AZ EN RU

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqların səlahiyyətli nümayəndə ilə görüşü keçirilib

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşüb.

Əvvəlcə uşaqlar Ali Məclisin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və iclas salonu ilə əyani surətdə tanış olublar.

Şəhid Tağı Abdullazadənin övladı, Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının məktəbəqədər hazırlıq qrupundan olan Yusif Abdullazadə atasına həsr olunmuş şeir söyləyib.

Sonra səlahiyyətli nümayəndə uşaqların suallarını cavablandırıb.

Şəhid Niyaməddin İsgəndərovun qızı, Xok kənd tam orta məktəbin 2-ci sinif şagirdi Mətanət İsgəndərova: 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqları necə sevindirirsiniz?

Səlahiyyətli nümayəndə: Uşaq siyasəti Azərbaycan Respublikasının dövlət siyasətidir. Bizim işimiz uşaqların sağlam böyüməsi, onların keyfiyyətli təhsil almaları və sosial qayğı ilə əhatə olunmasıdır. Bununla bağlı dövlət xüsusi proqramlar hazırlayır.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Aylin Oruczadə: Müəllimlərin vəzifə borcu bizi düzgün yönləndirməkdir. Uğurlu kariyeranızın əsasını nə təşkil edir və bu əsasda müəlliminizin rolu olubmu?

Səlahiyyətli nümayəndə: Əlbəttə hər birimizin uğurlu karyeramızda müəllimlərimizin rolu var. Orta məktəblərdə müəllimlərimiz öz bilik və bacarıqlarını, təcrübələrini bizimlə bölüşür, paylaşırlar. Biz onların həyat təcrübəsini öyrənirik. Bəlkə də uşaq vaxtı bunların fərqinə varmırıq, fikirləşirik ki, hər şeyi özümüz edirik. Lakin həmişə başımızın üstündə bizə yol göstərən müəllimlərimiz var. Sözsüz ki, mənim də həyatımda belə müəllimlərim olub. Həm orta məktəb, həm də universitet dövründə. Müəllimlərin həyatımızdakı peşəkarlığının nəticəsində biz kariyerada uğurlar əldə edə bilirik. Ancaq bununla bərabər, hər birimiz öz üzərimizdə daim işləməliyik. Əslində orta məktəbdən əvvəl uşaqlar bağçalardan başlamalıdır xəyal etməyə. Əgər sizin hər hansı arzularınız varsa, heç vaxt onları yarıda qoymayın. Hər zaman arzularınızı reallaşdırmaq üçün addımlar atın. Fikirləşin ki, arzularınız bir gün gerçəkləşdikdə hansı işlər görəcəksiniz. İnsana uğuru təkcə özünün fəaliyyəti qazandırmır, siz öz uğurlarınızı cəmiyyətdə göstərməli, hər kəsə fikirlərinizi çatdırmalısınız. Çalışın ki, sərbəstfikirli olasınız. Fikirləriniz hər yerdə əsaslandırılmış şəkildə göstərilməlidir.  

Naxçıvan Qarnizonu tam orta məktəbin 5-ci sinif şagirdi Nur Süleyman: Bizim məktəbimiz digərlərindən fərqlənir. Çünki orada hərbçi övladları təhsil alır. Mən də hərbçi övladıyam. İnsan zirvəyə çətinlikləri dəf etmədən ucala bilmir. Hər bir peşənin, sahənin özünəxas çətinlikləri var. Zirvəyə gedən yolda qarşımıza çıxan çətinlikləri necə dəf etməliyik?

Səlahiyyətli nümayəndə: Hərbçi ailəsi olmaq şərəflidir. Bütün hərbçilərimiz bu gün cəmiyyətdə ən ali, elit təbəqədir. Biz onların hər birini özümüz, ailəmiz qədər çox istəməliyik. Çünki həyatda onlara bəxş olunan ən dəyərli varlığı – canını onlar Vətəni uğrunda hər an fəda etməyə hazır olan ailələrdir. Əlbəttə ki, hər bir insanın qarşısında çətinliklər olur, olmalıdır və olacaq da. Çətinliklər bizə həyatın hər üzünü göstərir, təcrübə qazanmağımızı təmin edir. Lakin çətinlikdən qorxmaq lazım deyil, onlarla mübarizə aparmaq lazımdır. Əgər siz çətinliklərdən yan keçsəniz, gələcəkdə həyatınızda ondan da ağır formada yenə qarşınıza çıxacaqlar. Ona görə də daha çox öyrənmək, təcrübə toplamaq lazımdır. Bundan sonra çətinliyi dəf etmək sizə asan gələcək. Böyük bir sərkərdənin “Təlim nə qədər ağır olsa, müharibə o qədər asan olur” fikri var. Həyat sizin üçün mübarizədir. Bu mübarizədə istər-istəməz çətinlikləriniz olacaq. Daha çox oxuyaraq, çalışaraq, müəllimlərinizi, valideynlərinizi və böyüklərinizi dinləyərək çətinliklərin öhdəsindən rahatlıqla gələ bilərsiniz.

