AZ EN RU

100 yaşlı muxtariyyətin 34 illik zəfər qalası

Mübarizlik rəmzi, qürur, iftixar mənbəyi, inam, etibar yeridir, müasir tariximizin vətənpərvərlik nümunəsi, xalqımızın cəsarət, ləyaqət, sədaqət məktəbidir Sədərək. 1990-cı illərin ağrılı-acılı günlərinin ən ümdə şahidi, Ümummilli Liderimiz Heydər Əliyevin dühası, fenomenliyi, qəhrəman oğulların şücaəti, al qanı ilə, birlik, bərabərlik sayəsində yenilməzlik salnaməsi yazan Azərbaycanın qeyrət qalası, şərəf məbədidir bu yurdumuz. 44 günlük Vətən müharibəsində Məmmədhəsən Sadiqli, Tağı Abdullazadə, Ərtoğrul Nadirli, Rüfət Gözəlov kimi qəhrəmanları ilə böyük Qələbəmizə töhfələr verərək bir daha göstərdi tükənməyən əzəmətini, bitməyən qətiyyətini, əzmini, iradəsini. Üzük qaşı kimi dörd bir yanını dövrələyən dağların vüqarından, dövlətimizin qüdrətindən, ordumuzun müzəffərliyindən, gecə-gündüz keşiyini çəkən oğulların hünərindən güc alan zəhmətkeş insanlarının yaratdığı bərəkət limanına, quruculuq, abadlıq, inkişaf abidəsinə çevrilir günü-gündən bu bölgəmiz. Vətənə sədaqət, yurda məhəbbət, el-oba təəssübkeşliyi nümunəsi kimi bugünkü və gələcək nəsillər üçün örnək olan məğrur duruşlu Sədərək əmin addımlarla irəliləyir yüksəliş, tərəqqi yolunda... 

Alınmaz qalanın, yenilməz 
zirvənin möhtəşəmliyi önündə...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyində bu bir əsrlik möhtəşəm tarixin üçdəbiri qədər inkişaf, tərəqqi yolu qət edən, ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz yerə və rola malik Sədərək rayonuna üz tuturuq. Yolboyu gözlərim önündə fəsillər gözəli baharın bir-birini tamamlayan bənzərsiz mənzərələri, füsunkar görünüşlü, büsatlı günlərini yaşayan abad yaşayış məntəqələrimiz canlanır. 
Dərələrdən, təpələrdən üzübəri boy göstərən yamyaşıl taxıl, qarğıda­lı zəmiləri, barverən ağaclar, cidd-cəhdlə çalışan insanlar, zəhmətkeşlik tablosunun füsunkar çalarlarıdır... Kəngərli, Şərur rayonlarının müstəqilliyimizin, dövlətçiliyimizin rəmzi sayılan Bayraq meydanlarını, böyük Qələbəmizin müəllifləri – şəhidlərimizin fotoşəkillərini gördükcə fəxarət hissinə bürünür, qürurla etizaza gəlir vücudum... Çox keçmir ki, Sədərəyin ümumi simasını daha da gözəlləşdirən, ilbəil daha da büsatlanan Heydər­abad qəsəbəsinin timsalında iş-güc dalınca tələsən insanların yol aldığı, avtomobillərin şütüdüyü geniş küçələr, səliqə-sahmanı ilə gözoxşayan rahat səkilər, müasir görünüşlü inzibati binalar, mağazalar, həyətində qaçdı-tutdu oynayan uşaqların şaqraq gülüşlərinin ətrafa yayıldığı məktəb binaları, həmişəyaşıl ağaclarla bəzənən park və xiyabanlar qarşılayır bizi. Budur artıq 1 saat 20 dəqiqədən sonra 80 kilometrlik məsafə arxada qalır, ünvana yetişirik...

