AZ EN RU

100 illik şanlı tarix

Naxçıvan Muxtar Respublikası Prezident cənab İlham Əliyevin timsalında Heydər Əliyev siyasi kursuna sədaqətini, məhəbbətini və etimadını növbəti dəfə göstərdi

   Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ili tamam olur. Prezident cənab İlham Əliyevin imzaladığı 2023-cü il 30 dekabr tarixli müvafiq Sərəncamla muxtar respublikanın 100 illik yubileyi geniş qeyd edilir. Qədim yurdumuzun bir əsrlik muxtariyyət yubileyini fevral ayının 7-də keçirilən prezident seçkilərində xalqımızın cənab İlham Əliyevə növbəti dəfə göstərdiyi yüksək etimadın yaratdığı yüksək əhvali-ruhiyyə fonunda qarşılayırıq. 

20 ilin möhtəşəm uğurlarına söykənən ümumxalq qərarı

   3 gün əvvəl keçirilmiş səsvermənin nəticələri xalqımızın milli maraq və mənafelərini layiqincə təmin edən, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxaran hazırkı siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Prezident seçkisi xalqımızın müdrik və dəyişməz seçiminə əsaslandı. Ölkə vətəndaşları növbəti dəfə Ulu Öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı kimi ötən 20 ildə Azərbaycanın bütün uğurlarının memarı olan möhtərəm cənab İlham Əliyevə səs verdilər.
    Ümumiyyətlə, ötən 20 ildən artıq dövrün reallıqları xalqımızın seçkilərdə cənab İlham Əliyevə etimadının nə qədər düzgün və müdrik qərar olduğunu təsdiq edir. Bu illər ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksəlişi, güclənməsi, qlobal səviyyədə nüfuzunu artırması, dövlətçiliyinin ən qüdrətli mərhələsinə qədəm qoyması tariximizin isbata ehtiyacı olmayan həqiqətləridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasətini, strateji xətti layiqincə davam etdirən, onu zamanın çağırışlarından irəli gələrək daha da zənginləşdirən və həm də özü böyük bir siyasət məktəbinin banisinə çevrilən Prezident cənab İlham Əliyev bu illərdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirib, dövlətimizin yüksəlişi yolunda meydana çıxan bütün əngəlləri və maneələri qətiyyətlə aradan qaldırıb. Ölkə başçısının həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla bərabər, onun beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib. Artıq uzun müddətdir ki, regionun lideri olan Azərbaycan qlobal məsələlərdə söz və nüfuz sahibidir.
  Bu mənada, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində cəmiyyətin seçimi Heydər Əliyev siyasətinin alternativsizliyinə və ötən 20 ilin yekunlarına əsaslanan ümumxalq qərarıdır. Bu dövrdə Prezident cənab İlham Əliyevin nəinki müasir müstəqillik, bütövlükdə, dövlətçilik tariximizdə yaratdığı ən böyük salnamə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Məlumdur ki, torpaqlarımızın azadlığı və erməni separatizminə son qoyulması yeni reallıqlar yaradıb. Növbədənkənar prezident seçkiləri də bu reallıqlar şəraitində keçirildi. Müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq seçkilər torpaqlarımızın tam azadlığı şəraitində baş tutdu. Ona görə bu seçki Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşdü.
 Vətən müharibəsində Zəfərdən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə çıxıb. Ölkəmizin əsas ağrılı problemi həll edildiyindən artıq yeni hədəflər meydana gəlib və Prezident cənab İlham Əliyevin bir müddət əvvəl elan etdiyi milli prioritetlərdə qarşıya qoyulmuş yeni vəzifələr öz əksini tapıb. Bu mənada, Azərbaycan yeni mərhələyə prezident seçkiləri ilə qədəm qoyur. 
 Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyini həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu, həm də respublikamızın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə qarşılayırıq. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü və ölkəmizdə erməni separatizminə son qoyulması Naxçıvanın 100 illiyinə cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın ən böyük hədiyyələridir. 

