AZ EN RU

“100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Naxçıvan Gənclik Mərkəzində Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin təşkilatçılığı ilə “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərinin misilsiz olduğunu vurğulayan Tükəzban Quliyeva görkəmli dövlət xadiminin Naxçıvan dövrü fəaliyyətindən danışıb, burada qəbul edilən  tarixi qərarların Azərbaycanın müstəqilliyi, gələcək inkişafı üçün əsas olduğunu bildirib.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev qadın, uşaq və gənclərin fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, qaçqınlara, məcburi köçkünlərə şəhid və qazi ailələrinə xüsusi həssaslıqla yanaşıb, həmişə onların qayğısına qalıb.  Bu gün  bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən bütün sahələrdə layiqincə davam etdirilir.  

Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Esmira Tağıyeva bildirib  ki,  muxtar respublikanın 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu gün Naxçıvan inkişafının ən yüksək zirvəsindədir. 

Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin əsas fəaliyyət istiqamətindən danışan Esmira Tağıyeva  mərkəzin beynəlxalq hüquqi araşdırmalar, uşaqlar, gənclər, eləcə də bütün əhali arasında dövlətin müəyyənləşdirdiyi sosial-iqtisadi, ümumi maarifləndirmə tədbirləri apardığını, ümumilikdə azərbaycançılığı, dövlətçiliyi təbliğ edən qeyri hökumət təşkilatı olduğunu vurğulayıb. 

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov çıxışlarında 44 gün ərzində əldə edilən tarixi Zəfərdən, naxçıvanlıların müharibədəki rəşadətindən danışıb, daim şəhid ailələrinin, qazilərin  yanında olmalıyıq deyə bildiriblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin hazırladığı və Naxçıvan teleradiosunun Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətinə həsr etdiyi “Ömrün Naxçıvan Aşıırmları” filmindən qısa videoçarxlara baxış olub.

Tədbir bədii hissə ilə yekunlaşıb. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında konsert proqramı iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 07.05.2024 17:59