AZ EN RU

10 gün ərzində 13 milyon kvadratmetrdən artıq ərazi dezinfeksiya edilib

    Muxtar respublikada iyulun 1-dən başlanılan genişmiqyaslı dezinfeksiya tədbirlərinin növbəti mərhələsi dünən yekunlaşıb. 10 gün davam edən dərmanlama işləri qrafik əsasında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında əhali tərəfindən intensiv şəkildə istifadə olunan bütün sahələri əhatə edib. Ümumilikdə, 13 milyon kvadratmetrdən artıq ərazini əhatə edən avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub.
    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidmətinin birgə tədbirlər planına uyğun olaraq infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı bütün yaşayış məntəqələrində iyulun 1-dən 10-dək növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb. 
    Bu məqsədlə qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 12 xüsusi təyinatlı avtomobili vasitəsilə aparılan profilaktik tədbirlər nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında, ümumilikdə, 13 milyon kvadratmetrdən artıq sahəni əhatə edən avtomobil yolları və piyada səkiləri dezinfeksiya edilib. Fövqəladə Hallar Nazirliyinin 90 nəfərə yaxın şəxsi heyəti, Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya qrupu və Dövlət Baytarlıq Xidmətinin dezinfeksiyaedici avtomobili və əməkdaşları tərəfindən isə bazarlar və böyük ticarət mərkəzləri, muzeylər, tarix-memarlıq abidələri, istirahət mərkəzləri, istehsal müəssisələri, xidmət sahələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, yaşayış binalarının daxili, ətrafı, daha çox istifadə olunan digər yerlər dezinfeksiya edilib.
    Qeyd edək ki, muxtar respublikada sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunması, mövsümi xəstəliklərə qarşı tibbi maarifləndirmənin aparılması, bütün yaşayış məntəqələrində aparılan nümunəvi genişmiqyaslı dezinfeksiya işlərinin nəticəsidir ki, sanitar-epidemioloji vəziyyət sabitdir.

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.07.2022 19:43