor əvəzinə çox zaman “heyəti-təhririyyə” sözünün yazılması kimi məqamlar tədqiqatçı həssaslığı ilə incələnmişdir. Yazıçı Əli Vəliyevin redaktorluğu dövründə qəzetin tirajının iki min nüsxədən on min nüsxəyədək qalxması, oxucuların diqqətini daha çox cəlb edən aktual mövzularda yazıların yer alması, eyni zamanda tanınmış yazıçı və ictimai xadim Mirzə İbrahimovun da Naxçıvan MTS-in “Sürət” qəzetinin redaktoru vəzifəsində çalışması ilə Naxçıvan ədəbi-mədəni mühitində yaranmış canlanma müəllifin fikrincə, qəzetin inkişafı tarixində xüsusi bir mərhələnin – əvvəlki illərə nisbətən yüksəliş mərhələsinin əsasını qoymuşdur. Qəzetin ilk qadın redaktoru Məsudə Nuruyeva, repressiya illərində tez-tez redaktorların dəyişdirilməsi və cəzalandırılması, 1932-1941-ci illərdə qəzetin şöbə müdiri işləmiş “uşaq ədəbiyyatımızın cəfakeş nümayəndəsi” Əbdül Kazımın faciəli həyatı haqqındakı məlumatlar qəzetin həmin illərdə olduqca çətin və keşməkeşli yollardan keçdiyini bir daha təsdiqləyir. Müəllifin qəzetin ilk yubiley nömrəsi barədə araşdırmalarının nəticələri də təqdirəlayiqdir. 1925-ci il mart ayının 23-nə nəzərdə tutulan, lakin 31 mart tarixində çap olunan bu nömrə üçün bir ay öncədən hazırlıq tədbirlərinin aparılması və qəzetin tarixində mühüm xidmətləri olan müxbir və tanınmış ziyalılardan məqalə və xatirələrin toplanılması nəticəsində qəzetin dörd ildə keçdiyi inkişaf yolu haqqında dolğun təsəvvür yaradılmışdır. Birinci bölmədə “Şərq qapısı” qəzetinin ilk  qadın müxbirləri olan Səkinə Rasizadə, Siddiqə Bağırova, Qəşəng Kəngərli, Rübaba Sadıqova, Qəmər Nəcəfova və başqalarının həm şəxsiyyətləri, həm də qəzetdə çap olunan müxtəlif məzmunlu yazıları haqqında ilk dəfə olaraq ətraflı məlumat verilmişdir. Sovet hakimiyyətinin ilk illərindən etibarən Naxçıvan və eləcə də Azərbaycan qadınlar hərəkatının fəal üzvləri olan bu müxbirlər qadın azadlığı, maarif, mədəniyyət, səhiyyə, qız məktəbləri, savad kurslarının artırılması kimi son dərəcə aktual problemlərə həsr olunan məqalələri ilə diqqəti cəlb etdirən publisistik nümunələr kimi təqdim olunur. 
