AZ EN RU

100 illik səhiyyənin 43 illik Sevdası...

Həyatını tamamilə peşəsinə, sənətinə bağlayan, taleyi, ailəsi, hətta övladı da işi olan qadınlarımız var. Namus-ismətini, insanlarla xoş münasibətini peşəsinin baş tacı edən, zəhmətkeşliyi ilə sənətini zirvələrə qaldıran, əlinin əməyi ilə ürəyinin istisini birləşdirib şəfa paylayan qadınlarımız var.  Onlardan biri –  Sevda Piriyeva haqqında söhbət açmaq istəyirəm. Naxçıvan Muxtar Respublikasının həm muxtariyyətinin, həm də səhiyyəsinin 100 illiyi münasibətilə Əməkdar tibb işçisi adına layiq görülən Sevda xanımdan... Ömrünün 43 ilini Azərbaycan səhiyyəsinə verən, yaşadığı Şahbuz rayonunun sakinlərinin sağlamlığı keşiyində dayanan, bu işdə gecəsi-gündüzü olmayan Sevda xanım haqqında danışmaq o qədər xoşdur ki...

Ona görə belədir ki, sənətinə sevgisinin sonsuz olduğunu bildiyi adamlar haqqında danışarkən insan yalnız xoş hisslər keçirə bilir. Elə onun uğuruna, əməyinə verilən dəyərə də eyni hisslərlə yanaşır.

“Sevda xanım olan yerdə həkimə ehtiyac yoxdur”, – deyirlər, Şahbuzda. Çünki o, 43 ilin tibb bacısıdır. Bu 43 ili, sadəcə, tibb bacısı adını üzərində gəzdirərək fəaliyyət göstərməyib. Daim öz üzərində işləməsi, sənətinə məsuliyyətlə və sevgi ilə yanaşması ilə insanların bu qənaətinə səbəb olub.

Gecənin istənilən saatında, gündüzün hər anında Sevda xanıma bir zənglə xəstə düşdüyü çətin vəziyyətdən çıxıb. İllərin təcrübəsinə əsaslanan biliyi, illərlə gördüyü işə məhəbbəti bu uğurunun hekayəsidir. Onun əsl tibb işçisinə xas olan xüsusiyyəti isə xəstəsi sağalanadək hər an zəng etməsi, vəziyyəti ilə maraqlanması, sağlığına qovuşanadək rahat ola bilməməsidir.

Elə onu hər kəsə sevdirən xüsusiyyətlərindən biri də məhz budur. Tək bumu? Xeyr, tək bu deyil. Sevda xanım haqqında Şahbuzda hər kəs həm də “o, kişi qeyrətli qadındır”, – deyir. Bu qənaət heç də asanlıqla formalaşmır rayon yerlərində. Bunu Sevda xanım illərin həyat tərzi, insanlar arasında əxlaqi keyfiyyətləri, davranışı ilə qazanıb.

2014-cü ildən isə Şahbuzkənd həkim ambulatoriyasının baş həkim əvəzi vəzifəsində, lakin uzun illər rayon mərkəzi xəstəxanasının cərrahiyyə, ən çox isə təcili yardım şöbəsində çalışan bu qadın sovet dövründə və müstəqilliyin ilk illərində yolları bərbad olan kəndlərə çağırışlara min bir əziyyətlə gedib çıxıb. Həyatını təhlükə ilə üz-üzə qoyub, maşın qalxmayan evlərə kilometrlərlə yolu qalın buzun üstü ilə hərəkət edib. Hələ bu çağırışlar gecənin yarısında olanda zərif çiyinlər üzərində daşınan məsuliyyət hissinin, vəzifə borcunun nə demək olduğunu təsəvvür etmək də çətin olmaz.

Bir çağırışdan təcili yardım şöbəsinə qayıtmamış elə yoldaca başqa bir kəndə getmək Sevda xanımı nə yorub, nə də usandırıb illərlə. Gecə növbələrində səhərin sübhünə qədər çağırışlarda olduğu, xəstələri ağır vəziyyətdən çıxardığı günlərin sayı-hesabı varmı? Hərdən həmin günlərdən Sevda xanım elə maraqla söhbət açırdı ki... Gecə yağan qarın bağladığı yolun keçilməz hissəsini maşından enib təmizləməsindən danışaq, yolda qəflətən xarab olan maşının düzəldilməsi ilə məşğul olmasından söhbət açaq, yoxsa xəstəsinin ürəyi istədiyi neməti ona çatdırmasından danışaq, bəlkə, xəstənin körpəsini qucağına alıb sakitləşdirməsindən, oxşamasından danışaq, ya da onun çoxsaylı insani keyfiyyətlərinin hansından söhbət açaq ki, bu zəhmətkeş qadının obrazını azacıq da olsa, özünəməxsus şəkildə yarada bilək...

Sevda xanım tibb işçilərinin son sertifikasiya imtahanında 60 suala 60 düz cavab yazan, birinci dərəcəli tibb işçisi adına layiq görülən, ötən il səhiyyə işçiləri günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunan nümunəvi tibb bacısıdır. Elə bütün bunlara görə də hər il səhiyyə günündə, müəyyən bayramlarda fəxri adla təltif olunanlar arasında həmişə şahbuzluların gözü Sevda xanımı axtarıb. Onun Əməkdar adı almaqda gecikməsi narahatlıq doğurub. Lakin hamı onu da qürurla vurğulayıb ki, Sevda bizim qəlbimizdə çoxdandır, Əməkdar tibb işçisidir. Onun əməkdarlığını camaat verib. Lakin bu adın rəsmi şəkildə olması da başqa bir istək idi.

Budur, həmin gün gəlib çatdı. Həm də necə gözəl bir əlamətdar tarixə – Naxçıvan Muxtar Respublikasının və səhiyyəsinin 100 illiyinə təsadüf etdi bu fəxri ada Sevda xanımın layiq görülməsi. Həm qürurverici, həm də sevindiricidir. Odur ki, səhiyyənin 43 illik Sevdasını ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq. Bu xəbərə sevinməyən tapılmaz. Çünki o, hər kəsin sevimli Sevdasıdır.

Peşəsinə göz bəbəyi istəyi və məsuliyyətində olan, peşəsini sevib, peşəsi ilə sevilən, sevgisi, məhəbbəti, həyat yoldaşı, övladı sənəti olan Sevda xanımın Əməkdar tibb işçisi adı mübarək olsun. Əməkdar tibb işçisi Sevda Piriyevanın əmək fəaliyyəti yüzlərlə gənc tibb işçisinin sirrini ondan öyrənməli olduğu peşədir. Çünki nümunəvidir, 43 ilin uğur hekayəsidir...

Mətanət MƏMMƏDOVA

Nəşr edilib : 18.01.2024 17:14