AZ EN RU

100 illik diyarın 100 yaşlı muzeyi

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “100 illik diyarın 100 yaşlı muzeyi ” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev açaraq bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bununla bağlı 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ölkədə, eləcə də muxtar diyarımızda bir sıra elmi və mədəni-kütləvi tədbirlərlə geniş qeyd ediləcək.

Vurğulanıb ki, bu il oktyabrın 30-da Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 100 ili tamam olur. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi – indiki Naxçıvan Dövlət Tarix Muzeyi yaradılmışdır. Aparat rəhbəri bu münasibətlə muxtar respublikanın mədəniyyət ictimaiyyətini, eləcə də muzey əməkdaşlarını təbrik edib, qədim Oğuz yurdu Naxçıvan diyarının tarixinin təbliği və nümayişi işində muzey əməkdaşlarına uğurlar arzulayıb.

Piri Nağıyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 05 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzey müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, eksponatların mühafizəsi və nümayişinin müasir muzey standartlarına uyğunluğunun təmin olunması, Naxçıvan şəhərində muzey mərkəzinin tikilməsinin layihələndirilməsi nəzərdə tutul maşı cənab İlham Əliyevin mədəniyyətimizin inkişafına göstərdiyi qayğının növbəti ifadəsidir.

Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin “Tariximizin və mədəniyyətimizin təbliğində Naxçıvan Dövlət Tarix Muzeyinin rolu”, Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyevin “Muxtariyyət dövrünün bəhrələri - Naxçıvan muzeyləri” mövzulu çıxışları dinlənilib. Çıxış edənlər Naxçıvanın tarixinin, etnoqrafiyasının, mədəniyyətinin təbliğində Naxçıvan Dövlət Tarix Muzeyinin rolu haqqında geniş məlumat vermişlər.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.01.2024 15:42