AZ EN RU

10 xallıq qələbə

Azərbaycanın adı gəldikdə neçə qəhrəmanlıq salnaməsi, neçə-neçə igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar insanın gözünün qarşısında dayanır. Yaşadığımız bölgə elə bir coğrafi regionda yerləşir ki, zaman-zaman bir neçə dövlətin caynağına keçməkdən xilas olub. İstər at belində, istərsə də silah əldə ön cəbhədə düşmənə layiqincə cavab vermişik. Bu cavablardan ən mükəmməli isə mənfur qonşularımıza verdiyimiz 44 günlük cavabdır. 30 illik bir ürək yanğısının 44 gündə ödəndiyi bir qisas. Təkcə ön cəbhədə deyil, arxa cəbhədə də, idman və informasiya mübarizəsində də 30 il ərzində layiqli cavablar vermişik.

Azərbaycanın igidlər oylağı sayılan regionlarından biri də məhz Naxçıvandır. Vətəndən zahirən ayrı düşən, lakin canı və qanı ilə Vətənə bağlanan Naxçıvan.

Söhbəti çox uzatmadan gəlin budəfəki qəhrəmanımla sizi qısaca tanış edim.

Naxçıvan Dövlət Universitetinin tədbirlərinin birində hər kəsdən universitetdəki fəaliyyətindən və indiyə qədərki uğurlarından danışılması söyləndi. Kimisi universitetdə fəaliyyət göstərən təşkilatın fakültə sədri, bədii qiraətçi, kimisi də oxuduğu ixtisasın qrup rəhbəri olaraq özünü təqdim etdi. Onların aralarında Nicat kimi idmanda nailiyyətləri olanlar da var idi. Amma Nicatı digərlərindən fərqlərindən isə güləşdə olan 10 xallıq qələbəsi idi.

Ocaqquliyev Nicat Hicran oğlu mənim təhsil aldığım jurnalistika və digər ixtisaslarla birgə tez-tez eyni auditoriyanı bölüşsə də, bu uğurundan xəbərsiz idim. Nicat da mənim kimi Tarix-filologiya fakültəsində təhsil alır. Elə Nicatı da tez-tez auditoriyalarda görmə səbəbim bu idi. O, Muzeyşünaslıq və abidələrin qorunması ixtisasının 2-ci kurs tələbəsidir. Nicat orta təhsilini doğulub böyüdüyü Babək rayon Kərimbəyli kəndində yerləşən məktəbdə alıb, güləşə marağı isə məhz orta məktəb vaxtlarından başlayıb. 2013-cü ildən başlayaraq Naxçıvan Uşaq Gənclər və İdman Məktəbinə üzv olaraq bir neçə uğura imza atmışdır. Nicat düz 20 dəfə Naxçıvan üzrə keçirilən yarışlarda birinci yerə layiq görülərək öz adını layiqincə tanıdıb. Nicat bu qələbələri qazandıqca artıq ölkədaxili yarışlarda iştirak etməyə başlamış, 2018-ci ildə Balakəndə keçirilən, 2019-cu ildə isə Zirvə İdman Klubunun keçirdiyi yarışlarda uğurla iştirak etmişdir. Daha sonra isə ali məktəbə hazırlaşmaq istəyi ilə bir neçə il yarışlara ara vermişdir. Hazırda universitetdə keçirilən yarışlarda öz uğurlarını davam etdirən Nicatın ən böyük qələbələrindən biri isə 2015-ci ildə İran İslam Respublikasında keçirilən yarışlardan birində olmuşdur. O, arxa-arxaya iki iranlı rəqibinə qalib gələrək finala vəsiqə qazanmışdır. Final zamanı isə erməni rəqiblə qarşılaşmış, 10:0 hesabı ilə qalib gələrək 1-ci yerə layiq görülmüşdür.

Nicat bunları keçirilən tədbirdə danışarkən sanki qələbə əldə etdiyi gündə olduğu kimi eyni sevinc və fərəh hissini təkrar yaşayırdı. Hər kəs maraqla dinləyir və fərəh hissi keçirirdi. Axı bu uğurlar və 10 xallıq qələbə təkcə Nicatın deyil, bütün Azərbaycanın uğuru demək idi.

Bəlkə də, idmanla məşğul olan insanlar bunu adi qarşılaya bilər, amma bu qələbəni o, hazırda olduğu yaşdan olduqca balaca olarkən, 10 yaşında etmişdir. Bəlkə də o, idman sahəsini seçsə idi, adını daha da tanıda bilərdi. Nicat hazırda Naxçıvan Dövlət Universitetində oxusa da, təhsili ilə idmanı paralel şəkildə idarə etməyə çalışaraq daxili yarışlarda iştirak edir. Şübhəsiz ki, gələcəkdə idman sahəsində Nicatın uğurlarından daha çox bəhs edəcək, onun haqqında daha çox danışacaq və daha çox yazılar yazacağıq.

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 05.03.2024 14:22