AZ EN RU

100 yaşlı Naxçıvan bölgə üçün nümunə təşkil edir

    1999-cu ildə Naxçıvanın təbii gözəlliyi ilə məşhur Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşam. Hazırda Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin Kompüter elmləri sahəsində magistr təhsilimi davam etdirirəm. Təhsilimdə qazandığım biliklər və bacarıqlar mənə müxtəlif sahələrdə nailiyyət qazanmaqda kömək edir. Mən həmçinin “Nokia Solutions and Network” şirkətində Technical Communicator vəzifəsində fəaliyyət göstərirəm. 
    Bir naxçıvanlı olaraq deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası tərəqqi və tarixi zənginliyi ilə möhkəm potensiala sahib olan bir bölgədir. Bu bəhrəli ərazinin 100 illik muxtariyyət tarixi müstəqilliyin ona bəxş etdiyi ən böyük töhfədir. Naxçıvan Muxtar Respublikası qədim tarixini qoruyub saxlamağı bacaran və müstəqil ruhu ilə diqqətçəkən bölgə olub. 100 illik tarixi boyunca Naxçıvan həm dəyərli mədəni irsi, həm də müasir infrastruktur və iqtisadi sahədə əldə etdiyi nailiyyətlər ilə diqqət çəkib. Naxçıvan Muxtar Respublikası mövcudluğunu qeyd etməkdə, tarixindən qürur duyaraq müstəqil ruhunu dünya ilə bölüşməkdə və bölgə üçün bir nümunə təşkil etməkdə davam edir.
    Düşünürəm ki, hər bir xaricdə yaşayan azərbaycanlı keçirilən tədbirlərdə iştirak etməli, Azərbaycanın, onun bölgələrinin və tarixinin tanıdılmasında rol oynamalıdır. Bu tədbirlər Azərbaycanın, o cümlədən onun bölgələrinin tarixinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıyır. Qədim diyarımızın 100 illik yubileyi münasibətilə bütün naxçıvanlıları ürəkdən təbrik edir, neçə belə yüzilliklərinin qeyd olunmasını diləyirəm. 

Nəşr edilib : 28.02.2024 17:12