Heydər Əliyev adına tam orta məktəbin 8-ci sinif şagirdi Rauf Heydərov: Siz bizim yaşlarımızda olarkən hansı peşəni sevmisiniz. Məsələn mən biznesmen olmaq istəyirəm. Mənə nə tövsiyə edərdiniz?

Səlahiyyətli nümayəndə: Əlbəttə bütün uşaqların arzuları var. Heç vaxt arzu etməkdən çəkinməyin. Mənim də arzularım olub, hərbçi olmaq istəyirdim. Lakin sonrakı illərdə diplomat olmaq qərarına gəldim. Buna baxmayaraq bu gün də hərbçilərimizlə çox sıx münasibətlərim var. Hərb sənəti mənə həmişə maraqlı olub. Böyük bir biznesə sahib olmaq üçün yaxşı məntiqi və riyazi bilikləriniz, eyni zamanda güclü təhlil qabiliyyətiniz olmalıdır. Qarşıya müxtəlif məsələləri qoyub, onun həlli yoluna çalışmaq lazımdır. Bunun üçün hər hansı bir sualın zəif və güclü tərəflərini, bununla yanaşı, hansı imkanların olduğunu öyrənməlisiniz. Uğurlu biznesin kökündə bu yatır: informasiya və cəsarət. Əgər siz düzgün məlumatlar əldə etsəniz və cəsarətli olsanız böyük biznesə sahib ola bilərsiniz. Lakin əvvəlcədən hansı biznesi quracaqsınız, onu dəqiqləşdirməlisiniz. Belə bir deyim var: istiqamətini bilməyən gəmiyə heç bir küləkdən xeyir gəlməz. Külək hara aparır-aparsın, sən istiqamətini bilməlisən. Ona görə də istiqaməti düzgün müəyyənləşdirsəniz və bazarı düzgün təhlil etsəniz uğurlu biznesə sahib ola bilərsiniz.

Şəhid Cəfər Cəfərovun qızı, Naxçıvan Qızlar Liseyinin 5-ci sinif şagirdi Zinyət Cəfərova: Bu vəzifəyə təyin olunandan sonra hansı işləri görmüsünüz?

Səlahiyyətli nümayəndə: Naxçıvan Muxtar Respublikasına vəzifəyə təyin olunduqdan sonra 9 mindən artıq ictimaiyyət üzvünün şikayət və ərizələrinə baxmışıq, qəbullar keçirmişik, onların problemlərini öyrənmişik. Muxtar respublikada hansı problemlər var, bunları dəqiq bilirik. Öyrəndiyimiz problemlərin hər biri təhlil olunub, nəticədə təkliflərimizi respublikanın ali rəhbərliyinə çatdırmışıq. Təkliflərimiz təsdiq olunduqdan sonra bu istiqamətdə işlər görməyə başlamışıq. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyətlərinin rəhbərləri, yəni Azərbaycan Respublikasında ayrı-ayrı nazirliklərin nazirləri, komitə rəhbərləri Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Həm də bu səfər yanvar ayından bu yana daimi xarakter daşıyır. İki gündən sonra biz Azərbaycan Respublikasının energetika nazirini və Dövlət Neft Şirkətinin rəhbərliyini, eyni zamanda xarici şirkət rəhbərlərini muxtar respublikada qonaq edəcəyik. Məqsədimiz ondan ibarətdir ki, bu səfərdə alternativ enerjilər üzrə Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyasının tikintisinə nail olaq. Həmçinin Naxçıvanda içməli və suvarma suyu ilə bağlı ciddi problemlər var. Çalışırıq ki, əlimizdə olan dayanıqlı su vasitələrindən istifadə edib, sudan əziyyət çəkən digər ərazilərimizdə su təminatını yaxşılaşdıraq. İş yerlərinin açılması üçün də çalışırıq. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə işlər aparır. Aqrar sahədə apardığımız işlərin yaxın günlərdə şahidi olacaqsınız. Bu yaxınlarda Naxçıvan şəhərində yeni abad evlər tikiləcək. Eləcə də müxtəlif infrastruktur layihələrimiz də olacaq ki, bütün bunların hər birində sizin töhfəniz olacaq. Fikirləşirəm ki, yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında çox gözəl layihələr icra olunacaq və siz həmin layihələrin hər birində mütəxəssis kimi aktiv iştirak edəcəksiniz.

