AZ EN RU

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilmişdir

    “1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirilmişdir. 
    Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva çıxış edərək 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs etmiş, muxtar respublikada uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan ətraflı danışmışdır.
    Bildirmişdir ki, ölkəmizdə uşaq problemləri hər zaman diqqət mərkəzində saxlanılmışdır. Ulu öndər Heydər Əliyev uşaqların qayğısına dövlət siyasətinin əsas sahələrindən biri kimi baxırdı. Bu siyasət respublikamızda indi də davam etdirilməkdədir.
    Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. 
    Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin ictimai–mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının Qızıl kitabı”nın yaradılması və onlara xüsusi təqaüdlərin təsis edilməsi uşaqlara göstərilən qayğının bariz nümunəsidir.

    İcra başçısı Sədərək rayonunda uşaqlara göstərilən dövlət dəstəyi haqqında ətraflı bəhs edərək bildirmişdir ki, Sədərək Rayon İcra Hakimiyyətində mövcud olan Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə yaradılmış komissiyası və İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyası öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışaraq uşaqların sağlam və hərtərəfli böyüməsi üçün lazımi tədbirlər həyata keçirməyə çalışmışlar.
    Son illər xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası da diqqət mərkəzində saxlanılır.  Hazırda rayonda 118 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatda durur. Onlardan 5 nəfəri müalicə olunmaq üçün Naxçıvan Uşaq Bərpa Mərkəzinə göndərilmişdir. Novruz bayramı ərəfəsində onların məxsus olduğu ailələrin bir çoxuna baş çəkilmiş, onlara bayram sovqatları paylanılmışdır.
    M.Adnayeva məlumat vermişdir ki, rayon məktəbliləri mədəniyyət, incəsənət, elm, idman və digər sahələr üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların iştirakçısı olmuş, uğurlu nəticələr əldə etmişlər.
    Bundan başqa Şərur rayonunda keçirilmiş “İstedadlar Səhnəsi” adlı yaradıcılıq müsabiqəsində 6 sağlamlıq imkanları məhdud uşaq iştirak etmiş, onlardan 1 nəfəri fərqlənmə dərəcəsi almış, digər iştirakçılara isə diplomlar təqdim olunmuşdur. May ayının 13-də isə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirində Sədərək rayonundan 2 nəfər sağlamlıq imkanları məhdud uşaq iştirak etmiş və hər ikisinə qiymətli hədiyyələr və diplom verilmişdir. 1 uşaq distant təhsilə cəlb edilmişdir. 2021/2022-ci tədris ilində Sədərək rayon ümumtəhsil məktəblərində, ümumilikdə, 53 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Təhsil alan şagirdlərin 5 nəfəri uşaq yaradıcılıq mərkəzinə, 1 nəfəri idman məktəbinə, 4 nəfəri isə uşaq musiqi məktəbinə cəlb edilmişdir.
    Həmçinin, Sədərək rayonunun məktəbliləri bir sıra müsabiqə və yarışlarda iştirak edərək, həmin tədbirlərdə yer tutmuşlar. “Milli musiqi və rəqs” müsabiqəsində Sədərək Rayon Uşaq Musiqi məktəbinin yallı kollektivi 1-ci yerə layiq görülmüşdür.
    16-17 aprel 2022-ci il tarixlərində Göygöl rayonunda keçirilən Kross qaçış üzrə ölkə yaz çempionatında 2 uşaq qızıl və bürünc medalın qalibi olmuşdur. 20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçirilən 12-ci Avropa Şotokan Çempionatında iki uşaq qızıl medal qazanmışdır.
    Bildirilmişdir ki, Sədərək rayonunda da uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin ictimai–mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir.
    Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Ulu öndərin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılmış, ölkəmiz uşaqlarla bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur. Hazırda dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Komitə sədri məlumat vermişdir ki, muxtar respublikada uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, hazırda muxtar respublika əhalisinin 165 min 740 nəfəri və ya 36 faizi uşaqlardır ki, onlarında 55-i şəhid, 65-i hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1909-u sağlamlıq imkanları məhdud uşaqdır.
    Muxtar respublikada uşaqların yaxşı təhsil almaları, sağlamlıqlarının qorunması, asudə vaxtlarının da səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi, uşaqların idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması da diqqət mərkəzində saxlanılır. R.Seyidova qeyd etmişdir ki, muxtar respublikada 26 minə yaxın uşaq idmanla məşğul olur, onlar idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalibi adını qazanırlar.
    Komitə sədri bildirmişdir ki, hazırda ölkədaxili və ölkədənkənar bilik yarışlarının qalibi olmuş uşaqların sayı ildən ilə artır, “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının Qızıl kitabı”na adları qeyd edilmiş uşaqların sayı isə 15 olmuşdur ki, həmin uşaqlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aylıq təqaüdünə layiq görülmüşlər.
    Muxtar respublikda uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində ötən il və cari ilin müvafiq dövründə 40 uşaq müəssisəsində monitorinqlər aparılmışdır. Bundan əlavə, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, indiyədək 38 minə yaxın uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da nəzarətdə saxlanılmış, 2021-2022-ci tədris ilində 54 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə cəlb olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilir, yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir, rəsm və əl işlərindən ibarət sərgi və sərgi-satışları təşkil edilir, həmçinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Ötən il və cari ilin müvafiq dövrü ərzində 437 uşağa hədiyyə və sovqat verilmişdir.
    R.Seyidova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 09 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışarkən məlumat vermişdir ki, uşaqların sağlamlıq hüquqları da qorunur. Görülən işlərin nəticəsidir ki, ildən-ilə sağlamlıq imkanları məhdud olan uşaqların sayı azalmış, uşaqlar arasında yayılan infeksion xəstəliklər və uşaq ölümü halları minimuma endirilmişdir.
    Muxtar respublikada aparılan uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən müvafiq uşaq müəssisələrində atılmış uşaq, həmçinin 18 yaşadək olan yeniyetmələr tərəfindən hüquq pozan və cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur. Digər müsbət göstərici isə muxtar respublikada uşaq əməyindən istifadə hallarının qeydə alınmamasıdır.
    Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlıqlarını bildirmışlər və əlamətdar gün münasibəti ilə uşaqları təbrik etmişlər.
    Sədərək rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Sədərək rayon 1№-li tam orta məktəbin şagirdi Aytən Ələkbərova uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq etmişdir.
    Sonra tədbirdə Sədərək rayonu üzrə 2021-2022-ci tədris ilində müxtəlif sahələrdə nailiyyətlər qazanan uşaqlar təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.
    Tədbirin bədii hissəsi ilə davam etmiş, sonda Sədərək Rayon Mədəniyyət Sarayının foyesində istedadlı uşaqların əl işlərinin sərgisinə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.05.2022 18:29