Dövlətçilik tariximizdə, milli-mədəni və 
ədəbi proseslərdə xüsusi yeri olan diyar

Zəngin keçmişə, ənənələrə, mənəvi və mədəni dəyərlərə malik olan xalqımız keşməkeşli olduğu qədər də parlaq və şərəfli inkişaf tarixinə malikdir. Bu yolda hər bir yurd yerimiz kimi Naxçıvanın da özünün xüsusi yeri var. Bu diyar Azərbaycanın siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır.
    Naxçıvan Azərbaycanın dövlətçilik tarixidir. Əcdadlarımız min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.
    Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Naxçıvan ərazisi antik və orta əsrlər dövrlərinə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Bu günədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Nuh Peyğəmbər, Qarabağlar türbəsi, Əshabi-kəhf ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilməklə hər biri özündə tariximizi, milli-mənəvi dəyərlərimizi yaşadır. Azərbaycan xalqının əsası Naxçıvanda Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi bütün Şərqdə məşhur olmuşdur və Möminə xatın türbəsi kimi nümunələri müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
    Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində xüsusi yeri olan mütəffəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir. Bu qədim diyar xalqımıza Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib.
    Xüsusilə qeyd etməliyik ki, Naxçıvan Azərbaycanın müasir inkişaf və dövlətçilik epoxasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vətənidir. Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir.
    Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında da buna diqqət çəkilərək deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
    1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsindən və sovet hakimiyyətinin Zəngəzuru Ermənistana verməsindən sonra Naxçıvan üçün də böyük təhlükə yaranmışdı. Zəngəzurla kifayətlənməyən ermənilər Naxçıvanın da Ermənistana birləşdirilməsi üçün cəhdlər etmişdilər. Lakin Ermənistan niyyətinə çatmamışdır. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin də böyük rolu olmuşdur. 1921-ci il martın 16-da bağlanmış Moskva və 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir. 
    1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər Qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycanın tərkibində muxtar respublikaya çevrilməsi haqqında Qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu Qərarı təsdiq etdi. 
    1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkildi. 

Heydər Əliyevin milli mücadiləsinin 
Naxçıvan mərhələsi

Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kvadratkilometrini əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra sovet dövləti 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarını həyata keçirdi və nəticədə, muxtar respublikanın ərazisi daha da azaldıldı. 
  Bununla belə qeyd edilməlidir ki, sovet dönəmində Naxçıvanda əhalinin savadsızlığının aradan qaldırılmasında, məşğulluğun yüksəldilməsində, iqtisadi potensialdan istifadədə nəzərəçarpan irəliləyişlər baş vermişdi. Lakin Naxçıvanın ən sürətli inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Azərbaycanın o illərdə keçmiş ittifaq miqyasında sonuncu yerlərdən qabaqcıllar sırasına yüksəlməsində Naxçıvanda əldə edilən iqtisadi və aqrar uğurlar mühüm rol oynamışdı. Bütövlükdə, 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş vermişdi. Həmin dövrdə SSRİ və Azərbaycan SSR konstitusiyalarına uyğun olaraq Naxçıvan MSSR-in də yeni Konstitusiyası qəbul edilmişdi. Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yeni ərazilər qoparmaq planları baş tutmamışdı.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətlərinin növbəti əsas dövrü 1990-cı ildən sonra başlayır. Bu həmin dövr idi ki, Azərbaycanda milli azadlıq mücadiləsi başlamışdı, amma bu proses məhz Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra daha mütəşəkkil forma almışdı. Öncə onu qeyd edərək ki, ­  o vaxt sovet dövlətinə başçılıq edən Mixail Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək bütün vəzifələrindən istefa verən Heydər Əliyev ömrünün axırına kimi öz fəaliyyəti ilə yeni yaranmaqda olan müstəqillik hərəkatının daha geniş vüsət almasına xidmət etmişdir. Bu baxımdan görkəmli dövlət xadimi hələ 1990-cı ildə, 20 Yanvar hadisələrindən dərhal sonra oğlu cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək böyük cəsarətlə xalqımızın haqq səsini ucaltması milli müstəqilliyə gedən yolumuzun ən önəmli hadisələrindən biri idi. 
    Ulu Öndərin həmin ilin yayında Naxçıvana gəlişi isə milli müstəqilliyimizə gedən yolun yeni başlanğıcı oldu. Həmin dövrün reallığı həm də ondan ibarətdir ki, naxçıvanlılar doğma Heydər Əliyevi böyük sevgi ilə qarşılamışdılar. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə Heydər Əliyevin namizədliyi iki seçki dairəsindən irəli sürülmüşdü.
    İctimaiyyət nümayəndələrinin təkidli xahişi ilə 1990-cı ildə deputat seçilən dahi şəxsiyyətin təşəbbüsləri ilə hələ 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar xalqımızın müstəqillik yolunun ən cəsarətli siyasi-hüquqi addımları idi. Belə ki, Ali Məclisin qəbul etdiyi qərarlarla 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağının yenidən rəsmi bayraq kimi təsbit olunması, Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarılması və bütün bunların davamı kimi bir neçə ay sonra sovet dövlətinin keçirdiyi SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot edilməsi sovet hakimiyyətinə böyük cəsarətlə meydan oxumaq idi. O cümlədən hələ sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Ali Məclisi tərəfindən 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, qəbul edilən qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliklərinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqlarının göstərilməsi dahi rəhbərə məxsus cəsarətin möhtəşəm göstəricisi idi. 