Sədərəkdə ilk müsahibimiz 1990-cı illərin qanlı-qadalı günlərinin əyani şahidi Vəzir İmamverdiyevdir. Doğma yurdunu bədxah düşməndən qorumaq naminə günlərlə ac-susuz keşiyində dayanan döyüşçü deyir ki, Ümummilli Liderimizin adlandırdığı kimi Sədərək Naxçıvanın qeyrət qalası statusunu, sözün əsl mənasında, şərəflə, ləyaqətlə daşıyır. Ötən əsrin sonlarında rayonun (kəndin) keçdiyi mübarizə yolu, fəth etdiyi qəhrəmanlıq zirvəsi barədə nə qədər danışsan, döyüşçülərin şücaətini, insanların əzmini, yurda bağlılığını nə qədər vəsf etsən, yenə də azdır. Sədərəklilər heç zaman düşməndən çəkinməyiblər, sözü üzlərinə deyən insanlar olublar. Hələ 1988-89-cu illərdə mənfur ermənilər tərəfindən qərbi azərbaycanlıların öz yurd-yuvalarından deportasiyası, Qarabağın Azərbaycandan qoparılması prosesini ən yaxından müşahidə edən və ən yüksək etirazını bildirən də məhz sədərəklilər idi. Bundan qəzəblənən yağı düşmən 1989-cu ildə bizim “Qaraağac” deyilən meşəlik ərazidə nə qədər ağaclar var idisə hamısını çapıb-taladılar. Bütün sakinlər birlik göstərərək bu ədalətsizliyə qarşı çıxdıq və onları geri oturtduq. 1990-cı il Bakıda hələ Yanvar qırğını başlamamışdan bir neçə gün öncə, daha dəqiq desək, yanvarın 17-18-dən başlayaraq rayonumuz aramsız atəşə tutuldu. Sədərək ilk şəhidlərini ayın 18-19-da verdi. Vətənimizin mərd oğullarından Məhərrəm Seyidov, İdris Məmmədov, Etibar Məmmədov və digər silahdaşlarım yurdumuzun müdafiəsində böyük şücaət göstərərək müqəddəs zirvəyə ucaldılar. 1991-ci ildə də Sədərəyə hücumlar davam etdi, 1992-ci ildə isə rayon (kənd) uğrunda şiddətli döyüşlər getdi. Sizi inandırım ki, buraya əhalinin sayından bir neçə dəfə çox top mərmisi düşdü, 100-dən artıq ev dağıdıldı. Döyüşün qızğın getdiyi mövqe isə Miltəpə istiqaməti idi. Həmin mövqedə bizim yeni yaradılmış ordumuzun 14 əsgəri və      4 könüllü insan şəhid oldu... 

Müqəddəs amal uğrunda 
hər kəs səfərbər idi...