    Kitabın “Naxçıvanda yeni ədəbi mühitin formalaşdırılmasında “Şərq qapısı”nın rolu” adlı ikinci bölməsində müəllifin araşdırmaları Naxçıvanda yeni ədəbi mühitin formalaşdırılması və inkişafında “Şərq qapısı” qəzetinin regiondakı ilk elmi qurumla və ədəbi qüvvələrlə əməkdaşlığının mühüm əhəmiyyətə malik olması qənaətinə gəlməsinə əsas vermişdir. Qəzetin nəşrinin ilk illərində (1923-1925) onun səhifələrində ictimai məzmun daşıyan ədəbi-bədii nümunələrin və publisistikanın müxtəlif janrlarının gizli və açıq imzalarla yer alması diqqətə çatdırılır. 1925-ci ildə Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətində (NTTC) fəaliyyətə başlayan ədəbiyyat bölməsinə istedadlı romantik şair və dramaturq Hüseyn Cavidin qardaşı, tanınmış pedaqoq və şair Şeyx Məhəmməd Rasizadənin rəhbərliyi qəzetin yazılarında da mövzu və məzmun baxımından diqqətəlayiq novatorluğa səbəb olmuşdur. NTTC-nin fəal üzvlərindən olan Seyid Səbrinin poeziya, dramaturgiya və publisistika sahələrindəki əsərləri və tanınmış ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin nəzm və nəsrlə yazılan felyetonları gənc yazarlar üçün örnək hesab olunur. Bu janrın XX əsrin əvvəllərinə təsadüf edən formalaşma tarixi, bildiyimiz kimi, böyük satira ustası, Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi Cəlil Məmmədquluzadə və onun redaktorluğu ilə dərc edilən “Molla Nəsrəddin” jurnalı ilə əlaqədardır. Müəllif bu bölmədə “Molla Nəsrəddin” dərgisində “Şərq qapısı” qəzetilə bağlı dərc olunan yazılara xüsusi yer ayırmış, onların bir-birilə qarşılıqlı əlaqə və münasibətlərinin tarixinə dair diqqətəlayiq məlumatlar vermişdir. Alimin araşdırmalarından aydın olur ki, “Molla Nəsrəddin” publisistika sahəsində qəzetin sələfi olaraq onun formalaşmasına mühüm təsir etməklə yanaşı, həm də “Şərq qapısı” qəzetini mötəbər bir mətbuat orqanı kimi qəbul etmiş və ara-sıra onun səhifələrində dərc olunan məqalələrə istinadlar etmişdir. Müəllifin araşdırmalarından o da aydın olur ki, bu illərdə tənqidi publisistik yazılara görə müxbirlər onları təqib edən məsul şəxslər tərəfindən yaradılmış problemlərlə, hətta həmin şəxslərin özlərini müdafiə üçün əl atdıqları saxtakarlıqlarla tez-tez üzləşmişlər. “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadənin ilk dəfə Fərman Xəlilov tərəfindən tədqiqata cəlb edilən məktubu da bu cür çətinliklərdən xəbər verir. “Molla Nəsrəddin” jurnalı yeri gəldikcə qəzetin daha mükəmməl tərtibatla çap olunması və abunə kampaniyasının təşkili, vaxtında oxuculara çatdırılması və digər məsələlərdə müvafiq məsləhətlər verməyi də məqsədəuyğun hesab etmişdir. 
    Kitabın “Şərq qapısı” qəzetinin 1923-1926-cı il nömrələrində dərc olunan bəzi materialların biblioqrafiyası” hissəsi Naxçıvanda yeni ədəbi-mədəni mühitin formalaşmasında bu qəzetin rolunu daha aydın və əyani təsəvvür etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Burada konkret illər üzrə “Şərq qapısı” qəzetində dərc olunan ictimai, elmi, ədəbi, maariflənmə və mədəniyyətin müxtəlif sahələrinin inkişafına dair 200-ə yaxın məqalənin siyahısı oxucuların istifadəsinə təqdim edilmişdir. “Fotoşəkillər” hissəsi isə “Şərq qapısı” qəzetinin tarixində xidmətləri olan şəxslərin – qəzetin rəhbəri, ilk redaktorları, qadın redaktor və müxbirləri, ilk fəhlə-kəndli müxbirlərinin tanıdılması baxımından əhəmiyyətlidir. 
    Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, filologiya elmləri doktoru Fərman Xəlilovun “Şərq qapısı” qəzetinin nəşri tarixinin ilk mərhələsi və yeni ədəbi mühitin formalaşmasında rolu” adlı kitabı qəzetin nəşr olunduğu ilk illərlə bağlı bir sıra rəqəmlərin dəqiqləşdirilməsi, yeni fikir və mülahizələrin irəli sürülməsi, qəzetin ilk redaktorları və müxbirlərinin həyatı və publisistik fəaliyyətilə bağlı əhatəli araşdırmaların nəticələri ilə əsaslandırılan və eyni zamanda arxiv sənədləri, elmi ədəbiyyatlara da istinad olunan dəyərli bir araşdırmadır. 

Aygün ORUCOVA
 filologiya üzrə fəlsəfə doktoru, dosent   

Nəşr edilib : 12.05.2022 19:22