Ulu Öndər Naxçıvanın böyük xilaskarıdır

Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətinin növbəti mühüm mərhələsi Ümummilli Liderin xalqın təkidli istəyi ilə 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçilməsindən sonrakı dövrü əhatə edir. Bu həmin dövr idi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı genişlənir, respublikamızın bütün sərhədyanı yaşayış məntəqələrinə ermənilər tərəfindən edilən hücumlar güclənirdi. Tədricən blokadaya düşməsi səbəbindən Naxçıvanda vəziyyət daha ağır idi.
    Ulu Öndərin ilk gündən atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Naxçıvanla bağlı Ermənistanın bütün işğalçılıq planlarını alt-üst etdi. Naxçıvanlılar böyük Heydər Əliyevin liderliyi ilə silaha sarılaraq doğma diyarın müdafiəsinə qalxdılar. Mərkəzi hakimiyyətin ögey münasibətinə, hərbi dəstəyin olmamasına baxmayaraq, Heydər Əliyev böyük sərkərdə kimi Naxçıvanı qorudu, xilas etdi, düşmən tərəfindən işğal edilməsinə imkan vermədi.
    Naxçıvanla bağlı daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, keçmiş sovet qoşunları muxtar respublikanı tərk edərkən bütün silah və texnikalarını yeni yaranan Azərbaycan Ordusunun hissələrinə təhvil verdilər. Əlbəttə ki, bu prosesdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin müdrikliyi böyük rol oynamışdır. 1992-ci ilin iyulunda Naxçıvandakı 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsinə başlanılmış və proses avqustun ortalarında başa çatdırılmışdı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvandakı 5-ci Əlahiddə Motoatıcı Briqadası yaradılmışdır. Silah-sursatın tam təhvil verilməsindən cəmi 3 gün sonra – 1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının son dəstəsi Naxçıvanı tərk etmişdir.
    Eyni zamanda Naxçıvanda dövlət sərhədlərini qoruyan keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi. Artıq 1992-ci il sentyabrından Naxçıvan ərazisində digər dövlətin – Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmamışdı. Qonşu dövlətlərlə sərhədin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməsinə başlanılmışdı.
    1992-ci ilin avqust-sentyabr aylarında sözügedən hərbi hissələrin şəxsi heyətinin Azərbaycanı tərk etməsindən sonra Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi daha da möhkəmləndi. Blokada vəziyyətində olmasına baxmayaraq, bu diyar Ermənistanın təcavüzkarlığının qarşısında qətiyyətlə, mərdi-mərdanə mübarizə aparırdı.
    Onu da qeyd edək ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplar – nə Ayaz Mütəllibov iqtidarı, nə də onun yerinə gəlmiş AXC-Müsavat cütlüyü blokada vəziyyətində olan muxtar respublikanın mövcud ağır vəziyyətini qismən də olsa, yaxşılaşdırmaq üçün əməli tədbir görə bilmiş və ya görmək istəmişdilər. Belə bir şəraitdə Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün məhdud daxili imkanlarından maksimum və səmərəli istifadə edir, o cümlədən qonşu Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirirdi. Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi həmin dövrdə inşasına başlanılan və 1992-ci il mayın 28-də istifadəyə verilən Azərbaycanla qardaş Türkiyə arasındakı “Ümid” körpüsü həmin dövrdə Naxçıvanın nəqliyyat blokadasının qismən aradan qaldırılmasında böyük rol oynadı. Bütövlükdə, dahi rəhbərin uzaqgörənliyi nəticəsində görülən tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün fəlakətlərdən xilas etdi  və ayaqüstə qalmasında böyük rol oynadı.
    Bütün bunları o dövrdə Azərbaycana rəhbərlik edən qaragüruhçu qruplar da bilir və Ulu Öndəri özlərinə rəqib gördükləri üçün onu Naxçıvana rəhbərlikdən uzaqlaşdırmaq istəyirdilər. Lakin qaragüruhçuların bu istiqamətdə bütün cəhdləri Naxçıvan ictimaiyyətinin dahi şəxsiyyətin ətrafında güclü səfərbər olması səbəbindən baş tutmadı. Eyni zamanda Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsi təhlükəsindən dərin narahatlıq keçirən ziyalılar, aydınlar ölkəmizin nicatını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdülər və bu məqsədlə Ulu Öndərin ünvanına respublikamızın hər yerindən müraciətlər edilir, teleqramlar göndərilirdi. Bu baxımdan tariximizin üz qarası olan AXC-Müsavat cütlüyünün yaratdığı maneələrə rəğmən 1992-ci ilin noyabr ayında Naxçıvanda Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi respublikamızın yeni siyasi tarixinin böyük hadisəsi idi. Ümumxalq sevgisinin və etimadının təcəssümü kimi xalqımızın böyük oğlunun 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəlişi və hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanda tamamilə yeni ictimai-siyasi proseslərin inkişafına səbəb oldu. O proseslər ki Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi.

