AZ EN RU

100 ilin baharı, 4 illimin hər anı...

 Bəşəriyyətin  beşiyi,  mədəniyyətin incisi, Naxçıvan!

Muxtariyyətin mübarək, 100 ilin səltənəti!

100 illiyin mübarək,  igidlər  əsəri!

Səni sevirəm, 100 ilin incisi!

Səni sevirəm, qocalmaz diyar!

Səni sevirəm, Naxçıvan!

Səni vəsf edənlərin dura-dura mən necə alım əlimə qələmi?

 Mən susum, Cəlilin yazsın, Hüseynin danışsın, tabloma çəkməyim, Bəhruzun çəksin, fikrimdə qurub-yaratmayım səni, Əcəmin qursun-yaratsın, mahnı bəstələməyim sənə Arazın bəstələsin, gəlməyim dərsinə, qoy Sidqin gəlsin... vəsf etməyim səni, Səfərlin etsin... qələmini mən yox Ordubadin tutsun... 

Qoy 100 ilin muxariyyətini  yetişdirdiyin ölməz sənətkarlar təbrik etsin.  Mən isə, sadəcə, seyr edim...  Mən seyr edim, onlar isə səni yenidən yaratsın! 

Necədir? Bəyəndin? 100 ilini sözlə, az da olsa, yaratmağa çalışdım. Dəryadan bir damla kimi... İndi gəlsin, muxtariyyətin ölməz sənətkarı, dahin, sənin, hə, sənin bizə bəxş etdiyin ölməz şəxsiyyətin!  Hə, o dahin ki dünyaya səs salan, tarixə iz salan, Heydərin, imza çəksin! Onun qələmindən bir də baxaq sənə...  Doyunca...

100 ilin mübarək, bütövlükdə vətənim!

Danış, Naxçıvan, nəfəsini hiss edim, ahəstə ahəstə...

Pıçıldayım qulağına,  yavaşca, bəstə...

Baxım o məğrur duruşuna, təəccüblə məstə...

Muxtariyyətin, minilliklərə söykənən tarixin  mübarək!

Roman yazsam muxtariyyətindən, igid oğullarından, mərd qızlarından, yenilməz Sədərəyindən, Şahbuzun təbiətindən, Babəkin duruşundan, Şərurun yallısından, Ordubadın sər-şəhərindən,  Kəngərlinin irsindən, Culfanın Əlincəsindən...

 Qələm alıb yazsam, səndən  səhifə-səhifə, kitab-kitab...

Ey 100 illin bənzərsizi, mən səndən yazsam...

Axan  Arazında sular durar,

Mən səndən yazsam,

Batabatın qışda yay  olar...

Mən səndən yazsam

Düşüncəm dərya olar...

Mən səndən yazsam...

Doymadım yazmaqdan, səni vəsf etməyə çalışdım amma... o taydan baxan  Məmməd Arazın qədər yox!..

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axan çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim.                                     

Səni  bütün ruhumla təbrik edirəm,  100 ilin baharı... 4 illimin hər anı...

                                                                Şəfa YAZAR

Nəşr edilib : 06.02.2024 11:33