AZ EN RU

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

100 yaşlı Naxçıvan Muxtar Respublikasında uşaq hüquqları qorunur, onlara xüsusi həssaslıqla və qayğı ilə yanaşılır.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqları Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir”- deyən Ulu Öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ümummilli Liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digər sosial təsisatlar şəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.  

XX əsr Azərbaycançılıq məfkurəsinin yetişdirdiyi dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin praqmatik və məqsədyönlü siyasi ideologiyasının aparıcı xətti Azərbaycan uşaqlarının hərtərəfli, sağlam, intellektli, vətənpərvər və dünyagörüşlü bir şəxsiyyət kimi formalaşması olmuşdur. Məhz bu baxımdan Azərbaycan dövlət uşaq siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə də uşaqların hərtərəfli inkişafı, xüsusən də onların təhsilinin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Belə ki, hələ o dövrdə  təhsil sistemində ciddi islahatlar həyata keçirilmiş, 1972-1973-cü illərdə Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı qısa müddət ərzində 3 dəfə artmışdır. Bu, yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Ulu Öndər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində Azərbaycan uşaqlarının oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Hələ XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin vətənimizə qaydışı ilə uşaqlara qayğı yeni müstəvidə həyata keçirilmiş, onlara xüsusi məhəbbət göstərilmişdir. Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq” deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.

Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 19 may 1998-ci ildə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 22 iyun 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilmişdir. Bu hüquqi sənədlərdə uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən olunmuşdur. Bundan əlavə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul etmişdir.

Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.  

Əminliklə demək olar ki, bu gün Azərbaycanda uşaqların problemləri dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır, onların həllinə ciddi nəzarət olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların sosial ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır.

Uşaqların sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında Doğum Mərkəzinin bazasında Naxçıvan Muxtar Respublikasının Perinatal Mərkəzinin yaradılması deyilənlərin əyani təzahürüdür. Yeni-yeni tibb ocaqlarının tikilməsi və ya əsaslı təmir olunması, tibb müəsisələrinin ən müasir avadanlıqlarla təchiz edilməsi, ən ucqar kəndlərimizdə belə feldşer-mama məntəqələrinin tikilib, əhalinin istifadəsinə verilməsi dövlətimiz tərəfindən ana və uşaqların sağlamlıqlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilir, uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə müayinələr aparılır, uşaqlar dispanser nəzarətə götürülür. Həmçinin elektron sağlamlıq kartlarının verilməsi işi həyata keçirilir.

Muxtar respublikada şagird və tələbələrin bilik və bacarıqlarının artırılması, təhsil alaraq layiqli vətəndaş kimi formalaşması diqqətdə saxlanılmışdır. Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” nişana, 32-si fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə
88-i fərqlənmə attestatına layiq görülmüşdür. 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 3166 məzun bitirmiş, onlardan 2962-si, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 196-sı 500-700 intervalında bal toplamış, II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi göstərmişdir.

Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə də maraq xeyli artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında digər sahələr kimi, uşaqlarla bağlı məsələlərin, xüsusən də  təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da ölkəmizdə insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. 

Bundan əlavə muxtar respublikada uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafının, asudə vaxtının və estetik tərbiyəsinin təşkilini, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə müasir standarlara cavab verən körpələr evi-uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, musiqi, idman və şahmat məktəbləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və sair yaradılaraq uşaqların istifadəsinə verilmişdir.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin, Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbinin və s. aid müəssisələrin fəaliyyət göstərməsi muxtar respublikada həssas qrupdan olan uşaqların dövlətimiz tərəfindən qayğı ilə əhatə olunduğunun göstəricisidir.

Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada uşaq ədəbiyyatının inkişafı diqqətdə saxlanılmış və uşaqların asanlıqla qavraya biləcəyi kitablar nəşr edilmişdir.

Muxtar respublikada uşaqlar arasında idmanın təşkili, inkişafı, uşaqların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılmışdır. İdmanla məşğul olan uşaqlar, xüsusən də qızlar istər muxtar respublikada istərsədə muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmişlər. Azərbaycan birinciliyində, Azərbaycan çempionatlarında, beynəlxalq və açıq turnirlərdə yüksək nailiyyətlər əldə edirlər.

2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılması, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın geniş şəkildə fəaliyyəti muxtar respublikada uşaq hüquqlarının pozulması halının sıfır səviyyədə olmasına gətirib çıxarır. Komissiyalar tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda o cümlədən uşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da sevindirici haldır ki, son on ildən artıqdır ki, valideynləri tərəfindən atılmış uşaqlara rast gəlinmir. Eyni zamanda qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində ciddi addımlar atılır, uğurlu nəticələr əldə olunur və uşaqlarla bağlı geniş maarifləndirmə işləri aparılır.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların təhsilləri, sosial reabilitasiyaları, cəmiyyətə inteqrasiya olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən tədbirlərin nəticəsidir ki, yüzlərlə müvafiq uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar müəssisələrdə təhsil alır, istedadlı uşaqların əl işlərinin sərgi-satışları təşkil olunur. Əlamətdar və bayram günlərində də xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin qayğısından yararlanır, onlarla  görüşlər keçirilir, hədiyyələr, bayram sovqatı, ehtiyaclarına uyğun geyim dəstləri təqdim olunur, ekskursiyalar təşkil olunur, hüquqlarının qorunması məqsədilə seminarlar, iclaslar  keçirilir. 

Komitə tərəfindən sanitar–gigiyenik norma və qaydaları təbliğ etmək məqsədilə muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar–gigiyenik vəziyyətə məsul şəxslər üçün seminarlar təşkil edilir, onlara müvafiq sahə ilə bağlı hazırlanmış broşürlər və təbliğat materialları paylanılır.

Əlbəttə ki, dövlətimiz tərəfindən həyata keçirilən bütün tədbirlər gələcəyimiz olan uşaqların təhsilli, dünyagörüşlü, sağlam və vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir. Bir sözlə, muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumiyyətlə bütün kateqoriyadan olan uşaqlar dövlətin qayğısı ilə əhatə olunur.

 Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət uşaq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uşaq hüquqlarının qorunması ilə əlaqədar fəaliyyətini daha da çoxşaxəli və məqsədyönlü prinsiplər əsasında qurmağa çalışacaqdır.  

 

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidmət

Nəşr edilib : 01.06.2024 09:47