AZ EN RU

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” qeyd olunub

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Ordubad Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirib.

Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq təşkilatların əməkdaşları, 2022-2023-cü tədris ilində Ordubad rayonu üzrə fərqlənən şagird və müəllimləri iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”nün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, muxtar respublikada uğurla həyata keçirilən dövlət uşaq siyasətindən, uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan ətraflı danışıblar. Qeyd ediblər ki, ölkəmizdə uşaq problemləri hər zaman diqqət mərkəzində saxlanılılıb. Ulu öndər Heydər Əliyev uşaqların qayğısına dövlət siyasətinin əsas sahələrindən biri kimi baxırdı. Bu siyasət respublikamızda indi də davam etdirilməkdədir. Vurğulanıb ki, uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılıb və onların cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi dövlət tərəfindən daim diqqətdə saxlanılır.

Daha sonra Ordubad rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan İbrahim İsmayılov yaxşı təhsil almaları, sağlamlıqlarının qorunması, asudə vaxtlarının da səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi, uşaqların idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanmasının da diqqət mərkəzində saxlanılmasının dövlətin uşaqlara göstərdiyi diqqət və qayğısının təcəssümü olduğunu qeyd edib və öz adından, eləcə də bütün şagirdlər adından minnətdarlığını bildirib.

Tədbirdə Ordubad rayonu üzrə 2022-2023-cü tədris ilində müxtəlif sahələrdə nailiyyət qazanmış uşaqlara, eyni zamanda şəhid ailələrinin uşaqlarına təşkilatçılar tərəfindən hədiyyə və fəxri fərman təqdim edilib.

Tədbirdə Ordubad rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi və tam orta məktəblərin şagirdlərinin, eləcə də körpələr evi uşaq bağçasının balaca fidanlarının ifasında Ulu Öndərə həsr edilmiş şeir, mahnı, eləcə də rəqs nömrələri nümayiş olunub.

Sonda Ordubad Rayon Mədəniyyət Sarayının foyesində istedadlı uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 30.05.2023 17:21