Vəzir İmamverdiyev deyir ki, erməniləri bu qədim yurdu ələ keçirməyə iştahalandıran Sədərəyin ticarət, nəqliyyat əlaqələri baxımından əlverişli mövqedə yerləşməsi, xüsusilə də Türkiyə ilə birbaşa sərhədinin olması idi. Ancaq birliyimiz-bərabərliyimiz qarşısında ağ bayraq qaldırdılar, arzuları gözlərində qaldı yağıların. Naxçıvanın hər yerindən – Nehrəmdən, Cəhridən, Culfadan, Ordubaddan hər kəs Sədərəyin müdafiəsinə axışdı. Rayonda bir dənə də olsun, ev boşalmadı, hər kəs yurdunu qorudu. Təəssüf doğuran hal isə silah-sursatımızın yoxluğu idi. Ən yaxşı silahımız təklülə ov tüfəngləri idi ki, o da 10 nəfərdən birində tapılardı, ya yox... 1992-ci ildə müharibənin ən qızğın vaxtında iki gün biz mövqelərdə acqarına döyüşdük, sonra Qazançı kəndindən yemək göndərə bildilər. Ağsaqqaldan gəncə, hər kəs səfərbər olmuşdu bir müqəddəs amal uğrunda. Oruc Abdullayev, Musa Əliyev, Oruc Səfərov yaşlarının 70-dən yuxarı olmasına rəğmən əldə silah döyüşə rəhbərlik edirdilər, daim mövqeləri yoxlayırdılar. Bu da, təbii ki, gənc nəslə örnək kimi onları Vətənin müdafiəsinə daha da ruhlandırırdı. Odlu silahı olmayanlar, hətta balta, yaba kimi vasitələrlə düşmənin top-tüfənginin qarşısına çıxırdı. Onu da xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin Sədərəyin düşməndən qorunmasında böyük rolu oldu. Naxçıvanın hər yerindən buraya üz tutanların təşkilatlanmasını uğurla həyata keçirən Ümummilli Liderin bir neçə dəfə rayona gəlişi hər kəsi ruhlandırdı. Xatirimdədir, dahi şəxsiyyətlə 1990-cı ildə ilk dəfə Mədəniyyət Evində görüşümüz oldu, kişi-qadın – hər kəs o görüşdə iştirak edirdi. Dahi insanla söhbətimizdən sonra içimizdəki inam işığı daha da parladı. Ulu Öndər sonralar bir neçə dəfə Sədərəyə gəldi, sakinlərlə, döyüşçülərlə görüşdü, öz göstərişlərini verdi... Beləcə, Ümummilli Liderin yolgöstərənliyi sayəsində, birlik göstərərək torpaqlarımızı qoruyub saxladıq. 1992-ci il mayın 28-də Sədərək-Dilucu “Ümid” körpüsünün açılması ilə arzularımız, ümidlərimiz çiçək açdı, iki qardaşın vüsalı yurdumuza bərəkət, əmin-amanlıq gətirdi. Və 28 il sonra isə tarixi ədalət zəfər çaldı. Ulu Öndərin yoluna sədaqətin nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Bu gün qalib xalqın nümayəndələri kimi alnımız açıq, başımız dik şəkildə gəzirik...
1990-cı ilin yanvarın 17-də düşmənin Sədərəkdəki şərab zavodunu partlatmaq məqsədilə atdığı top mərmisi yaxınlıqdakı həyətə düşür və nəticədə, Elvin və Malik Nəsirov qardaşları rayonun ilk şəhidlərindən olurlar. Ataları Tofiq Nəsirov övladlarının şəhadətə yetmə xəbərini səngərdə düşmənlə üz-üzə döyüşdüyü zaman alır. Üzərindən 34 il keçsə də, hələ də körpə övladlarını itirmə anını unuda bilməyən qəhrəman eloğlumuz deyir ki, Malik və Elvin kimi, digər şəhidlərimizin müzəffər Ordumuz tərəfindən 44 gün və 23 saat ərzində qisasının alınması ona hədsiz qürur yaşadıb: – II Qarabağ müharibəsində düşmənin Gəncə şəhərinə atdığı raket zərbələrindən dünyasını dəyişən azyaşlıları görəndə illərdir, köksümü yaralayan o hadisə yenidən gözümün önündə canlandı. Lakin haqq nahaqqı üstələdi, günahsızların qanı yerdə qalmadı. 44 günün sonunda düşmən üzərində qazandığımız misilsiz Zəfər bütün şəhid ailələri kimi bizim də ağrı-acılarımıza məlhəm oldu. Şuşa alınanda evimizdə hər kəs sevincdən ağlayırdı. Fəxr edirik ki, Naxçıvanımızın, Sədərəyin mərd oğullarının da o böyük Qələbədə imzası vardır. Bax budur əsl Qələbə. Ötən günlərdə Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın 4 kəndinin azad olunması isə möhtərəm Prezidentimizin siyasi iradəsinin növbəti təntənəsidir. Yaşasın Ulu Öndər vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycanın dönməz, məğrur əsgər-zabiti! 