Naxçıvan hər zaman Prezident  cənab İlham Əliyevin 
yüksək diqqət və qayğısını hiss edib

Ulu Öndərin xalqımızın istək və arzuları ilə siyasi hakimiyyətə gəlişi Naxçıvanda da mühüm dəyişikliklərə səbəb oldu. Belə ki, düşmən qarşısında yalnız qalmış Naxçıvanın, ilk növbədə, müdafiəsi daha da gücləndirildi. Ulu Öndərin başlatdığı yeni islahatlar muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsinə böyük töhfələr verdi. Naxçıvan sakinlərinin uzun müddətdən bəzi əziyyət çəkdikləri sosial problemlər tədricən aradan qaldırıldı.
    Ötən 20 ildə isə Naxçıvan hər zaman Prezident cənab İlham Əliyevin böyük diqqət və qayğısını hiss edib. Bu dövrdə Azərbaycan Prezidentinin imzaladığı Dövlət proqramlarının, ayrı-ayrı vaxtlarda ayırdığı maliyyə vəsaitlərinin nəticəsi kimi Naxçıvan böyük inkişaf yolu keçib, respublika üzrə istehsal edilən ÜDM-də muxtar respublikanın payı əhəmiyyətli dərəcədə yüksəlib. Habelə ötən 20 ildə Prezident cənab İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji problemi tamamilə aradan qaldırılıb.
    Bu dövrdə Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanları ən modern səviyyəyə yüksəldilib. Muxtar respublikada hərbi təhsilə əlçatanlığın təmin edilməsi üçün Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Bu diqqət və qayğının təcəssümü olaraq torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti böyük qəhrəmanlıq nümunələri yaratdı, Şuşaya qədər döyüş yolu keçdi, bəziləri şəhidlik mərtəbəsinə ucaldılar. “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”, – deyə Prezident cənab İlham Əliyev bildirib.
    Dövlət başçısının böyük diqqət və qayğısı sayəsində Naxçıvan həm də türk dünyasının önəmli ünvanlarından biri kimi diqqəti çəkir. Bu sırada türk dövlətlərinin təşkilatlanmasının əsas tarixi mərhələlərindən birinin məhz Naxçıvandan başlaması xüsusi qeyd olunmalıdır. Belə ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalanıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq isə Orta dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Möhtərəm Prezidentimizin qətiyyətli siyasətinin nəticəsi kimi Zəngəzur dəhlizinin açılması həm Naxçıvanın tarixində yeni mərhələ olacaq, həm də bu Azərbaycan diyarının bütün Türk dünyasındakı yerini daha da möhkəmləndirəcək. İki il öncə Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılması ilə muxtar respublikanın idarəçiliyində baş  verən dəyişikliklər isə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin bu qədim diyarda layiqincə və daha keyfiyyətlə yerinə yetirilməsinə yol açmaqdadır. Muxtar respublikada əldə olunmuş ötən ayların statistik məlumatları bunu deməyə əsas verir.
    Ulu Öndər Heydər Əliyev siyasətinin və Prezident cənab İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu prosesdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti dövlətə və xalqa xidmət məramının mükəmməl nümunəsidir. Qətiyyətlə deyə bilərik ki, Mehriban xanım Əliyevanın böyük Heydər Əliyev ideyalarına söykənən hər bir təşəbbüsü, çoxşaxəli fəaliyyətinin hər bir istiqaməti məhz ölkəmizin yüksəlişinə, beynəlxalq nüfuzunun artmasına, vətəndaşlarımızın rahat, firavan yaşamasına, Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılmasına xidmət edir.
