AZ EN RU

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbirlər olub

    1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi muxtar respublikanın rayonlarında rayon İcra hakimiyyətləri ilə birgə tədbirlər keçirmişdir. Tədbirlərdə muxtar respublikada aparılan dövlət uşaq siyasətinin uğurlarından ətraflı bəhs olunmuşdur. Qeyd edilmişdir ki, göstərilən qayğının nəticəsi olaraq 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1621-i ali təhsil müəssisələrinə, 342-si orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Hazır­da ölkədaxili və ölkədənkənar bilik yarışlarının qalibi olmuş uşaqların sayı ildən-ilə artır, Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları qeyd edilmiş uşaqların sayı isə 15 olmuşdur ki, həmin uşaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aylıq təqaüdünə layiq görülmüşlər.

    Diqqətə çatdırılmışdır ki, muxtar respublikada uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da nəzarətdə saxlanılmışdır. Dövlət uşaq siyasətinin nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən müvafiq uşaq müəssisələrində atılmış uşaq, həmçinin 18 yaşadək olan yeniyetmələr tərəfindən hüquq pozan və cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur. Digər müsbət göstərici isə muxtar respublikada uşaq əməyindən istifadə hallarının qeydə alınmamasıdır.

    Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirmiş və əlamətdar gün münasibətilə uşaqları təbrik etmişlər.

    Rayonlar üzrə 2021-2022-ci tədris ilində müxtəlif sahələrdə nailiyyətlər qazanan uşaqlar təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.
    Tədbirlər uşaq musiqi kollektivlərinin hazırladıqları bədii hissə ilə davam etmiş, istedadlı uşaqların əl işlərinin sərgilərə baxış olmuşdur.

*   *   * 

    1 iyun – Beynəlxalq Uşaqları müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, təhsil naziri Rəhman Məmmədov, səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları əlamətdar gün münasibətilə təbrik etmişlər. Bildirmişlər ki, muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. 
    Sonra Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
    Tədbirdə mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak etmişdir. 
    Sonra uşaqlara hədiyyələr təqdim olunmuşdur.
    Tədbirin bədii hissəsində uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir. 

*   *   *

    Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından danışıb.
    Qeyd olunub ki, uğurlu təhsil islahatlarının və həyata keçirilən tədbirlərin nəticəsidir ki, ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqları inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Ordubad və Culfa rayonlarının məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılıb, dərnəklər zəruri avadanlıqlarla təchiz edilib. Hazırda Babək və Şahbuz rayonlarının məktəbdənkənar təhsil müəssisələrində də bu sahədə işlər davam etdirilməkdədir. Sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə və təhsilə inteqrasiyası diqqətdə saxlanılıb, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində Distant Tədris Mərkəzi yaradılıb, inklüziv təhsilin əhatə dairəsi genişlənib. 
    Təhsil naziri muxtar respublikada uşaqlara göstərdiyi diqqət və qayğıya, onların təhsili üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, balaca fidanları Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib.
    Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən körpələr evi, uşaq bağçalarında təlim-tərbiyə alan uşaqların ifasında şeir, rəqs, musiqi nömrələri səsləndirilib. Balaca fidanların ulu öndər Heydər Əliyevə, Vətənə aid şeirləri, “Xarıbülbül”, “Dostluq himni”, “O Naxçıvandır”, “Azərbaycan” və digər mahnı, rəqs nümunələri iştirakçılarda xoş ovqat yaradıb, alqışlarla qarşılanıb.
    Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

 *   *   *

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hemofiliya, talassemiya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. 
    Aksiyada müvafiq təşkilatların əməkdaşları qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksion xəstəliklərə qarşı yoxlamalar aparılıb. Ümumilikdə, 23 nəfərdən 11,5 litr qan toplanaraq xəstəxananın qan bankına təhvil verilmişdir. Aksiyanın keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.05.2022 20:37