Barıt qoxulu günlərdən
 bol bəhrəli illərə...

Milli kimliyimizin açarı sayılan “Kitabi-Dədə Qorqud” dastanında el ağsaqqalı Qorqud ata Vətən, yurd sevgisi ilə coşub-daşan Oğuz övladlarına torpağın qiymətini izah edir: “Torpağın yiyəsi olmaq üçün iki şərt var. Bir odur ki, bu torpağı gərək əkib-becərəsən, o birisi odur ki, torpağı yağılardan qoruyasan. Əgər torpağı əkib-becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib-becərməyə dəyməz”. 
Ulu babamızın min il öncəki nəsihəti sanki bugünkü Sədərək üçün deyilib. Mənfur düşmənə gözdağı olan alınmaz qala, fəth olunmaz zirvə sayılan bu elimizin övladları yurdu qorumaqla yanaşı, onu gülüstana çevirməyi də gözəl bacarırlar. Hər fəsildə bir başqa gözəlliyə bürünən rayon yazda daha böyük füsunkarlığı ilə bu yurdun insanlarına yaşamaq-yaratmaq əzmi aşılayır. Son illərdə ölkəmizdə aparılan iqtisadi siyasətin bəhrələri kimi, rayonda bütün sahələrdə infrastruktur qu­ruculuğu aparılıb, yeni ailə təsərrüfatları yaradılıb, sahibkarlıq subyektləri qurulub, mağazalar açılıb, bir sözlə, insanların güzəranı xeyli yaxşılaşıb... 

Sədərək Rayon Mədəniyyət Şöbəsinin mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri, ziyalı Kəmalə Əliyeva deyir ki, 1990-cı illərdə şərəf, ləyaqət dastanı yazan məğrur oğullar, onların övladları bu gün yurdumuzun bağrında güllər, çiçəklər açdırır. Ölkə başçısının reallaşdırdığı iqtisadi islahatların uğurlarını hər bir sakin öz həyatında hiss edir. Ulu Öndərin yadigarı, adını daşıyan Heydərabad qəsəbəsi başdan-başa dəyişilir, insanların rahatlığına xidmət edən abad yaşayış məntəqəsinə, inzibati mərkəzə çevrilir. Rayonumuzda adla deyilən, istehsal etdikləri məhsulları ölkəmizin hər yerini dolaşan, süfrələrin bəzəyinə çevrilən Mehparə Hüseynova, Nazirə Əliyeva, Yavər Hüseynov və digər təsərrüfatçıların əməyi, zəhməti güllər açır. Zəhmətkeş insanlar Qalib Ordumuza, qüdrətli dövlətimizə arxalanaraq, ötən əsrdə olduğu kimi yenə də düşmənə gözdağıdırlar: həm torpaqlarını göz bəbəyi kimi qorumaqla, həm də bu torpaqda qurub-yaratmaqla...
    “Arxası dağ olanın başı göylərə çatar”, – deyiblər. Bu gün düşmənlə bir addımlıqda yaşayıb-yaradan məğrur sədərəklilərin arxasında dağ kimi əzəmətli, vüqarlı bütöv Azərbaycanın Qalib, məğrur əsgəri, zabiti dayanıb. Rayon sakinləri ürəklərində alovlanan Vətən eşqinin, yurd sevgisinin verdiyi böyük mənəvi, fiziki güc sayəsində bölgənin inkişafına töhfələr vermək əzmiylə çalışırlar. 100 yaşlı muxtariyyətin 34 illik qəhrəmanlıq, şücaət, zəfər qalasının inkişaf, tərəqqi ətirli neçə belə onilliklər fəth etməsi diləyi ilə...

Nigar ƏSGƏROVA

Naxçıvan Dövlət Universitetinin tələbəsi

Məqalə "Şərq qapısı" qəzetinin elan etdiyi "Naxçıvan 100 ildə" yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 30.04.2024 10:16