    Hörmətli Mehriban xanım Əliyevanın yüksək vətənpərvərliyə, böyük mərhəmətə, nəcib humanizmə söykənən böyük missiyasının real təzahürünü Naxçıvan Muxtar Respublikasının timsalında da görməmək mümkün deyil və 100 yaşlı muxtar respublikanın sakinləri də bunu aydın görür, həmişə qədirbilənliklə qiymətləndirirlər. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətlərindən muxtar respublikada yaşayan məhdud fiziki imkanlı insanlar bu gün də istifadə edə bilirlər. 
    Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti böyük Heydər Əliyev ideyalarının həyata vəsiqə almasına, Prezident cənab İlham Əliyevin isə ləyaqətlə davam və inkişaf etdirdiyi dahi liderimizin siyasi kursunda və inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrin uğurla və keyfiyyətlə yerinə yetirilməsinə xidmət edir. Cəmi bir neçə gündən sonra Mehriban xanım Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunmasının 7-ci ili tamam olur. Hələ 2017-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən verilən bu qərar bütün xalqımızın, o cümlədən muxtar respublika sakinlərinin böyük rəğbəti ilə qarşılandı. Çünki Mehriban xanım Əliyeva ölkəmizdə illərdir, ictimaiyyətin birmənalı dəstəyini qazanmış ictimai-siyasi xadimdir. Ötən 7 ilin real mənzərəsi bir daha göstərir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi dövlətə xidmətin mükəmməl nümunələrini yaratmaqdadır.
    Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident cənab İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, Əshabi-əhf ziyarətgahını ziyarət etməsi, 2008-ci ildə Türkiyənin o zaman Baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident cənab İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı Naxçıvan ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla xatırlanır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, xüsusilə Vətən müharibəsində şəhid olmuş Naxçıvandan olan övladlarımızın ailə üzvlərinə, qazilərə yaxından diqqət və qayğısı isə qədirbilən naxçıvanlıların yaddaşından heç vaxt silinməyəcək.

Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə start verib. 

Fevral ayının 7-də keçirilən prezident seçkiləri isə bu mərhələnin, başqa cür desək, müstəqil Azərbaycanın öz yeni hədəflərinə doğru inkişafının başlanğıcıdır. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin məhz bu günlərə təsadüf etməsi isə yubiley əhvali-ruhiyyəsini daha da yüksəldir. İnanırıq ki, yeni mərhələdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha uca zirvələr fəth edəcək, Naxçıvan isə daha möhtəşəm inkişaf nümunələri yaradacaq.

Bəxtiyar ƏSGƏROV
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının
 Daimi Nümayəndəliyinin rəhbəri

Nəşr edilib : 09.02.2024 16:56