AZ EN RU

Zaminlik və zaminin məsuliyyəti

Mütəxəssis sözü

      İnsanlar ehtiyac duyduqlarını əldə etmək üçün ilk olaraq pul vəsaiti barədə düşünüblər. Ona görə də bir-birlərindən lap qədim dövrlərdə belə, borc almaqla öz istəklərini həyata keçirirdilər. Borcverən və borcalan arasında baş tutan bu əqdlər şifahi və ya yazılı formalarda, gətirilən şahidlərin iştirakı ilə bağlanırdı. Borcverən verdiyi borcu ya təmənnasız verir, ya da əsas borcdan əlavə haqq alacağını borc götürənə bildirirdi. Borcverən ilə borclu arasındakı mübahisələr şahidlərin iştirakı ilə yerli əhali arasında təşəkkül tapmış adət hüququ əsasında öz həllini tapırdı. Əlbəttə ki, qədim zamanlarda da şahid olmadan borcverən və borcalan arasında əqdlərin bağlanması halları da mümkünsüz deyildi. 

    Qədim insanlar arasında təşəkkül tapmış borcla bağlı əqdlərin formaları və onların tərəfləri bu gün istifadə olunan, müasir hüquq sistemlərində öz əksini tapan bank, kredit, müqavilə, borclu və zamin kimi anlayışların təməl daşları rolunu oynamaqdadır. Ona görə də bu yazımızda zaminlik anlayışı barədə oxuculara bəzi vacib məlumatları çatdırmaq istəyirik. 
    Qədim dövrlərdən fərqli olaraq müasir dünyada sivilizasiyaların qaynayıb-qarışması, hüquq sistemlərinin qarşılıqlı sintezi nəticəsində bəzi sahələrdə vahid hüquq təfəkkürünün və anlayışlarının yaranmasına gətirib çıxarıb. Məhz bu sahələrin başında gələn bank sektoru hamılıqla qəbul edilmiş prinsip və normalarla fəaliyyət göstərir. Qədimdən fərqli olaraq bu gün insanlar ehtiyac duyduqları vəsaiti bir-birlərindən deyil, bu işlə peşəkar məşğul olan banklardan müəyyən olunmuş faizlərlə ala bilirlər. Müasir hüquqda öz əksini tapan kreditor, borclu, zamin və sair anlayışlar funksional olaraq heç də qədim dövrdəkindən fərqlənmir. Əsas fərq dövlətlər tərəfindən vətəndaşların hüquq və vəzifələrinin normalarla tənzimlənməsi, insanlar arasında yaranan mübahisənin və vəhdətin adət normaları ilə deyil, hamılıqla qəbul edilən sivil qanunvericilik aktları ilə məhkəmələrdə həll olunmasıdır. Bu mübahisələrin həllinin effektivliyini artırmaq və yaranmış mübahisənin tez bir zamanda öz həllini tapmasını təmin etmək məqsədilə borc­alan və kreditor arasında müqavilələr bağlanmaqdadır, həmçinin bu müqavilələr məhkəmədə kreditorun (bankın) borcalan qarşısında haqlı mövqedə çıxış etməsinə xidmət edir. 
    Unutmamalıyıq ki, götürdüyümüz krediti ödəməməmiz üçün gətirdiyimiz əsaslar məhkəmədə bizi haqlı mövqeyə gətirib çıxarmaz, hətta arzuolunmaz müştəri kimi nəinki həmin bankdan, habelə digər banklardan belə, kredit götürməyimiz çətinləşər və ya mümkün olmaz. Ona görə də kredit götürməmişdən öncə gözlənilməz çıxarlarımızı proqnozlaşdırmamızda fayda vardır. 
    Borcalan ilə bank arasında bağlanan müqavilə ilə yanaşı, zaminlik müqaviləsi də bağlanır, bu isə bankın borcalan qarşısında riskini minimuma endirməyə xidmət göstərir. 
    Bəs zamin kimdir və nə kimi məsuliyyətləri müəyyən edilir?
    Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi ilə zamin digər şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən şəxsdir. Sadə formada desək, zamin bank qarşısında borclunun təminatçısı kimi çıxış edir. Bununla da bank olası riskləri qabaqlayaraq gələcəkdə borclu ilə kreditor arasında yaranacaq problemlərin tez bir zamanda həllini tapması üçün zaminin məsuliyyət mexanizmini zaminlik müqaviləsi ilə müəyyən edir. Məsuliyyət məsələsinə gəldikdə isə mülki hüquq zaminin məsuliyyətinin iki formasını müəyyən edir. 
    Bunlar subsidiar (ehtiyat) məsuliyyət və solidar (birgə) məsuliyyət olmaqla, iki yerə ayrılır. 
    Zaminin subsidiar məsuliyyəti ehtiyat məsuliyyət anlamına gəlməklə borcalanın öz öhdəliklə­rini icra etmədiyi və ya lazımi şəkildə icra etmədiyi hallarda bankın bütün mümkün olan vasitələrdən istifadə etməklə öhdəliyin icrasının borcalana yönəldilməsindən sonra nəticə əldə edilmədiyi təqdirdə yaranır, yəni bank götürülən kredit məbləğinin qaytarılması üçün tələblər irəli sürür, bu tələblər nəticəsiz qaldığı təqdirdə zaminin subsidiar məsuliyyəti yaranır və bank ödənişin icra edilməsini zaminə yönəldir. Bir növ, zamin özü kredit götürmüş kimi öhdəlik daşımağa başlayır. Dediyimiz kimi, bu yalnız borcalan tərəfindən bankdan götürülən məbləğin heç bir halda alına bilmədiyi hallarda mümkün olur.
    Solidar (birgə) məsuliyyət isə zaminin üzərinə tamam fərqli məsuliyyət qoyur. Belə ki, Azərbaycanda kommersiya bankları zaminlə bağlanan müqavilələrdə üstünlük verdiyi məsuliyyət növü məhz elə solidar məsuliyyət, yəni birgə məsuliyyət növüdür. Subsidiar məsuliyyətdə dediyimizdən fərqli olaraq bank solidar (birgə) məsuliyyət daşıyan zaminə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi durumunda bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna malikdir. Adından da göründüyü kimi, solidar, yəni birgə məsuliyyət borcalanın və zaminin kreditor qarşısında öhdəliyin icra edilməməsi halında birlikdə məsuliyyət daşımasını ehtiva edir. Nəticədə, kredit götürən borcunu ödəmədikdə bu borcun ödənilməsini zamindən tələb edə bilər. Bank üçün dəyişən heç nə yoxdur, borcalan ödəmirsə, zamin ödəməlidir. Artıq onlar bankla bağlanan müqavilədə borcun ödənilməməsi halında yaranacaq məsuliyyəti bölüşdüklərini yazılı şəkildə ifadə ediblər. Ödəyəcəyiniz məbləğin təkcə əsas borcla məhdudlaşmayacağını da bilməlisiniz. Belə ki, hesablanmış faizlər, cərimələr, məhkəmə xərcləri və sair kreditora dəymiş hər hansı zərər belə, sizdən tutula bilər. Birinə zamin durmamışdan əvvəl sizin də kredit verən bank qarşısında məsuliyyətinizin olduğunu dərk etməlisiniz. Ona görə də yaxşı bələd olduğunuz şəxsə durmalı, maddi vəziyyətinin öhdəliyin icrasına yetəcəyindən tam əmin olmalısınız. Kredit götürən şəxsin götürəcəyi məbləği hara sərf edəcəyini bilməlisiniz, müqaviləni imzalamamışdan öncə mütləq zaminlik müqaviləsi ilə tanış olmalı və müqavilədə ayrı qaydaların nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməlisiniz.

Nahid ƏLİYEV
Azərbaycan Respublikası Mərkəzi Bankının
 Naxçıvan Muxtar Respublikası 
İdarəsinin hüquqşünası

Nəşr edilib : 25.04.2022 19:08