AZ EN RU

100 ilin Naxçıvanı

    100 yaşlı Naxçıvan muxtariyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik hadisədir. Bu qərar o vaxta qədər ermənilərin Naxçıvana əsassız iddialarına hüquqi cəhətdən son qoydu. 
    Hələ orta əsrlərdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan şəhəri siyasi, iqtisadi, mədəni və strateji mövqeyi ilə həmişə seçilmişdir. Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Paleolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri kimi Naxçıvan şəhəri Azərbaycanın ilkin şəhər məskənlərindəndir. Bütün bunlar haqqında söz demək, yazı yazmaq cild-cild kitablara sığmaz.
    Mən bu yazıda son 100 ilin Naxçıvanına qısaca nəzər salmaq istəyirəm.
    1920-ci il iyulun 28-də Naxçıvanda sovet hakimiyyətinin qurulması ilə Naxçıvan SSR elan edildi. Elə o vaxt Rusiya tərəfindən Naxçıvanla bağlı ərazi mübahisələri qızışdırılır və bunları ermənilərin xeyrinə həll etmək siyasəti aparılırdı. 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması ilə doğma Vətənimizin əzəli və əbədi torpağı olan qədim Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması təmin edildi.
    Bununla da muxtar respublikada həyatın bütün sahələri böyük inkişaf yoluna qədəm qoydu. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin Naxçıvan şöbəsinin yaradılması diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarix, elm və mədəni irsin öyrənilməsində əhəmiyyətli rol oynadı.
     Azərbaycan Elmlər Akademiyasının 1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm Mərkəzində müxtəlif elm sahələri üzrə tədqiqatlar aparılmağa başladı. İqtisadiyyatın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirildi; bu da insanların gün-güzəranının yaxşılaşmasına imkan verdi. Bütün bunlar ötən əsrin 80-ci illərinin ortalarınadək davam etdi. Həmin dövrdə SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi ilə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirildi. Xalqın tələbi ilə 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR Ali Soveti tərəfindən muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında Qərar qəbul olundu.
    O günlərdə muxtar respublikada ictimai-siyasi vəziyyət gərginləşməkdə davam edirdi. İyulun 22-də xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvana gəldi. Buradan deputat seçildi. O çətin günlərdə xalqının yanında olan Ulu Öndər uzaqgörən, müdrik siyasəti ilə azadlıq mübarizəsinə istiqamət verdi. 1990-cı il 17 noyabrda Naxçıvan Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında Qərar qəbul edildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi.
    Noyabrın 21-də Ali Məclis 20 Yanvar hadisələrinə düzgün siyasi qiymət verdi və sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Matəm Günü” kimi qeyd edilməsi qərara alındı. 
    Elə o illərdə Ulu Öndərin nüfuzu və uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası və Türkiyə Respublikası ilə əlaqələri yaradıldı. Qısa müddət ərzində yeni Azərbaycan uğrunda siyasi hərəkat bütün Azərbaycanı bürüdü. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı.
    Naxçıvan Muxtar Respublikasının son illərdəki dinamik inkişafı, quruculuq və müasirləşmə baxımından bir sıra infrastruktur layihələrinin və beynəlxalq tədbirlərin burada keçirilməsinə əsas vermişdir. 
    Bu gün muxtariyyətinin 100 yaşını qeyd etdiyimiz ulu Naxçıvanımız çox sürətli inkişaf yolundadır. Bir zamanlar elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Hazırda muxtar respublikada    3 ali, 4 orta ixtisas məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 214 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bir sözlə, Naxçıvan qurur, yaradır, daha nurlu sabahlara addımlayır.

Ramal QASIMOV

Nəşr edilib : 10.02.2024 12:00