AZ EN RU

10 Mart Milli Teatr Günüdür

Bu gün Milli Teatr Günüdür. Azərbaycan teatrı 151-ci mövsümünə hazırlaşır. 
151 il bundan əvvəl - 1873-cü ilin bu günündə Azərbaycanın böyük,  ziyalı övladları ilk teatr tamaşasını göstərdilər. Xalqın ictimai həyatında yeni və əhəmiyyətli bir hadisə kimi özünü göstərən teatr sənəti xalqın milli oyanışına mədəniyyətinin yüksəlişinə, əqli inkişafına, qabaqcıl ictimai fikrin yüksəlişinə dərin təsir göstərmişdir. Teatrımızın böyük tarixi, şanlı ənənələri, gözəl nümunələri var.  
Yarandığı və təşəkkül tapdığı gündən Azərbaycan teatrı işıqlı amallar uğrunda mübarizənin ön cərgəsində addımlayıb. XIX əsrin son qərinəsindən və XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları millətin nəfəsini boğan geriliyi, savadsızlığı, cəhaləti, nadanlığı, istismarı, dini fanatizmi məhv etmək üçün müxtəlif yollar düşünüb, çarələr axtarıblar. İşıqlı şəxsiyyətlərin gəldiyi nəticə bu olub: teatr və mətbuat yaratmaq. Məhz bu yolla beyinlərə, ürəklərə təsir etmək və insanları ayıltmağa, onlara öz hüquqlarını anlatmağa çalışmışlar. 
Adları mədəniyyət tariximizin səhifələrinə pozulmaz hərflərlə yazılmış Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Həbib bəy Mahmudbəyov, Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Səməd Mənsur, Hüseyn Cavid, Rza Təhmasib, Əliqulu Qəmküsar, Abbas Mirzə Şərifzadə və onlarca başqaları xalqımızın milli şüurunun oyanışı uğrunda, sözün əsl mənasında, böyük fədakarlıq göstərmiş, cəfalar çəkmişlər. Millətin tərəqqisi üçün çalışanlar ilk növbədə həyat gerçəkliklərini dadlı, duzlu, məzəli, canlı şəkildə insanlara çatdırmaq, onların şüuruna təsir etmək, ayıltmaq, düşündürmək üçün teatrın böyük qüdrətindən, gücündən istifadə etməyi qarşıya məqsəd qoymuşdular.
Mirzə Fətəli Axundovun komediyaları əsasında Azərbaycanda yaranan, Qərb tamaşa mədəniyyətinin Şərq variantı olan, onun iqtibası kimi nəzəri cəlb edən dünyəvi peşəkar teatr XIX əsrin 40-cı illərinə aiddir. Bu tipli teatr 1848-ci ildə Şuşada, 1856-cı ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda yaranmışdı. XIX əsrin 70-ci illərinə kimi Bakı, Tilfis və İrəvan qədər teatral şəhər olmayıb. Bakı Rusiyadan və başqa yerlərdən gələn sənətçilərin qastrol tamaşalarının tez-tez şahidi olurdu.
Ayrı-ayrı həvəskarların bu sahədə müəyyən uğurları olsa da, Şuşada, İrəvanda, Tiflisdə milli teatrımızın rüşeymləri göyərsə də, Azərbaycanda peşəkar teatrın yaradılması XIX əsrin son qərinəsinə düşdü. Mirzə Fətəli Axundovun 1873-cü il martın 10-da və aprelin 17-də tamaşaya qoyulmuş “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyaları bu şərəfli vəzifəni ləyaqətlə yerinə yetirdi. Milli teatrın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və başqalarının misilsiz xidmətləri var. 
Ötən 151 il ərzində milli teatrın inkişafında fədakarcasına yaşayıb yaratmış sənətkarların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə o ölməz insanların, korifeylərin danılmaz xidmətləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsindən öyrənilir. 