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Vaqif İbrahimov: Biz Azərbaycan gəncləri nə etməliyik ki, ölkəmizin inkişafına daha çox töhfə verək?

Səlahiyyətli nümayəndə: Birincisi düzgün seçim etməlisiniz. Seçim edərkən böyükləriniz, valideynləriniz, müəllimlərinizlə məsləhətləşməlisiniz. Seçim etdikdən sonra bu sahədə əlavə ədəbiyyatlardan dərin biliklərə yiyələnməli, öyrənməlisiniz. Bu, vacib məsələdir. Heç zaman xəyal etməkdən çəkinməməlisiniz, yaradıcı olmalısınız. Ümumiyyətlə köhnə peşələrdə yenilikləri tapmaq məhz gəncliyin funksiyasıdır. Sizin zehniniz, bu gün əlinizdə olan imkanlar 20 il bundan öncəki gəncliklə müqayisədə ağılagəlməz səviyyədədir. Bu gün elektron tablet vasitəsilə dünyanın hər yerindən bilgilərə sahib ola, statistik rəqəmlər əldə edə bilərsiniz. Lakin 20 il bundan öncəki uşaqlar bundan məhrum idi. Texnologiya, elm sürətlə inkişaf edir və bütün bunlar sizin faydalanmağınız üçündür. Ötən ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsi üçün xüsusi sənəd imzalayıb. Azərbaycan gəncləri ölkəmizdən kənardakı təhsil müəssisələrində dövlət hesabına təhsil ala bilirlər. Bu kimi imkanlardan istifadə etməlisiniz.

Sədərək rayon 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Canan Abbaslı: Naxçıvanın gələcəyi haqqında nə düşünürsünüz? 

Səlahiyyətli nümayəndə: Naxçıvanın gələcəyi sizin kimi uşaqların öz işlərində nə qədər ciddi, məsuliyyətli addımlamağından asılıdır. Ölkə Prezidenti Azərbaycanın bölgələrini fərqləndirmədən işlər görür. Naxçıvan da Azərbaycan Respublikasının tərkibində inkişaf edir. Bu gün uzun illər ərzində düşmən qonşularımız tərəfindən işğal olunan torpaqlarımız qaytarılıb, Qarabağda repatriasiya başlayıb. Bu istiqamətdə sürətli iş aparılır. Naxçıvan Muxtar Respublikası da Azərbaycanın ən strateji ərazisidir. Azərbaycanın Avropaya çıxışı Naxçıvan üzərindəndir. Bu da Naxçıvanı xüsusilə stratejik bir vəziyyətə gətirib çıxarır. Ölkə Prezidentinin apardığı siyasət təkcə Naxçıvanı yox, eləcə də Azərbaycanı Avropanın strateji tərəfdaşı və Avropanın yaxın dostu, həmçinin dünyaya sülh tərəfdarı kimi tanıdıb. Naxçıvan Muxtar Respublikasının bu siyasətdə yeri əvəzolunmazdır. Biz alternativ enerji, dəhliz məsələləri ilə bağlı çox möhtəşəm və stratejik bir ərazidə yerləşirik. Bütün sənaye məhsullarının əksəriyyəti Çində istehsal olunur. Lakin bu məhsulların hər birinin Avropa bazarına çıxması lazımdır. Bunun üçün lazım olan yolların əksəriyyəti Azərbaycandan, dolayısı ilə Naxçıvandan keçir. Zəngəzur dəhlizi reallaşdığı təqdirdə Naxçıvan böyük logistika və nəqliyyat infrastrukturuna sahib olacaq. Bu, əlbəttə ki, maddi rifahın yüksəlməsinə təkan verəcək. Başqa stratejik məsələ bizim alternativ enerji resurslarımızdır. Naxçıvan Muxtar Respublikasında günün isti saatları çox olur ki, bu da faydalıdır. Çünki günəş radiasiyasından istifadə edib, günəş elektrik stansiyalarının tikintisini və elektrik enerjisinin əldə olunmasını qarşımıza hədəf qoymuşuq. Bütün bunlar xaricə satıldığında ölkəyə ciddi valyuta gətirəcək. Bu valyutalar sizin kimi uşaqların, gənclərin gələcəyi, təhsili, sağlam böyüməsi, rifahı üçün xərclənir. Bu, Prezident cənab İlham Əliyevin apardığı səlis və sərrast siyasətin nəticəsidir.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Səkinə Əliyeva: Mən birinci dərəcəli şəkər xəstəsiyəm. Lakin bu, mənim xəyallarımın önünə keçməyib. Ən böyük xəyalım hakim olmaq və Vətənimə, xalqıma ədalətli hakim kimi xidmət etməkdir. Bununla yanaşı, əl işləri düzəltmək, kitab oxumaq, rəsm çəkməyi xoşlayıram. Bunun üçün də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dərnəklərdə fəal iştirak edir, müxtəlif sərgilərdə əl işlərimi nümayiş etdirirəm. Bacım Tibb Universitetinə qəbul olmaq üçün hazırlaşır. O, mənə söz verib ki, mənim kimi müxtəlif xəstəlikləri olan uşaqların sağalması üçün əlindən gələni edəcək. Siz mənim kimi xəstə uşaqların sağalması üçün hansı addımları atırsınız?