XX əsrin əvvəllərində Azərbaycan teatrı əsl inkişaf yoluna qədəm qoydu. Yeni-yeni əsərlər yarandı, aktyor və aktrisaların adları eşidilməyə başladı. Təəssüf ki, ötən əsrin 30-cu illərindən sonra başlanan ağır repressiyalar sənət aləmindən də təsirsiz keçmədi. Sənətdə sözünü demiş, sevilən məşhur aktyorların, rejissorların, dramaturqların taleyi 37-ci ilin qara caynaqlarına ilişdi – Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyyə Davudova kimi sənətkarlar ağır təqiblərə, həbslərə məruz qaldılar. Bütün bunlara baxmayaraq, Azərbaycan teatrı üzləşdiyi hər bəladan, ağrı-acıdan çıxmağı bacardı. Respublikanın müxtəlif bölgələrində yeni teatrlar yaradıldı, Azərbaycanın mədəni həyatı coşqun inkişaf yoluna düşdü.
XIX əsrin sonlarında qədim Naxçıvan torpağının  ziyalıları, mütərəqqi gəncləri bir yerə toplaşaraq teatr tamaşası hazırladılar. 141 il bundan əvvəl qədim Naxçıvan torpağında, bir bahar günündə “Zaviyyə” məhəlləsində dövrün mütərəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası tamaşaya qoyulmuşdur. 1883-cü il mart ayının 11-də Eynəli bəy Sultanovun rəhbərlik etdiyi “Müsəlman dram və incəsənət cəmiyyəti” tərəfindən hazırlanan bu tamaşa Naxçıvan teatrının təvəllüd tarixinə çevrilmişdir. 
Mirzə Fətəli Axundovun bu ölməz komediyasının tamaşaya qoyulmasında Eynəli bəy Sultanov, Mirzə Sadıq Qulubəyov, Mirzə Cəlil Şürbi, Paşa ağa Sultanov və başqa ziyalılar əsl mənada fədakarlıq göstərdilər. Bu tamaşadan ruhlanan ziyalılar bir-birinin ardınca Mirzə Fətəlinin “Lənkəran xanının vəziri”, “Xırs Quldurbasan”, “Hacı Qara” komediyalarını da tamaşaçılara təqdim etdilər. 
M.F.Axundovun xalq həyatını bütün canlılığı və təbiiliyi ilə göstərən, illərin sınağından çıxmış ölməz komediyaları həm Naxçıvan teatrının, həm də realist aktyor sənətinin formalaşmasında, yetkinləşməsində son dərəcə böyük əhəmiyyətə malik olmuşdur. 
Naxçıvan Teatrının fədailəri neçə-neçə çətinliklərə və məhrumiyyətlərə rast gəlslər də, irəliyə, gələcəyə doğru inamla baxırdılar. Zəngin ənənəyə malik olan Naxçıvan teatrı şanlı bir yol keçmiş, Azərbaycan teatrına Eyənli bəy Sultanov, Məmmədtağı Sidqi, Cəlil Məmmədquluzadə, Rza Təhmasib, Əliqulu Qəmküsar, Kazım Ziya kimi görkəmli dramaturq, aktyor, teatr təşkilatçıları bəxş etmişdir. Fəaliyyət göstərdiyi illər ərzində bir çox çətinliklərlə, problemlərlə üzləşsə də, unudulmaz sənətkarlarımızın çiynində yüksəliş  tapmış,  yaşamış, fəaliyyət göstərmiş və sənət məbədinə çevrilmişdir. 
Naxçıvan teatrı elə sənətkarlar yetişdirmişdir ki, onlar nəinki ölkəmizdə, həmçinin vətənimizdən çox-çox uzaqlarda da tanınır və adları iftixarla çəkilir. Rza Təhmasib, Rza İsfəndyarlı, Səməd Mövləvi, Miribrahim Həmzəyev, Həsən Səfərli, Mirhəsən Mirişli, Əli Xəlilov, Heydər Muradov, Muxtar Nəsirov, Böyükxan Naxçıvanlı, İsa Musayev, Əyyub Haqverdiyev, Firuzə Əlixanova, Xədicə Qazıyeva, Baxşı Qələndərli, Zəroş Həmzəyeva, Zemfira Əliyeva, Sona Mirzəyeva və başqaları bu ehtirama layiq sənətkarlar olublar. 

Nəşr edilib : 10.03.2024 00:01