Səlahiyyətli nümayəndə: Azərbaycan Respublikasında səhiyyə sahəsində çoxlu islahatlar həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında islahatların bu ildən etibarən icarsına başlanılacaq. Yaxın vaxtlarda bir Ailə Sağlamlıq Mərkəzi açılacaq ki, siz orada daimi olaraq nəzarətdə olasınız. Bundan sonra şəkər xəstələrini çalışırıq ki, dərman preparatları ilə pulsuz təmin edək. Düşünmə ki, bu xəstəlik sənə mane ola bilər. Bunu lehinə çevirməyi bacarmalısan. Ölkəmizdə, eləcə də dünyada bu istiqamətdə çoxlu araşdırmalar aparılır. Biz istəyirik ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi inkişaf etsin, onun araşdırma klinikasını quraq və orada daimi araşdırma aparılsın ki, sənin kimi narahatlığı olan insanların problemləri həll edilsin.   

Şəhid Etibar Cəfərovun qızı, Babək şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Zümrüd Cəfərova: Naxçıvan Muxtar Respublikasına təyin olunandan hər kəs sizi sevir. Bu uğurun səbəbi nədir?

Səlahiyyətli nümayəndə: Bu günə kimi dövlət orqanlarında çalışmamışam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət Naxçıvanda təzahür edir. Ona görə də əhali bu uğuru, bu siyasəti alqışlamaq üçün sevinir. Bu sevgi qarşılıqlıdır.  

Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Liseyin 8-ci sinif şagirdi Ceyhunə Əzimova: Muxtar respublikada voleybol, futbol və digər idman növlərində çox bacarıqlı uşaqlar var. Sadəcə onlar aztəminatlı olduqları üçün irəli gedə bilmirlər. Bununla bağlı hansı işlər görülür?

Səlahiyyətli nümayəndə: Naxçıvanda idmanın bütün sahələrinə maraq var: futbola, voleybola, basketbola. Muxtar respublika ərazisində idman infrastrukturları yaradılıb. Bunun təməli qoyuldu və fəaliyyət göstərir. Professional fəaliyyət göstərən "Araz-Naxçıvan" futbol klubu keçən müddətdə futbol federasiyalarının premiyer liqasında artıq uğur qazandı. Onlar öz zəhmətləri hesabına bunu əldə etdilər. Bununla bağlı dövlətin siyasəti ortadadır. Əgər Naxçıvanda belə güclü komanda ortaya çıxarsa dövlət daimi olaraq öz dəstəyini verməyə hazırdır. Bu gün Araz-Naxçıvan futbol klubuna, onun inkişafı üçün dövlət 3 milyondan çox vəsait ayırıb. Əlaəvə olaraq orta məktəblərdə idman infrastrukturunun yaxşılaşdırılması, gənc istedadların üzə çıxarılması üçün Gənclər və İdman Nazirliyinin strukturu da təkmilləşdirilir.  

Mətanət İsgəndərova və Yazgül Əsgərli Ulu Öndər Heydər Əliyevə və şəhid İman Alməmmədova həsr olunmuş şeirlər səsləndiriblər.

Sonra uşaqlar vaxtilə Ulu Öndər Heydər Əliyevin işlədiyi, ölkəmizin bugünkü inkişafına hesablanmış mühüm qərarlar qəbul etdiyi iş otağında olub, burada aralarından Aylin Oruczadəni səlahiyyətli nümayəndə seçiblər. O, təhsil sahəsində verdiyi qərarların icrası üçün təyin etdiyi nazirə tapşırıqlarını çatdırıb, Naxçıvan televiziyasına müsahibə verib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.  

Nəşr edilib : 01.06.2023 17:06